Dərc edilib: 04-11-2020

https://www.nuh.az/26462-.html

Robert Koçəryanın da məzun olduğu Xankəndi şəhər 4 saylı orta məktəb... - FOTOLAR

04.11.2020 21:58:37

İdman

Nizami Gəncəvi adına Xankəndi şəhər, 4 saylı tam orta məktəbindən danışacam. Məktəb hal-hazırda Sabunçu rayonunun, Ramana qəsəbəsində “Şuşa” şəhərciyində yerləşir. 1945-ci ildən Xankəndi şəhərində fəaliyyət göstərən təhsil ocağı bu gün də öz fəaliyyətini davam etdirir
80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı məkrli planlarında qarşıda duran ən başlıca vəzifələri ilk növbədə Xankəndini azərbaycanlılardan təmizləmək olub. Təbii ki, şəhərdə fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq isə bu planın tərkib hissəsi kimi önə çəkilib. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi durub. Bu məktəb Xankəndi şəhərində, erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını və məfkurəsini daim qoruyub saxlayıb, şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynayıb.Məktəb həmçinin qəhrəmanları ilə də ad-san qazanıb. Milli qəhrəmanlarımız Şirin Mirzəyev, Nizami Məmmədov bu məktəbin şagirdləri olub. Xalq artisi Fəxrəddin Manafov, ictimai-siyasi xadim, sabiq millət vəkili Flora Qasımova, müğənni Xatirə İslam, Ermənistanın eks prezidenti Robert Koçəryan və başqaları da bu məktəbin yetirmələridir. Flora Qasımova bu məktəbdə oxuduğunu, daha sonra pedaqoji fəaliyyətə də elə bu təhsil ocağında başladığını bildirib. 
Moderator.az-a açıqlama verən Flora xanım məktəblə bağlı xatirələrini bizimlə bölüşüb:
“O məktəbin özünün xüsusi bir əlamətlərimi deyək, qayda-qanunumu deyək, nizam-intizamımı deyək tamam başqa idi. Bu məktəbin əsas xüsusiyyəti bir də onda idi ki, Xankəndi əvvəl həm də rayon idi, Azərbaycanlı kəndlərində azərbaycanlı uşaqları ancaq 8 illik məktəbi qurtarırdılar. Sonradan gəlib Xankəndində orta məktəbi başa vururdular. Bu məktəbin müəllimləri həqiqətən əsl fədakar müəllimlər idi. Çünki burda təkcə təhsil, tərbiyə yox, həm də milli mənəvi dəyərlərimizin, adət ənənələrimizin qorunmasının əhəmiyyəti var idi. Bu məktəb mənə həm də ona əzizdir ki, həyat yoldaşım, Şirin Mirzəyevlə mən bu məktəbdə, bir sinifdə oxumuşuq. Hətta bir partada da oturmuşuq. Vahid müəllim məktəbdən gedəndən sonra Şirin Mirzəyev dram dərnəklərini bizimlə təşkil edirdi. Mənim yadımdadır, hətta o əsgərlik dövründə də məzuniyyət götürüb, mütləq gəlirdi o məktəbə. O dərnəyin fəaliyyəti ilə maraqlanırdı” - deyə Flora Qasımova bildirib.
Məktəbin direktoru Cəmilə Əhmədova isə saytımıza bildirib ki, uşaqlar bu təhsil ocağında vətənpərvər ruhda yetişdirilir:
“Mən özüm Xankəndi məktəbinin məzunuyam. Düzdür, əsirlikdə qalan məktəbimin burada köçkün həyatını yaşasaq da mən öz dərin minnətdarlığımı möhtərəm prezidentimizə bildirmək istəyirəm ki,  o abu havanı burada yaratdı. Bu məktəbdə başlanğıcda 300 nəfərlik şagird nəzərdə tutulmuşdu, 247 nəfərlə məktəbimiz fəaliyyətə başladı. Hal-hazırda 1306 şagirdimiz var. Biz bu gün şagirdlərimizə vətənpərvərlik hissini aşılayırıq. Bu gün biz əminik ki, müəllimlərimizin yetişdirdiyi şagirdlər öz sözünü cəbhədə deyir” deyə bildirib.
Məktəbdə təhsil alan şagirdlərdən biri də Leyla Həsənovadır. O Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsidir:
“Mənim babam Xocalı uğrunda şəhid olub. Babam haqqında da bu məktəbdə vaxtaşırı gecələr keçirilir, biz şagirdlər də şeir deyirik. İnşallah ki, biz torpaqlarımıza qayıdacaqıq və biz ora qayıdanda bütün şəhidlərin, həmçinin də mənim babamın ruhu şad olacaq” - deyə Leyla bildirib.
Məktəb bu gün öz fəaliyyətini koronovirus pandemiyasının tələblərinə uyğun davam etdirir. İnşallah tezliklə bu məktəb öz torpağında, Xankəndində yenidən fəaliyyətə başlayacaq. O gün elə də uzaqda deyil...

NUH informasiya agentliyi səhifəsindən çap edilib