Dərc edilib: 02-11-2020

https://www.nuh.az/26426-.html

Qərbi Kaspi Universitetinin müəllimləri çarəsiz qalıb: Maaşları verilmir

02.11.2020 17:30:40

LIVE

Qərbi Kaspi Universiteti və kollecinin müəllimlərinin maaşı verilmir.

 

Bu haqda universitetin müəllimlərindən biri Qaynarinfo-ya şikayətində bildirib. Müəllim rəhbərliyə şikayət bildirən müəllimlərin də işindən qanunsuz şəkildə azad edildiklərini bildirib:

 

"Karantin rejiminə başlayandan - mart ayından dərslərimizi online şəkildə mövzu-təqvim planlarımıza uyğun şəkildə keçib hər həftə hesabat versək də, maaşlarımızı kəsmək üçün rəhbərlik tərəfindən hər dəfə bir bəhanə tapılırdı. May ayında maaş kəsiləndə bir müəllimimiz etiraz etdiyinə, sözünü dediyinə görə ağır xəstə olduğu halda işdən çıxarıldı. Onun etirazlarına görə biz may ayının maaşını tam aldıq. İyun ayının isə ümumiyyətlə, vermədilər, hansı ki bizim maaşımız ümumi hesablanıb 10 tədris ayına bölünür”.

 

Universitet və kollec müəllimlərinin adından şikayət edən müəllim onların məzuniyyət pullarının da yarımçıq verildiyini deyib:

 

"Məzuniyyət pulumuzu da yenə yarımçıq verdilər - bəzi müəllimlərdə 100-150 AZN, bəzilərində isə 50% kəsildi. Müəllimləri naməlum səbəblərdən kateqoriyalara böldülər, kimisinin işinə xitam verdilər (hansı ki pandemiya dövründə işdən çıxarmaq olmazdı), qalanlarına da ürəkləri istəyən məbləği verdilər. Tədris ilinin əvvəlində bizlə əmək müqaviləsi bağlanmasına baxmayaraq, ilin sonunda maaşımızı kəsmək üçün 2-ci saxta müqavilə imzalatdırdılar - əsas şərt bu idi ki, hesabatınıza uyğun maaş alacaqsınız. Hesabatlarda bayram gününə salınan dərsləri hesablamamışdılar - halbuki biz təqvim planında olan bütün dərsləri keçmişdik. Universitetin hüquqşünası bir çarə tapa bilmədi, dedi, istədiklərini edəcəklər, bura özəl müəssisədir”.

 

 

Şikayətçi Universitet pandemiyaya görə dövlətə 100.000 AZN pul köçürdüyünü qeyd edib:

 

 

"Universitet pandemiyaya görə dövlətə 100.000 AZN pul köçürdü. İndi də 100.000 Müdafiə Nazirliyinə köçürüb. Bizim pulumuzla yardım edir, yoxsa dövlətə borcunu bu şəkildə ödəyir? Bizim pulumuzu versin, sonra biz özümüz əsgərimizə kömək edəcəyik. "Biz birlikdə güclüyük”sə, pandemiya və müharibə şəraitində olan ölkənin müəllimləri niyə bu şəraitdə yaşamalıdır? Onların bəzilərinin başqa heç bir yerdən gəliri yoxdu, bu pulla ailə saxlayır, bəziləri kredit ödəyicisidir, hətta bəzilərinin kommunal xərclərini belə ödəməyə imkanı yoxdur. İndi də rəhbərlik sentyabr, oktyabr aylarımızın maaşını vermir. Deyiblər ki, neçə saat dərs keçmisinizsə, o qədər də pul alacaqsınız. Məgər pandemiya və müharibəyə görə biz günahkarıq? Noyabrın 2-si dərs başlayır, tələb edirlər ki, online dərsi universitetə, kollecə gedib keçək. Bu müəllimlərin həyatını, səhhətini təhlükəyə atmaq deyil? Üstəlik müəllim hansı pulla yolpulu verib getsin universitetə?”

 

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin təsisçisi keçmiş nazir Hüseynqulu Bağırovdur.

 

Qaynarinfo olaraq qarşı tərəfin mövqeyini dinləməyə də hazırıq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib