Dərc edilib: 06-11-2020

https://www.nuh.az/26497-.html

Ermənistan hakimiyyəti mülki erməniləri sakitləşdirə bilmir

06.11.2020 21:33:48

LIVE

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan ermənilərin kütləvi köçünə səbəb olub. 


“Qafqazinfo” xəbər verir ki, Ermənistan tərəfi Qarabağda “hərbi uğurlar”dan danışdığı vaxt ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın inzibati mərkəzi olan Xankəndidən qaçırlar. Müharibənin ilk 10 günlüyündə qondarma rejimin "nümayəndəsi" Artak Beqlaryan Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxunun evlərini tərk etdiyini vurğulamışdı. İlk günlərdən etibarən Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk etmişdi. 

“Associated Press” agentliyinin bir neçə gün əvvəl yaydığı fotolardan aydın şəkildə görünür ki, Xankəndidə yaşayan ermənilərin bir çoxu şəxsi avtomobillərlə şəhəri tərk edir. Onlar arasında avtobuslarla təxliyyə edilənlər də var. Hətta çobanlar öz sürülərini belə Xankəndidən çıxarırlar. 

Faktiki olaraq Xankəndi və digər ərazilərdə demək olar ki, mülki erməni qalmayıb. Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb.

Azərbaycan ordusunun uğurlu əməliyyatlar apardığını və qələbə qazanacağını mülki ermənilər də bilir. Məlumdur ki, Ermənistan hakimiyyəti uzun illər boyu həmin erməniləri zorla Dağlıq Qarabağa və ətraf rayonlara yerləşdirib. Şanlı Ordumuzun uğurlu əməliyyatları fonunda isə Ermənistan hakimiyyəti mülki erməniləri sakitləşdirə bilmir. Ermənistanda xaos davam edir və ölkə hazırda silahlı qiyamın astanasındadır. Baş nazir Paşinyan cəbhədə əsl itkiləri açıqlamaqdan imtina edir, çünki xalqın qəzəbindən qorxur.

 

 

Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda yaşayan mülki əhaliyə heç zaman legitim hərbi hədəf kimi yanaşmayıb, dinc insanlara münasibətdə Cenevrə konvensiyalarının tələblərindən çıxış edib. Bunun əksinə olaraq, Ermənistan sentyabrın 27-dən sonra Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərini ballistik raketlərlə bombalayıb. Gəncə, Bərdə və.s şəhərlərdə mülki insanların ölümüylə nəticələnmiş teraktlar bütün dünyanın gözü qarşısında baş verib. 

Qeyd edək ki, qondarma və marionet "Dağlıq Qarabağ Respublikası"nın “hökuməti” noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndidən Yerevana  köçürülüb. Qeyri-qanuni rejimin "rəhbəri" Araik Arutyunyan Ermənistana köçürülən vətəndaşlar üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah”ın yaradıldığını bildirib. Bu, həm də artıq Xankəndi və digər işğal edilmiş ərazilərimizdə yaşayış üçün hər hansı infrastruktur imkanların olmamasının etirafıdır. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları düşmənin strateji əhəmiyyətli infrastrukturunu sıradan çıxarmaqla, ona yalnız işğal etdiyi əraziləri tərk etmək şansı buraxıb. A. Arutyunyan bir neçə gün əvvəl özünün feysbuk səhifəsində etiraf etmişdi ki, vəzifəli şəxslərin Xankəndini özbaşına tərk edərək Yerevana getmələri ciddi ictimai narazılıqlar doğurub.

Xatırladaq ki, qondarma rejimdə “vəzifə” tutan 9 şəxs Xankəndini tərk edib. Arutyunyan bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyini” bildirmişdi. Qeyri-qanuni rejim hökumətinin Xankəndini özbaşına tərk etməsi də əslində Ermənistanın hərbi məğlubiyyətinin açıq etirafıdır. Reallığı düzgün qiymətləndirən, ciddi informasiyalara malik olan həmin məmurlar Ermənistanın məğlubiyyətin astanasında olduğunu, Xankəndi və Şuşanın yaxın perspektivdə boşaldılacağını yaxşı anlayırlar. 

Reallığı dərk edən məmurlardan biri də “Dağlıq Qarabağ respublikası”nın insan haqları “müdafiəçisi” Artak Beqlaryandır. O, ordunun döyüş meydanında məğlubiyyətlərini etiraf edib və istefa verməyə hazırlaşdığını bəyan edib. “Düşünməyək ki, kimsə bizə kömək edəcək. Kimsə kömək etsə belə, bunu bizə görə yox, özünün siyasi maraqlarına görə edəcək”, – deyə Beqlaryan söyləyib.

Qondarma DQR “hökuməti”nin Yerevana köçürülməsi Ermənistanda onsuz da yaxşı olmayan daxili vəziyyəti bir qədər də gərginləşdirib. Qarabağ klanını təmsil edən rəqibləri bunu Nikol Paşinyanın ciddi hərbi-siyasi məğlubiyyəti kimi dəyərləndirirlər. Bu arada bildirək ki, “DQR hökumətinin” Xankəndini tərk etməsi ilə qondarma rejiminin mövcudluğuna birdəfəlik son qoyulub. Yerevanın “DQR”in “müstəqilliyini” hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra da fiaskoya uğrayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib