Dərc edilib: 06-11-2020

https://www.nuh.az/26490-.html

Elmar Vəliyevi vurmağıma peşman deyiləm

06.11.2020 14:57:31

İdman

Dünən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərov bu hadisəni törətməsinin səbəbləri barədə ətraflı danışıb.

 

Gununsesi.info xəbər verir ki, O, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda ifadə verib.

Y.Səfərov baş verənləri Qarabağ müharibəsi ilə müqayisə edib. O bildirib ki, Azərbaycan on illər boyu beynəlxalq təşkilatlarla danışıqlar aparıb, ermənilərin işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün kömək istəyirdi: “Beynəlxalq təşkilatlar biganə yanaşdı, tədbir görmədi. Problem həll olunmadığına görə Azərbaycan müharibə yoluyla torpaqlarını azad etmək qərarına gəldi. Gəncə hadisəsi də belədir. İllərlə səlahiyyət sahiblərinə, dövlət orqanlarına deyildi, yazıldı. Amma baxan olmadı. Azərbaycanda vətəndaşın hüquqlarını qorumalı olan dövlət orqanları “hamı qanun qarşısında bərabərdir” prinsipinə hörmət etmədiyinə görə baş verdi bu hadisə. Vəzifəli ilə adi vətəndaş arasında yerdən göyə qədər fərq qoyulur. Əksinə, şikayət edən vətəndaşı cəzalandırırlar”.

“Mənim üçün rahatlıq…”

Əməlindən peşman olmadığını vurğulayan Y.Səfərov bildirib ki, vətənində baş verən haqsızlıqlara biganə qala bilmir. Onun sözlərinə görə, E.Vəliyevdən başqa, ədalətsiz qərarlar verib insanların taleyini qaraldan daha bir hakim və ya prokuroru da cəzalandırmaq istəyirdi: “Bəlkə bu dediklərimə görə mənə əlavə maddə veriləcək, amma bundan narahat deyiləm. Mən rahatlıq axtaran olsaydım, heç gəlib burada zindana düşməzdim, Moskvada rahat yaşayardım. Amma mən o cür yaşaya bilmirəm. Mənim üçün rahatlıq insanın daxili aləmində, ruhunda olur”.

Y.Səfərov deyir ki, bu hadisəni törətməklə həm özbaşınalıq edən məmurlara dərs vermək, həm də vətəndaşların problemlərinə biganə yanaşan dövlət orqanlarına mesaj çatdırmaq istəyib.

Onun deməsinə görə, 2017-ci ildə baş vermiş bir hadisə icra başçısına qarşı sui-qəsdlə bağlı planın yaranmasına rəvac verib: “Bir sinif yoldaşım və dostumla oxuduğumuz məktəbin yanından keçəndə gördük ki, zibil qutuları dolub-daşır. Birimiz Rusiyada, birimiz Ekvadorda, birimiz də başqa bir ölkədə işləyib-yaşayırdıq. Amma biganə qala bilmədik. Müvafiq dövlət orqanına getdik, tədbir görülməsini istədik. Dedilər ki, sizə aidiyyəti yoxdur, orada yaşayanlar müraciət etməlidir”.

“Dedilər ki, sizin də başınıza eyni iş gələ bilər”

Y.Səfərov danışır ki, qapı-qapı gəzib, sakinlərə ərizə yazdırıb, imza atdırıblar. Təxminən 150 nəfərin imzasıyla müraciəti aparıb təqdim ediblər. Onun sözlərinə görə, bu dəfə həbslə hədələniblər: “Dedilər ki, bir neçə gənc var idi, sizin kimi problemlərdən şikayət etməklə məşğul idi. Onlar həbs olundular. Həmin fəal gənclərin cibinə narkotik atıb tutmuşdular. Dedilər ki, sizin də başınıza eyni iş gələ bilər. Təsəvvür edirsiniz nə deməkdir? Adi zibil qutusuyla bağlı problemi həll etmək istəyən vətəndaşı həbs edirlər”.

Y.Səfərov deyir ki, 2017-ci ildə Gəncədə bircə kitab mağazası yox idi, amma əvəzində çoxlu sayda mərc oyunları məntəqəsi vardı, gənclər ora toplaşırdı: “Yarım milyon əhalinin yaşadığı yerdə kitab mağazası olmaması çox şeydən xəbər verir. Belə izah edirdilər ki, internet var, ona görə ehtiyac yoxdur. Kitab mağazaları olan başqa yerlərdə internet yoxdur ki? Hara baxırsan, qumarxanalar, nə qədər də istəsən, gənc orada. Bu yanaşma bizi hara aparır? Biz uşaqlarımıza onların istədiyini veririk, yoxsa lazım olanı? Uşağa qalsa, heç məktəbə getmək istəməz…”.

Y.Səfərov bildirib ki, hadisədən sonra videomüraciət çəkib yaymağı planlaşdırmışdı, amma bunu reallaşdırmaq imkanı olmayıb. Müraciətində də tələblərini səsləndirmək niyyətində idi. Həmin tələblər arasında Gəncədə kitab mağazasının açılması, zibilliklərin sahmana salınması kimi məsələlər də olmalıydı.

Y.Səfərovun dindirilməsinin davamı noyabrın 5-də keçiriləcək növbəti məhkəmə iclasında olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib