Dərc edilib: 01-09-2020

http://www.nuh.az/25694-.html

Şəmşad Ağanın Kəndi – Professor yazır

01.09.2020 17:13:44

Maraqlı

Bu gün Şəmşada Ağanın doğum günüdür. Onu ilk olaraq şeirlərindən tanımışam. Yeni ədəbiyyat arzusu ilə həmişə gənclərin ilk addımlarını, ilk qələm təcrübələrini izləməyə çalışırdım. Şəmşad da ümidvireci ədəbi nümunələri olan gənclərdən idi. Hələ o vaxtlar şəxsi tanışlığımız yox idi. Sonra qələmi cilalandı, yaradıcılığı ictimai qayə kəsb etməyə başladı. Onun bir "Kənd” şeiri var idi. Bu, min illərin sükunətli həyatını yaşayan kənd deyildi, 90-ların əydiyi, gedənlərin qayıtmadığı kənd idi. Özünün yazdığı kimi:  
əvvəllər belə deyildi,
90-larda əyildi,
oğlu cəbhədən dönməyən
Fatma qarı kimi büküldü beli...
Dağ kimi oğullar getdi,
qayıtmadı biri də...
Şeirini oxuyub şəklini axtardım. Arıq, şümşad kimi bir oğlan idi. Mən dəniz vurğunu olduğum üçün onun səhv etmirəmsə, "Dəniz elə sevgi deməkdir” adlı bir şeiri də var idi və ictimai məzmun kəsb edən "Arzuları məhbəslərdə çürüdür” deyimi. Zəmanəmizin aynasıdır və müstəbidlik dövründə bir çox namuslu adamların ən ülvi arzuları zindanlarda çürüdülür. 
Bir də Akademiya bağında sahibsiz itləri gülləyib onların qanlı cəsədlərinin arxa ayaqlarından yapışıb "it leşi” kimi sahibli maşınlara doğru sürüyəndə Şəmşad Ağanın çox kiçik bir hekayəsinin son cümləsini xatırlamışdım. 
"Ölən itin gözlərində bir küçüyün şəkli donub...”
Amma indi Şəmşad Ağa Arqumentli bir jurnalistdir, söz adamıdır, qələm əhlidir. Şeiri də yaddan çıxarmayıb. Özü də ağayana jurnalistdir, xırda-mırda şeylərlə də arası yoxdur. Arqumenti olduğu üçün böyük fikirlərdən, böyük ideyalardan yapışır. Zəmanəmizdə haqla batilin savaşında haqqın yanında dayanmaq hər şairin, hər jurnalistin, hər qələm sahibinin işi deyil. Şəmşad Ağanın haqqa tapınan gözəl yumoru var. Onun yumoru bir çox həmkarlarının ciddi yazılarından daha ciddidir.
Cəmil Həsənli

NUH informasiya agentliyi səhifəsindən çap edilib