Dərc edilib: 12-11-2020

https://www.nuh.az/26584-.html

ABŞ-da kimlər və necə prezident seçilir?

12.11.2020 21:49:21

Müsahibə

ABŞ konstitusiyasına əsasən, yalnız ölkə ərazisində doğulmuş, 35 yaşına çatmış və ABŞ-da ən azı 14 il yaşamış vətəndaşlar prezident seçilə bilər. Uzun illərdir ki, bu ölkədə prezident kürsüsü uğrunda iki partiyanın- Respublikaçılar və Demokratlar partiyasının üzvləri mübarizə aparırlar.


Lakin hər hansı partiyanın üzvü olmaq ABŞ-da prezidentliyə namizədlik üçün şərt deyil, istəyən tərəfsiz də öz namizədliyini irəli sürə bilər. Bu zaman qazanmaq şansı bir qədər azalır. Ancaq yeri gəlmişkən, ABŞ tarixində 100 % səs alan ilk Amerika prezidenti Corc Vaşinqton bitərəf idi. Bunu bir istisna da saymaq olar, çünki dövrümüzdə Demokratlar və Respublikaçılar ilə rəqabət etmək demək olar ki, mümkün deyil.

ABŞ-da seçki prosesi adətən noyabr ayının ilk çərşənbə axşamı günü başlayır. Bu adət çoxdan, 1845-ci ildən mövcuddur. Nə üçün bazar günü deyil, məhz çərşənbə axşamı? İş ondadır ki, 19-cu əsrin ortalarında ABŞ sakinlərinin əksəriyyətini fermerlər təşkil edirdi. Bazar günləri onlar mütləq şəkildə kilsələrə baş çəkirdilər, bu səbəbdən seçki prosesinə laqeydlik yarana bilərdi. Şəhərlər böyük olduğundan seçki məntəqələrinə çatmaq üçün də xeyli vaxt tələb olunurdu. Çoxları çatdırmırdı və ən yaxşı variant kimi qərara alındı ki, seçkiləri çərşənbə axşamı keçirilsin.

Noyabr ayı da təsadüfi seçilməyib. Bu ayda əksər təsərrüfat işləri bitir,  həm də yollarda vəziyyəti çətinləşdirən qar mövsümü hələ başlamamış olur. Hazırda ABŞ-da fermerlər əhalinin çox hissəsini təşkil etməsələr də, təxminən iki əsr bundan əvvəl qoyulmuş seçki ənənələri qorunub saxlanılır.

ABŞ-da birbaşa səsvermə olmadığından oradakı seçkilər avropalılar üçün qəliz görünə bilər. İlk növbədə ştatlarda nümayəndələr seçilir. Hər ştatdan nümayəndə sayı əhalinin sayından asılı olaraq müxtəlifdir, ancaq nümayəndələrin ümumi sayı 535 nəfər olur. ABŞ-da prezident seçilmək üçün minimum səs sayı 270 hesab edilir.

Nümayəndələrin sayı cüt olduğundan namizədlərin eyni sayda səs alması halları da ola bilir. Tez-tez olmasa da belə hallar baş verib, məsələn, 1800 və 1824-cü illərdə. Bu vəziyyətdə prezidentlik mübarizəsinin qalibinin kim olduğuna Nümayəndələr Palatası qərar verir. Nümayəndələr Palatasının üzvləri ən azı 25 yaşında, Amerika vətəndaşı olmalı və təmsil etdiyi ştatda ən azı yeddi il yaşamalıdır. Lakin demək olar ki, iki əsrdir ki, Nümayəndələr Palatasının seçkilərin taleyini həll etməsinə ehtiyac yaranmayıb.

 Niyə ABŞ-da prezidentliyə namizədlərə səs vermək üçün bu qədər mürəkkəb bir prosedur tətbiq edilir? Amerikalıların fikrincə, səslərin sadə sayılması ilə prezidentin seçilməsi, əhalisi çox olan ştatların öz güclərini digərlərinə təlqin etməsi ilə nəticələnə bilər.

Seçkilərsiz ABŞ prezidenti olmaq olarmı? Olar. 1901-ci ildə belə bir hal yaşanmışdı. 6 sentyabrda həyatına sui-qəsd edilən prezident Uilyam Mak-Kinli bir neçə gün sonra aldığı xəsarətdən dünyasını dəyişir. Onun yerini vitse prezident Teodor Ruzvelt tutur. 1904-cü ildə isə o, seçkilərdə öz namizədliyini irəli sürərək, səsvermə nəticəsində qazanır və vəzifəsini davam etdirir.

ABŞ prezidenti olmaq arzusunu məşhur bodibilder və aktyor Arnold Şvarçeneqer də elan etmişdi, lakin Amerika konstitusiyasına əsasən ona icazə verilmədi. “Dəmir Arnold” ləqəbli aktyor 1947-ci ildə Avstriyada anadan olmuşdu və cəmi 36 yaşında ABŞ vətəndaşlığı almışdı.

Bu və ya digər ABŞ ştatı adətən uzun illər eyni nümayəndəni və yaxud eyni partiyanı dəstəkləyir. Məsələn, Demokratlar partiyası Nyu Yorkda, Kaliforniya və Vaşinqtonda, respublikaçılar isə Texas, Luiziana və Corciyada məşhurdur. Ümumilikdə Demokratlar ABŞ-ın şimalından və sahilyanı ştatlardan, respublikaçılar isə mərkəz və cənub hissələrdən dəstək alır.

7 noyabr 2020-ci il tarixdə keçirilən son seçkilərdə Demokratlar Partiyasından olan Co Bayden prezident seçilib. O, indiyədək olmuş ABŞ prezidentləri arasında yeni rekorda imza atıb. 20 noyabrda Baydenin 78 yaşı tamam olur. Bu yaşda indiyədək heç kimə ABŞ prezidenti seçilmək nəsib olmamışdı.

Sağ olan ən yaşlı keçmiş ABŞ prezidenti isə Cimmi Karterdir. O, 1977-1981-ci illərdə prezident olmuşdu. Bu il Cimmi Karterin 96 yaşı tamam oldu.

23 yanvar 1933-cü ildə ABŞ-da konstitusiyaya olunan dəyişikliklərə əsasən, seçilmiş prezidentin işə başlaması seçkilərdən sonra, 20 yanvar tarixində baş tutur. Həmin gün inauqurasiya mərasimi keçirilir və seçilən namizəd rəsmi şəkildə öz işinə başlayır. 1933-cü ilədək inauqurasiya 4 mart tarixində keçirilirdi.   “İki sahil”

NUH informasiya agentliyi səhifəsindən çap edilib