Dərc edilib: 31-08-2020

http://www.nuh.az/25679-.html

Zakir Fərəcovun borclu olduğu sahibkarların önünə çıxardığı “triosu” çat verib

31.08.2020 18:31:57

Reportaj

Ölkədə baş verən ciddi dəyişiklilklər Sumqayıtın icra başçısı Zakir Fərəcov və onun komandasını da narahat etməyə başlayıb. Xüsusilə də icra başçılarına qarşı keçirilən anti-korrupsiya tədbirləri uzun müddət fəaliyyətdə olan icra başçıları ilə bağlı olan narazılıqları qabarıq biruzə verə bilib. Artıq vətəndaşlar heç kimdən çəkinmədən öz problemlərini yuxarı instansiyalara şikayət formasında çatdırır, hətta əksər hallarda məmurlardan olan narazılıqlarını medaia vasitəsilə də işıqlandırırlar. Uzun müddətdir ki, bir qrup iş adamının Zakir Fərəcovdan Sumqayıtın abadlaşması üçün gördükləri işin müqabilində onlara çatacaq pulları ala bilmədiyi ilə bağlı mediada çeşidli məlumatlar tirajlanır. Həmin xəbərləri oxuyanda adamı təəccüb bürüyür. Düşünürsən ki, bir məmur bu qədər qanun pozuntusunu necə edə bilər? Artıq vəziyyət o həddə çatıb ki, Zakir Fərəcovun yaxın adamları belə ona iş adamları ilə məsələni həll etməyi tələb edir. Qeyd edək ki, Zakir Fərəcov sahibkarlarla özü arasında yaranan qalmaqalda öz “triosu” sayılan adamaları önə verib, problemin həlli ilə onların məşğul olmasını istəyir.


Məsələn, bu prosedən ümumiyyətlə məlumatı olmayan müavini Sahib Quliyevi vadar edir ki, sahibkarların etdikləri şikayətlərlə bağlı rəsmi qurumlara həqiqəti əks etdirməyən məlumatlar versin. Bir müddət əvvəl həmin müavinin imzası ilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova və digər rəsmi qurumlara rəsmi məktub vasitəsilə cavab verilib. Sahibkarlar sonra etdikləri şikayətdə bu qənaətə gəliblər ki, Zakir Fərəcov etdiyi qanunsuzluqları tabeçiliyində olan məmurlara təzyiq etməklə onların belinə yükləmək istəyir. Bir sözlə, məlumatı olmayan adamları belə öz əməllərinə və qanunsuz olaraq mənimsədiyi pullara şərik etməyi hədəfləyir. Zakir Fərəcovun narazı sahibkarların önünə çıxardığı “trio”nun digər üzvü öz doğma bacısıoğludur.
Narazı sahibkarların mediaya verdikləri məlumatlarda o da bildirilir ki, Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı bir müddət əvvəl Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edibmiş. Sitat: “Zakir Fərəcov hara gedirsə, bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə həmin bu bicoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir? Çox xahiş edirik, bizim düşdüyümüz acınacaqlı durumu ölkə rəhbərliyinə çatdırasınız”.
Məlum olur ki, bu işdə Zalir Fərəcova yaxından dəstək verənlərdən biri də, Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatovdur. Bu adam haqqını tələb edən sahibkarlaı həbslə hədələyir. Zakir Fərəcov və baş memar güya sahibkarların pulunu verdikləri barədə yuxarılara saxta hesabatlar verirlər. İş burasındadır ki, özlərini haqlı çıxarmaq üçün bu cütlük bir dəfə həmin abadlıq işlərinin əsas icraçısı olan bir iş adamını məhbəsə saldıra bilib. Bunu əllərində digər sahibkarlara xox gəlmək üçün bir vasitəyə çeviriblər. Deməli, Zakir Fərəcov şəhərdəki abadlıq işlərini ölkə başçısına təhvil verəndən sonra, işin başında duran adamın həbsinə nail olub. Bütün bunlar onu deməyə əsas verir ki, daha çox pul mənimsəmək üçün, Sumqayıt İcra Hakimiyyəti istənilən qanunsuzluqlara gedib.
Sahibkarların durmadan şikayət etmələri yuxarıda adlarını qeyd etdiyimiz “trio”nu ciddi narhat edib. Əldə etdiyimiz məlumata görə, müavin Sahib Quliyev Zakir Fərəcova narazılığını ifadə edib və bildirib ki, bir daha belə məktublara imza etməyəcək. İcra başçısının bacısoğlu isə başçıya ölkədə baş verən hadisələrdən dərs götürməyə tövsiyyə edib. Hətta deyib ki, sahibkarlarla problem öz həllini tapmasa, gec tez onların hamısını həbs edəcəklər.
Bu işdə Zakir Fərəcova misilsiz “ayı xidməti” göstərən baş memardı. O, qorxusundan icra başçısına narazılığını üzdə ifadə etmir, ancaq dalda danışır. Çünki bilir ki, edilən bütün qanusuzluqlarda onun şəxsi imzası var. Əsasən də son vaxtlar İcra Hakimiyyəti tərəfindən verilən çoxlu sayda saxta “forma 2”lərin ortaya çıxması baş memarı və başçının bacısı oğlunu əməlli başlı silkələyib. Bir sözlə, Zakir Fərəcovun saxtakarlığa sipər etdiyi “trio”su çat verməyə başlayıb.
Artıq bir neçə gündür ki, ölkə gündəmini Prezident və ölkənin rəhbərliyinə qarşı təşkil edilən məmur sabotajı ilə bağlı mövzu zəbt edib. Söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının indiki prezidenti Ramiz Mehdiyevin pandemiya dönəminin tələblərinə məhəl qoymadan, öz nəvəsinə etdiyi toydan gedir. Məsələ burasındadır ki, Ramiz Mehdiyev bu sabotaj əməlini tək yox, başına topladığı bir qrup sabiq və hazırda vəzifə başında olan məmurlar, deputatlarla edib. Təəssüflə qeyd etməliyik ki, bundan nəticə çıxarmayan, öz əməllərini davam etdrən məmurlar, xüsusilə də icra başçıları az deyil. Hələ bu qalmaqalın sədası çəkilməmiş, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov restoranların birində geniş ziyafət təşkil etdi. Zakir Fərəcovun da iş adamlarına olan borcunu ödəməməsi, çoxlu sayda sahibkarı hökumət qurumlarından narazı salması sabotajdan başqa nəsə deyil.

Bizi bu məsələ ilə bağlı təəccübləndirən hal, hələ də sahibkarların şikayətlərinə əncam çəkilməməsidir. Axı ölkə başçısı dəfələrlə çıxışlarında məmurlara xalqın xidmətçisi olmağa və ən əsası isə qudurmamağı tapşırıb. Bununla yanaşı, Prezident bütün çıxışlarında məmurlara sahibkarları incitməməyi, onların fəaliyyətinə şərait yaratmağı tapşırıb. Zakir Fərəcov ölkə rəhbərliyinin tapşırıqlarına bu şəkildəmi əməl edir? Əgər haqlıdırsa, niyə bir dəfə öz nümayəndəsini göndərib, KİV-lərdə həmin borclu sahibkarlarla debatda iştirak etmir ki, xalq kimin haqlı olduğuna özü qiymət versin. Mediada Zakir Fərəcovun daima yüksək çinli məmurların adından istifadə etdiyinə və onun arxasının bərk olduğu ilə bağlı təsəvvür yaratmaqda mahir olması ilə əlaqələi də çoxlu materiallar tirajlanır. Ancaq bizim əldə etdiyimiz məlumatlara görə, Zakir Fərəcovun əsas himayədarları artıq vəzifə başında yoxdur, onun hazırda bu istiqamətdə etdikləri imitasiyadan başqa nəsə deyil. Bildirilir ki, onun qoruyucu mələkləri qismində indiyə qədər Ramiz Mehdiyev və Əli Həsənov çıxış ediblər. Təsadüfi deyil ki, Əli Həsənovun medianı kurasiya etdiyi dönəmdə, Zakir Fərəcovla bağlı bütün tənqidi materiallar saytlardan bir zəng vasitəsilə sildirilirdi. Şikayətçi iş adamları bildirir ki, istənilən halda, sahibkarlar bu ölkənin iqtisadiyyatını inkişaf etdirən zümrədir. Hansısa bir məmurun öz cibini doldurması iştahı ilə 100-lərlə sahibkarın hüququnu bu şəkildə tapdaması olduqca acınacaqlı və arzuedilməzdir. Ümidvarıq ki, ölkədə aparılan anti-korrupsiya tədbirləri bu mövzudan da yan keçməyəcək. (Xeberal.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib