Dərc edilib: 03-11-2020

https://www.nuh.az/26446-.html

“Həyat yoldaşım minaya düşüb kömür kimi yanmışdı“ - Gülüstan Əliyeva

03.11.2020 22:32:47

Müsahibə

Əməkdar artist Gülüstan Əliyeva "Evdəkilərə salam" proqramına qonaq olub.

 
Verliş  zamanı ifaçı işğaldan azad olunan torpaqlarmızla bağlı sevincini, eyni zamanda 1-ci Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı və qardaşı ilə ilə bağlı xatirələrini bölüşüb:
"Azərbaycanın hər bir bölgəsi doğmadır, əzizdir. İllərdir işğal altında olan torpaqlarımız üçün ürəyimiz sızıldayırdı. Əlbəttə, bu gün hamımız qürurluyuq və sevincliyik. Mən isə ikiqat qürurlu və sevincliyəm. Çünki ailə üzvlərimi itirdiyim torpaqları Ali Baş Komandanımız və ordumuz bizə qaytardı.
İnsan həyatı üçün bundan böyük hədiyyə və uğur ola bilməz. 2016-cı ildə Lələtəpə və Seysulan işğaldan azad ediləndə elə bildim ki, qardaşım vəfat etməyib, sağdır. Çünki şanlı ordumuz onun qanı tökülən torpaqları geri qaytardı. Daha sonra həyat yoldaşımın şəhid olduğu torpqalar Cəbrayıl və onun kəndləri düşmən tapdağından azad edildi. Daha ailə üzvlərim şəhid olduğuna görə ağlamaycam. Çünki dərd o zaman insana yük olur ki, onun dərmanı tapılmasın".
Danışdıqca göz yaşlarına boğulan müğənni həyat yoldaşının son günlərini belə xatırlayır:
"Zahid minaya düşmüşdü. Ağır dərəcəli yanıq xəsarətləri almışdı. Onu xəstəxənaya aparmaq üçün bir neçə dəfə helikopter göndərilsə də artıq gec idi. Əvvəl bir-iki günü istəməmişdi ki, mən onu görüm. Sonralar eşitdim ki, artıq ömrünün son günündə məni istəyib. Bəlkə mənə nəsə vacib sözü var idi, bilmirəm. Onda da atasıgil qoymayıb... Çox cəhd etsəm də onu görə bilmədim. Bir dəfə yatdığı otağın qapısı aralı qalmışdı. Onda azca da olsa gördüm: qapqara kömür kimi yanmışdı, sadəcə sarğıları ağarırdı. O, vəfat edəndə oğlumuz Rüfətin 40-ı yeni çıxmışdı". (axsam.az)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib