Dərc edilib: 01-09-2020

https://www.nuh.az/25692-.html

“Ramiz Mehdiyev toyda başda oturub, ona görə də, özü yıxılan ağlamaz” – Elman Nəsirov

01.09.2020 14:38:46

Müsahibə

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasinin katibi, deputat Elman Nəsirov Yenisabah.az-ın suallarını cavablandırır.

 

- Elman müəllim, Yeni Azərbaycan Partiyasında dəyişikliklərin edilməsi gündəmə gəlib. Sizin də bu barədə çıxışlarınız olub. Hakim partiyada hansı dəyişiklərin edilməsini zəruri sayırsınız?


- Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş miqyaslı islahatlar həyata keçirilir. Elə bir sahə yoxdur ki, islahatlar onu əhatə etməsin. Ona görə də ayrı-ayrı KİV-lərdə, eyni zamanda sosial şəbəkələrdə belə suallarla üzləşirik ki, bəs YAP-da köklü islahatlar nə zaman olacaq? 

Qeyd edim ki, partiyanın sədri Prezident İlham Əliyev YAP-ın təkmilləşdirilməsinin tərəfdarıdır. O, bununla bağlı açıq şəkildə mövqeyini ifadə edib. Səhv etmirəmsə, o, bu məsələyə Baş nazirin keçmiş müavini Əli Həsənovu qəbul edərkən də toxunmuşdu. Bilirsiniz ki, Əli Həsənov partiyada sədr müavini postunu tutur. Prezident onunla söhbətində vurğuladı ki, hakim partiyada islahatların həyata keçirilməsi aktual məsələdir. 

Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, YAP ümumiyyətlə islahatlara açıq təşkilatdır. Hakim partiyada hər zaman dəyişikliklər olub. Gənc kadrlar partiya idarəçiliyinə cəlb edilib və s. Sadəcə bu dəyişikliklər, islahatlar reklam olunmayıb. Ancaq ölkədə bütün sahələrdə köklü islahatlar həyata keçirildiyindən belə fikirlər səsləndirilir ki, hakim partiyada da dəyişikliklərin keyfiyyətcə yeni mərhələsinə keçid edilməlidir. Xüsusilə də pariyanın İdarə Heyəti və Siyasi Şurasının tərkibinin yeniləınməsi ilə bağlı vaxtaşırı mətbuatda fikirlər səsləndirilir. 

Hesab edirəm ki, bu fikirlərin obyektiv əsasları var. Çünki elə bir sahə yoxdur ki, dəyişikliyə məruz qalmasın. Bu nöqteyi-nəzərdən YAP-ın İdarə Heyəti və Siyasi Şurasında da analoji addımların atılması zamanın tələbinə çevrilib. Hakim partiyanın sıralarında elə şəxslər var ki, onlar artıq vəzifədən uzaqlaşdırılıblar. Onların artıq partiyaya töhfə vermək imkanları minimuma enib, yaxud da sıfıra bərabərdir. Belə olan vəziyyətdə təbii ki, onların yeni, gənc kadrlarla əvəz edilməsi ictimai sifarişə çevrilir. Bu baxımdan, YAP-da köklü islahatlara ehtiyac var və bunun baş verməsi gözləniləndir. 

 

- Bu nə zaman baş verəcək? Bəzi məlumatlara görə, payızda qurultay keçirilə bilər. 


- Bunun nə zaman baş verəcəyini söyləmək bir qədər çətindir. Çünki bu məsələlərlə bağlı pariyanın rəhbərliyi qərar verir. Ona görə də bu barədə dəqiq nəsə demək çətindir. Ancaq bu dəqiqdir ki, partiyanın rəhbəri cənab İlham Əliyev YAP-da islahatlarla bağlı prinsipial mövqeyini ifadə edib. 

 

- YAP buraxılması və onun bazasında yeni iqtidar pariyasının yaradılması barədə müxtəlif mülahizələr isrəli sürülür. Belə bir addım gözlənilirmi, ümumiyyətlə, mümkündürmü?


- İndiyə qədər baş verən proseslərin təhlili göstərir ki, YAP-ın buraxılmasına, adının dəyişdirilməsinə zərurət yaranmayıb. Bir də ki, istəyirsən adını alfa, omeqa, x, y qoy. Bu formadır. Amma burada söhbət məzmun dəyişikliyindən gedir. Əsas məzmundur. 

Bəli, YAP bu gün Cənubi Qafqazda ən böyük partiyadır. Amma axı reallıqlar dəyişir. Mərkəzi və yerli icra strukturları yenilənir, idarəetmə forması dəyişir, yeni siyasi konfiqurasiya formalaşdırılır. Ona görə də bu günün tələbləri partiyanın müəyyən dəyişikliklərə məruz qalmasını şərtləndirir. Partiyanı elə səviyyəyə gətirmək lazımdır ki, inkişafın, demokratik proselərin önündə getsin. Eyni zamanda beynəlxalq aləmdə baş verən siyasi proseslərə adekvat reaksiya vermək qabiliyyətində olsun. 

 

- Partiyadaşınız Musa Musayev təklif edib ki, indiki məqamda Siyası Şuranı toplayıb İdarə Heyəti və İcra Katibliyində dəyişikliklər etmək mümkündür. Yəni, dəyişikliklərə qurultay keçirilmədən başlamaq da olar...  


- Musa Musayev tələsir, amma niyə tələsdiyinin səbəbini bilmirəm. O ki qaldı qurultaya, bu partiyanın ali rəhbərliyinin qərarı əsasında baş verir. Ölkə başçısı İlham Əliyev partiyanın rəhbəri olaraq hansı formanı məqsəduyğun hesab edəcəksə, bu məsələlər o formada da həllini tapa bilər. Ümumiyyətlə, qurultayın keçirilməsi nə dərəcədə zərurətə çevirlib, bu barədə heç nə deyə bilmərəm. 

Amma bir məsələni diqqətinizə çatdırım. Yəqin ki, Musa Musayev də bundan xəbərsiz deyil. Dünyanın supergüclərindən olan ABŞ-da prezidenliyə namizədlərin təsdiqi üçün həm Demokratlar, həm də Respublikaçılar partiyası onlayn formada qurultaylarını keçirdilər. Hesab edirəm ki, YAPın da qurultayının onlayn formada keçirilməsi problem deyil.

 

- Deməli, partiyanın qurultayı onlayn formada keçirilə bilər... 


- Mən ABŞ-ı təsadüfən nümunə göstərmədim. Əgər bu ölkənin iki aparıcı partiyası onlayn formada qurultay keçirirsə, deməli, bu bizdə də mümkün ola bilər. 

 

- Dəyişiklikdən sonrakı YAP indiki YAP-dan nə dərəcədə fərlənəcək?


- Bu fərqin miqyasını bilmək üçün 2018-ci ildə keçirilən prezident sçkilərindən indiyə qədər ki, dövrə diqqət etmək lazımdır. Məhz həmin seçkilərdən sonra Prezident İlham Əliyev islahatların anonsunu verdi və bu günə qədər müxtəlif sahələrdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib. Hesab edirəm ki, hakim partiyadakı dəyişikliklər də dövlət strukturlarında, idareətmədə həyata keçirilən islahatlara adekvat ola bilər. Məntiq belə deyir. 

 

- Karantin dövründə akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsinə mənfi münasibət bildirmisiniz. Amma maraqlıdır ki, sizi də akademikin yaxın adamı hesab edənlər var...


- Mən Ramiz Mehdiyevi cəmi iki dəfə canlı görmüşəm. Birinci dəfə Dövlət İdarəçilik Akdemiyasında. O zaman müəllimlərə fəxri adlar və mükafatlar verilmişdi. Onların mükafatlandırılmasını Ramiz Mehdiyev həyata keçirirdi. Mən də həmin tədbirdə iştirak etmişəm və Ramiz Mehdiyevi birinci dəfə canlı o zaman görmüşəm. 

İkinci dəfə isə Ramiz Mehdiyevi görməyim 2015-ci ildə YAP-dan deputatlığa namizədliyi irəli sürülmüş şəxslərlə toplantı keçirərkən olub. O vaxt Ramiz Mehdiyev Rəyasət Heyətində əyləşmişdi. Mən də YAP-ın namizədi kimi tədbirdə iştirak edirdim. Onunla heç yaxından görüşümüz olmayıb.

 

- Təsadüfən adınızı namizədlər siyahısına o salmamışdı ki?


- Mən Dövlət İdaərçilik Akademiyasının professoruyam, siyasi elmlər doktoruyam. Siyasi proseslərlə bağlı fəal mövqeyim var. Beynəlxalq məsələləri vaxtaşırı şərh edirəm. Həmçinin YAP-da vəzifə tuturam. Partiyanın Beynəlxalq əlaqələr komissiyasının katibiyəm. Partiya işində də fəallıq göstərirəm. Bütün bunları ölkə və partiyanın rəhbərliyi görüb, qiymətləndirib və namizədliyimi irəli sürüblər. 

Yuxarıda qeyd etdim ki, Ramiz Mehdiyevlə heç görüşüm olmayıb. Olsa belə, burada hər hansı qəbahət yoxdur. Ramiz Mehdiyev uzun illər Prezident Admnistrasiyasının rəhbəri olub, akademikdir, Heydər Əliyev ordeni almış şəxsdir. 

Ramiz Mehdiyevə bu günün gözü ilə baxırlar. Amma axı o illərlə hakimiyyətin rəhbərliyində təmsil olunub. Onun karantin dövründə nəvəsinə toy eləməsi isə artıq başqa mövzudur. 

 

- Bu məsələnin əslində siyasi motiv daşıdığı bildirilir. Çünki həmin ərəfədə başqa vəzifəli şəxslərin də yaxınlarına toy, ad günü mərasimləri keçirdikləri barədə iddialar var. Hətta konkret adlar çəkilir. Ramiz Mehdiyev özü də ilk açıqlamasında buna işarə vurmuşdu...


- Mənim bu hadisə ilə bağlı dəyişməz mövqeyim var. Bu sırf qanun pozuntusudur. Burada siyasi motiv axtarmaq doğru deyil. Düzdür, müəyyən şəxslərin adı çəkilir, onların da oxşar addım atdıqları iddia edilir. Amma ortada hər hansı sübut yoxdur. Nə videogörüntü, nə foto var. Bu halda həmin şəxsləri necə bu məsələlərdə ittiham etmək olar? Bəli, Ramiz Mehdiyev də buna eyham edib. Amma o kimləri ki, nəzərdə tutur onların belə bir addım atması barədə fakt yoxdur.

 

- Sizcə, Ramiz Mehdiyev kimləri nəzərdə tuturdu?


- Mən bilmirəm kimləri nəzərdə tutub. Amma hər halda vəzifəli şəxslərə eyham edib. Əgər ortaya fakt qoysaydı, o zaman onlar barədə də tədbir görülərdi. Ramiz Mehdiyev də incik düşməzdi. Yeri gəlmişkən, bu məsələdə Ramiz Mehdiyevin özünə hər hansı cəza tətbiq edilməyib. 

Bir də ki, əgər Ramiz Mehdiyev o kadrlarda görünməsəydi, o zaman ona münasibət başqa cür olardı. Yəni, onu itiham etmək olmazdı. Əksinə, belə mülahizələr irəli sürülərdi ki, Ramiz Mehdiyev karantin dövründə toy etməyi qanun pozuntusu adlandırıb, lakin yaxınlarını bu işdən çəkindirə bilməyib. Gücü yalnız ona çatıb ki, özü toyda iştirak etməyib. Nə bilim küsüb, acıq edib, yaxud hirslənib toya getməyib. Amma ortada fakt var. Videolardan da görünür ki, Ramiz Mehdiyev toyda başda oturub. Bu yerdə deyirlər ki, özü yıxılan ağlamaz. Yaxud əlahəzrət faktın qarşısında şlyapanı çıxarmalısan.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib