Dərc edilib: 11-11-2020

https://www.nuh.az/26556-.html

Zelenski Merkeldən koronavirusa qarşı peyvənd istədi

11.11.2020 14:19:51

Maraqlı

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Angela Merkel ilə telefon danışığında Almaniyanın “BioNTech” və “Pfizer” firmaları tərəfindən hazırlanan koronavirus peyvəndinin Kiyevə verilməsinin mümkünlüyünü müzakirə edib. 

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb. 

“Almaniyanın “BioNTech” şirkətinin Amerikanın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı peyvəndin hazırlanmasında əldə etdiyi irəliləyişi alqışlayırıq. Bu, çox ürəkaçan bir xəbərdir. Koronavirusa qarşı peyvənd tədarükünü planlaşdırarkən Ukraynanın maraqlarının nəzərə alınması istiqamətində yardımınızı istərdim”, - deyə Zelenskinin ofisinin saytında bildirilib.

“Tərəflər pandemiyanın nəticələrini aradan qaldırmaq üçün səyləri daha da koordinasiya etmək barədə razılığa gəliblər”, - deyə Ukrayna Prezidentinin ofisi əlavə edib.

Qeyd edək ki, Almaniyanın biomühəndislik şirkəti “BioNTech” və Amerikanın əczaçılıq nəhəngi “Pfizer” üçüncü mərhələ klinik sınaqların uğurla başa çatdığını elan ediblər. Peyvənd “COVID-19” infeksiyasının qarşısının alınmasında 90 faizdən çox effektivlik göstərib. Peyvəndin ABŞ-da qeydiyyatı üçün müraciətin noyabr ayında edilməsi planlaşdırılır.

Daha əvvəl Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan “BioNTech” və “Pfizer” firmalarının koronavirusa qarşı peyvənd tədarükünə dair son Avropa müqaviləsinin yaxın günlərdə imzalana biləcəyini açıqlamışdı. Almaniya üçün 100 milyon doza qədər peyvəndin verilməsi planlaşdırılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib