Dərc edilib: 11-10-2020

https://www.nuh.az/26069-.html

"Nəcməddin Sadıqovla "Güzgü"də idim..."

11.10.2020 15:49:49

LIVE

Sabiq Baş prokuror Əli Ömərov şair Qənbər Şəmşiroğlunun ölkə başçısına müraciətini oxuduqdan sonra kövrəldiyini bildirib.
Ə.Ömərov Moderator.az-a açıqlamasında Q.Şəmşiroğluyla ilk dəfə Kəlbəcərdə necə tanış olmasından danışıb və tezlikdə o torpaqlarda görüşəcəklərini arzu etdiyini bildirib:
“Mən Qənbər müəllimi 1978-ci ildən bəri tanıyıram. O vaxt Kəlbəcərdə iki jurnalisti rüşvətə görə Rafiq adlı müstəntiq həbs etmişdi. Şikayət əsasında o işi mənə həvalə etdilər və Kələbəcərə o işi aparmağa gedəndə Qənbər müəllim orda İcraiyyə Komitəsinin sədri işləyirdi. Biz orda tanış olduq və məni bir neçə dəfə evlərinə dəvət edib Dədə Şəmşir Ocağında qonaq etdi. O vaxt mənə ən çox sevilən qurudlu xəngəl qonaqlığı verdi. Mən o vaxtdan Qənbər müəllimlə tanış oldum. Mən onu bir ziyalı, xalqını, vətənini, sevən, gözəl şair, yazar qəlbli insan kimi tanıyıram. Onun “Murovdağda nəvələrimin əlindən tutub Kəlbəcərə gedəcəm” dediyi sözlər bir dost kimi məni kövrəltdi. Mən inanıram ki, Qənbər müəllim yüz yaşı da olsa dediyi sözə əməl edən adamdır. Taledən arzu edirəm ki, hörmətli Ali Baş Komandanımızın rəhbərliyi altında, onun müdrik göstərişləri, xalqına qayğıkeş və müsbət münasibətləri əsasında Kəlbəcər torpağı işğaldan azad olunsun və Qənbər müəllim də nəvələrinin əlindən tutub  öz doğma yurdunu, elini, Dədə Şəmşir Ocağını, qəbrini ziyarət etsin. Qoy Ulu Tanrı bunu Qənbər müəllimə qismət etsin. Çünki Qənbər müəllim ulu bir nəslin nümayəndəsidir. Onlar həmişə vətən, vətəndaşlıq, Azərbaycan xalqı uğrunda yüksək fikirdə olan adamlardır. Dədə Şəmşirin özünün şeirlərində də hiss olunur ki, onlar Azərbaycan xalqına böyük inam bəsləyir, xalqın yaxşı gələcəyini, taleyini arzulayır. Mən də Qənbər müəllimə arzu edirəm ki, o, yaşının bu ahıl çağında Murovdan aşaraq getsin dədə yurdunu ziyarət etsin. O, buna layiqdir və ona yaraşır. Bu nəslin yazar kimi daha bir nümayəndəsi olan Cavid Qurbanovun da şeirləri çox xoşuma gəlib. Məni heyrətə gəlmişəm ki, Cavid müəllim necə vətən, torpaq eşqiylə qəlbi yanan bir insandır. O, şeirində də Kəlbəcər həsrətini çox layiqincə təsəvvür edib. Ona görə də mən hər iki adama uğur arzulayıram və istəyirəm ki, onlar Kəlbəcər torpağına getsinlər və mən də dostum Qənbərin sağlığında dədə yurduna gedib qonaqlıq yeyim. Dədə Şəmşir bildiyiniz kimi haqq aşığıdır və yəqin ki, onun oğlunun ürəyinə Kəlbəcərə qayıdacağı damıb və ona görə də Ali Baş Komandana belə bir müraciət edib".   
Ə.Ömərov Murov yüksəkliklərinin ordumuz tərəfindən azad edilməsinin strateji əhəmiyyətindən də danışıb:
“Mən general-polkonik Nəcməddin Sadıqovla birlikdə Murov aşırımındakı "Güzgü" deyilən yerdə olmuşam. Murov yüksəkliyindən Kəlbəcər rahat görünür. O vaxt bələdçilər Murovda iştirak edəndə N.Sadıqov da komandir idi. Mən də tankda oturmuşdum və bələdçilər bizə rabitəylə yerlərini deyirdilər, amma mənimlə bir yerdə oturan polkovnik Rəfiyev deyirdi ki, bələdçilərin harda olduğunu eşitmir. Deyirdim ki, necə olur mən eşidirəm, amma sən eşitmirsən? Mənim onda Kəlbəcərdə gözlərimə soyuq oldu və mən Türkiyəyə gedib gözümü əməliyyat etdirdim. Türkiyədə olanda eşitdim ki, qar uçqunu olub və çox sayda əsgərlərimiz qar altında qalıb. Murovdan Kəlbəcəri, Sərsəng su anbarını, Ağdərəyə gedən yolları çox sərbəst şəkildə vurmaq olar. Murov yüksəkliklərinin alınması qələbənin əlli faizinin təmin olunması deməkdir. Çünki Murovdan Dağlıq Qarabağın bütün ərazilərini vurub dağıtmaq olar. Mən Azərbaycan Ordusunu bu qəhrəmanlığına görə təbrik edirəm və bir daha xalqımın və Kəlbəcər həsrətiylə ürəyi yanan Qənbər müəllimin gözü aydın olsun”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib