Dərc edilib: 29-09-2020

https://www.nuh.az/25898-.html

6 yaşlı Məryəmin dağıntılar arasında qalan rəsmi... - Tərtərdən fotoreportaj

29.09.2020 12:30:14

Cəmiyyət

Tərtərdəyik... Ötən gün olduğu kimi, bu gün də Azərbaycan Ordusu öz torpaqlarının azadlığı uğrunda mübarizəni davam etdirir. Təbii ki, hədəfimiz Şuşadır!

Ermənistan ordusunun təxribatına cavab olaraq onların yalnız hərbi bölmələrinə və zirehli texnikasına sarsıdıcı zərbələr endirilir.

Amma düşmən çıxış yolunu Azərbaycanın mülki vətəndaşlarını hədəf almaqda görür. Bu, 92-93-cü illərdə də belə idi, indi də...

Düşmən gün ərzində Tərtərin bir sıra yaşayış yerlərinə ağır artilleriyadan atəş açıb. Bu mərmilərdən biri rayonun Bəsti Bağırova küçəsində yerləşən İslam Soltanovun evinə düşüb.

 

Hansı ki, bu evin sakinləri arasında azyaşlılar da var. Bu azyaşlılardan biri isə Məryəmdir. Onun xoşbəxt gülüşünü əks etdirən foto ermənilərin atdığı mərmi nəticəsində darmadağın olan evin dağıntıları arasında qalıb.

 

Bu o Məryəmdir ki, Xocalı faciəsinə göz yumulan dünyada uşaq saflığı ilə hələ də ədalətin olduğuna inanır. Onun imla yazdığı dəftəri də dağılan evin həyətində tapdıq.

6 yaşlı Məryəmin yazdığı cümləyə baxın: "Bir gün bütün dünyalarda uşaqlar Bərdə şəhərində bir dənə 6 yaşlı uşaq vardı"... Birinci sinif şagirdinin qələmə aldığı cümlənin quruluşunda səhvlər var. Amma o, cəbhədə baş verən münaqişənin ən haqlı tərəfi olduğu üçün bunu ona keçmək olar.

Özünün də imlada qeyd etdiyi kimi "Məryəm bala şirindir"...

 

Bu görüntüləri lentə aldıqdan sonra yollandıq Azad Qaraqoyunluya. Burada da kənd sakininin evinə mərmi düşüb. Nəticədə yaşayış ünvanı tamamilə yararsız vəziyyətə düşüb. Evin həyətində olan 16 baş mal-qara diri-diri tövlədə yanıb. Təəccüblənirikmi? Əsla! Bu erməni barbarlığının bariz nümunəsidir. Təqdim etdiyimiz həqiqətlərdən sonra barbarlar daha niyə bar-bar bağırır ki?

Rayonun Meyvə tikniyi qəsəbəsində də vəziyyət digərlərindən fərqlənmir. Burada da mülki əhali hədəf alınıb. Qəsəbə sakininin həyətinə düşən mərmi evə ciddi ziyan vurub.

Bundan başqa, ermənilər qaz və elektrik xətlərini də nişan alıb. Bu, sadəcə, bizim müşahidə edə bildiklərimiz idi.

 

Düşmənin hədəf aldığı yaşayış sahələri arasında Şırarx qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınan yaşayış binaları da var. Təqdim etdiyimiz görüntüləri lentə aldıqdan təxminən yarım saat sonra yenə həmin binalar hədəf alındı. Ermənilərin atdığı mərmi iki mülki vətəndaşımızın həlak olmasına, ikisinin isə yaralanmasına səbəb oldu. Eyni məntəqənin vurulması bir daha sübut edir ki, düşmənin hədəfi yalnız və yalnız dinc sakinlərdir.

Biz bu baş verənlərə dünyanın bir sıra aparıcı ölkələrinin susduğu qədər təəccüblənmirik...

Emin Səfərov

Fotolar: Pərvin Zeynal

 








NUH informasiya agentliyi səhifəsindən çap edilib