Dərc edilib: 04-11-2020

https://www.nuh.az/26448-.html

Anna Mehrabyan ermənilərin Gəncədə öldürdüyü oğlundan danışdı

04.11.2020 08:58:49

İdman

Xəbər verdiyimiz kimi, 17 oktyabrda Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç ağır yaralanmış, 1 həftə sonra isə aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişmişdi.

"Qafqazinfo" xəbər verir ki, Arturun anası - Stavropol sakini Anna Mehrabyan  "Bloknot-Stavropol" nəşrinə oğlu ilə bağlı danışıb.

 

 

“Arturun atası dünyasını dəyişəndə ​​beş aylıq hamilə idim. Uşaq Gəncədə - Azərbaycanda nənə və babasının, digər qohumlarının olduğunu bilirdi. Uşağı özüm böyüdüb tərbiyə etdim. Qohumlar Azərbaycandan gəldilər və bizdə qonaq oldular”, - deyə Anna Mehrabyan bildirib.

Bir dəfə Artur tətil üçün Azərbaycana getmək istədiyini deyib. Atasının yaşadığı şəhəri görmək və qəbiristanlıqda onun məzarına baş çəkmək istəyib. Anna Mehrabyan, oğlunu onun arxasınca gələn nənəsi ilə birlikdə Gəncəyə göndərib.

"Mənə dedi ki, "Ana, Azərbaycanda xoşuma gəlsə, orada qalacağam”. Cavabında ondan soruşdum: "Bəs mən?". Artur Gəncədə daha yaxşı olacağını, atasının olduğu yerlərdə olmaq istədiyini söylədi ”, - deyə qadın xatırlayıb.

İki il yarım Artur Gəncədə yaşayıb, oxuyub. Yeniyetmə Yessentukiyə evə getməli imiş, ancaq pandemiya başlayıb. Sərhədlər qapadılıb, sonra döyüş əməliyyatları başlayıb. Narahat olan Anna Mehrabyan səfirlik və nazirliyə müraciət edib.

“O vaxt bir aydır uşağımı görmürdüm. Məni inandırdılar ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunulmur. Arturun bibisi mütləq onunla birlikdə gələcəyini söylədi. Ötən gün təsadüfən uşağımın öldüyünü bildim. Axıra qədər inanmırdım. Bunun doğru olmadığını düşünürdüm. Sonra adını gördüm. 17 oktyabrdan komada olub”, - deyə A.Mehrabyan izah edir.

Qeyd edək ki, Artur Mayakovun yatdığı xəstəxanadan Anna Mehrabyana bir neçə dəfə zəng edərək oğlunu ziyarət edə bilməsi üçün gəlməsini təklif ediblər. Lakin Anna Mehrabyan gəlməyib…

NUH informasiya agentliyi səhifəsindən çap edilib