Zakir Fərəcov, Laçında döyüşən oğlanların halal pulunu qaytar
Uzun müddətdir ki, iş adamları, sahibkarlar, ustalar, fəhlələr və digər inşaat işçiləri Sumqayıtın icra başçısı Zakir Fərəcovdan öz halal pullarını tələb edirlər.
Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhərinin və bulvarının abadlaşdırılmasında Zakir Fərəcovun dəvəti ilə onlarla şirkət, yüzlərlə usta, fəhlə, iş icraçısı iştirak edərək, şəhərin abadlaşdırılmasına töhfə veriblər. Hətta açılışda iştirak edən cənab prezident İlham Əliyev görülən işləri möhtəşəm adlandırıb. Amma nə olsun.
Bu möhtəşəm işləri görən, iş adamları, sahibkarlar, ustalar, fəhlələr öz halal zəhmət haqlarını Zakir Fərəcovdan ala bilməyiblər.
Narazı şəxslər ölkədə müraciət etmədikləri dövlət qurumu qalmayıb, ancaq ortada nəticə yoxdur.
Ən dəhşətlisi bilirsiniz nədir ?
Redaksiyamıza daxil olan məlumata görə, halal pulunu, zəhmət haqqını Zakir Fərəcovdan ala bilməyən xeyli usta, fəhlə hazırda Qarabağ uğrunda gedən Vətən savaşında qəhrəmancasına iştirak edir.
Görəsən, Zakir Fərəcovun bundan xəbəri varmı ?
Görəsən, Zakir Fərəcovun "sağ əli" Adil Xudadatov haqqını yedikləri sadə insanların müqəddəs müharibədə can qoymaqlarından xəbəri varmı ?
Ümumiyyətlə, Zakir Fərəcov, Adil Xudadatov üçün müqəddəs nəsə varmı ?
Görəsən, Zakir Fərəcovun, Adil Xudadatovun qohumları, doğmaları qanlı döyüşlərdə iştirak edirmi ?
Barı, bu gün Zakir Fərəcov özündə güc tapıb Qarabağda döyüşən oğlanların halal pulunu versin.
Bir sözlə, Zakir Fərəcova suallar çoxdur...
İkinci Qarabağ müharibəsi başlayanda bir çox iri məmurların övladları, yaxın qohumları səfərbər oldular, guya döyüşə yollandılar. Amma son bir ayda məmur övladlarının birinin adı döyüşdə hallanmadı.
Görəsən, hazırda Laçın uğrunda şiddətli döyüşlərin getdiyi zamanda Zakir Fərəcovun övladı, yaxud yaxın qohumu döyüşdə iştirak edirmi ?
Bəli. kimlərsə deyəcək ki, hazırda bu məsələnin yeri deyil. Bəs nəyin yeridir, cənablar ?
Zakir Fərəcovun işlədib halal pulunu vermədiyi ustalar, fəhlələr vətən uğrunda kişi kimi döyüşürlər. Qoy Fərəcov da özündə bir təpər tapıb onların halal pullarını qaytarsın.