Dərc edilib: 31-08-2020

https://www.nuh.az/25675-.html

Gürcü qızını Qarabağa silah daşınması ilə bağlı öldürüblər ŞOK

31.08.2020 16:10:21

Kriminal

İyulun 18-də naməlum şəraitdə ölən Tbilisi sakini, 23 yaşlı Tamar Baçaliaşvilinin ailəsinin açıqlamaları Gürcüstanda qalmaqala səbəb olub.


“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mərhumun ailəsi qızlarının ölümünün qanunsuz beynəlxalq silah ticarəti ilə əlaqəli olduğunu iddia edib.

Gürcüstanın İT şirkətlərinin birində çalışan Tamar Baçaliaşvili iyulun 18-də səhər saatlarında şəxsi avtomobilində evdən çıxıb və bir daha geri qayıtmayıb. İyulun 23-ü qızın cəsədi Tbilisidən 65 kilometr aralıda, Tetritskaro rayonunda avtomobilinin arxa oturacağında tapılıb. İş üzrə istintaq ay yarımdır ki, davam edir. Əsas versiya kimi intihar göstərilir.

 

Lakin mərhumun ailəsi bu versiya ilə qətiyyən razılaşmır. Ötən gün onlar Gürcüstan Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın əsas tələbi “intihara sövq etmə” maddəsinin “qəsdən adam öldürmə” maddəsi ilə əvəzlənməsidir. Bununla yanaşı, ailə Tamarın avtomobilinin tapılmasından dörd gün əvvəl harada olduğunu müəyyənləşdirmək üçün peyk görüntülərinin yayımlanmasını tələb edir.

Avqustun əvvəllərində ölkənin yerli KİV-i Tamarın ölümündən bir müddət əvvəl üç yüksək vəzifəli Gürcüstan məmuru ilə əlaqəli gizli sənədləri deşifrə etdiyini bildirmişdi. Bundan sonra qızın təhdid mesajları almağa başladığı iddia edilir.

Son bir ayda Baçaliaşvilinin valideynləri Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya müraciət edərək istintaqdan bu şəxslərin adlarının verilməsini tələb edib. Tamarın anası Teona Tamazaşvili sözügedən üç məmurun Qarabağ münaqişəsi zonasına silah tədarükü ilə məşğul olduğunu bildirib.

 

 

“Mən Azərbaycan və Türkiyə səlahiyyətlilərindən bununla maraqlanmağa və Gürcüstan hökumətindən bu üç yüksək vəzifəli şəxslə əlaqəli sənədləri tələb etməyə çağırıram. Qızım təsadüfən onları açıb, Qarabağ zonasına silah tədarük sxemini ortaya çıxarıb. Silah alveri üçün qızımın hesabına müxtəlif şirkətlərdən milyonlarla vəsait köçürülüb. Bu səbəbdən də mənim övladımın yoxa çıxmasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əli olub”,- deyə mərhumun anası iddia edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib