Dərc edilib: 06-10-2020

https://www.nuh.az/25996-.html

Gəncədə evi dağılan erməni qadın türk mediasına danışdı (FOTO)

06.10.2020 14:11:16

Maqazin

Azərbaycanda yaşayan və Ermənistanın Gəncəyə raket hücumu zamanı evi dağılan erməni ailəsi "Hürriyət”ə başına gələnləri danışıb.

 

Qaynarinfoxəbər verir ki, evlərinin dağıntıları altından çıxarılaraq xəstəxanaya aparılan ailədən Mina Qriqoryan müalicə aldığı xəstəxanada yaşadığı dəhşəti belə izah edib:

 

"Nəvələrim və övladlarımla səhər yeməyi yeyirdik. Evimizə bomba atdılar. Evimiz dağıldı, mən torpağın altında qaldım. Şüşə və daş parçaları üzümə çırpıldı, ağzım torpaqla doldu. Kömək istəməyə çalışdım, ancaq ağzım torpaqla dolduğundan səsim çıxmadı, qışqıra bilmədim.

 

Əlimi torpağın altından çıxarıb, yelləyərək kömək istədim. Azərbaycanlı qonşularım əlimi gördülər, gəldilər, məni torpağın altından çıxarıb xəstəxanaya gətirdilər. Evində oturan bir insanın başına bomba atmaq olar? Bizdən, günahsız insanlardan nə istəyirlər, bomba ilə niyə vururlar. Belə vicdansızlıq olar?”

Mina Qriqoryan yaşını soruşan jurnalistə deyib:

 

"Oğlum, 77 yaşım var, 2 aya 78 olacaq. Məni 78 yaşımı görmədən öldürəcəkdilər”.

 

Qeyd edək ki, acı məğlubiyyətlərdən sonra Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə və ətrafındakı mülki əraziləri hədəf alması diqqət çəkir. Erməni işğalı altında olan Qarabağ ətrafında 100 kilometr genişlikdə olan Gəncə Dəhlizi Azərbaycanı, qonşu Rusiya və İranı Qərb dünyasına bağlayan ən vacib keçiddir.

 

Daimi raketlərin hədəfində olan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə dəhlizi Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və Bakı-Supsa təbii qaz kəmərlərinin keçid nöqtəsidir. Qərbi Avropanı Qafqazla birləşdirən fiber optik kabellər, Avropanı Çinə birləşdirən E-60 magistral yolu və Bakı-Tbilisi-Qars dəmir yolu bu çox vacib bölgədən keçir. Qərb ölkələri Şərqlə ticarətdə İran və Rusiyadan yan keçmək üçün Gəncə Dəhlizindən intensiv istifadə edirlər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib