Dərc edilib: 19-11-2020

https://www.nuh.az/26684-.html

4 saat yaralı vəziyyətdə mühasirədə qalan əsgərimiz

19.11.2020 21:55:02

Hadisə

"Dörd saat yaralı vəziyyətdə mühasirədə qalıb, şəhid olan əsgər" adıyla yayılan qəhrəmanımızın videosuna yəqin ki, əksəriyyətiniz baxmışdı. Çox təsirli idi. Milyonlarla baxışı olan video haqqında sosial şəbəkələrdə dolaşıq xəbərlər yayılmağa başladı. Bilərəkdən, ya da bilməyərəkdən bir nəfərin o şəhidin sağ olduğu ilə bağlı yaydığı video ailənin  müraciətindən sonra sosial şəbəkə istifadəçiləri tərəfindən silindi. 


Əziz oxucular, təəssüflər olsun ki, videoda gördüyünüz qəhrəmanımız şəhid olub! 

Şəhidimiz Qəbələ rayonu Əmirvan kəndində 1996-cı ildə anadan olmuş Abdurahmanov Elvin Əbülfəz oğludur. 

Dünən şəhidimizin atası Əbülfəz Abdurahmanovla danışdım. Danışığı, səsinin qürurundan da hiss olunur ki, elə oğulu məhz bu cür KİŞİ cəmiyyətə təqdim edə bilər. 

Miq.Az-a açıqlamasında Əbülfəz Abdurahmanov şəhid övladı haqqında xatirələrini danışır:

"Müharibə başlamamışdan bir həftə qabaq 1 günlük evə gəldi. Mənim ad günümü təbrik etmək üçün. Təsadüfən zəng elədi, təsadüfən gəldi, təbrik etdi və təsadüfən də xidmətə qayıtdı"-deyir şəhid atası.

Hələ iyul hadisələri zamanı oğlunun general Polad Həşimovun şəhid olması xəbərindən sarsıldığını bildirir:

"Ermənilərin Tovuzdakı hücümu ilə bağlı narahat idi Elvin. General Polad Həşimovun şəhid olma xəbərindən çox sarsılmışdı, yerə-göyə sığmırdı. Deyirdi ki, bu müharibə nə vaxtsa başlamalıdır."

Qəhrəman şəhidimiz məzuniyyətə az-az gəlirmiş. Atasının dediyinə görə o, özünü şəhid olmağa hazırlayıbmış:

 

"Çox qeyri-adi insan idi. Müharibə başlayan gün mənə zəng etdi. "Bismillah edib əks-hücuma keçdik, xeyir-dua ver, ata"-deyə bildirdi. Sonra mənə dedi ki, ola bilər, nəsə başqa yanlış xəbər eşidə bilərsiniz, amma inanmayın. Yalnız rəsmi, xüsusən də Cənab Ali Baş Komandanın dilindən səslənən xəbərlərə inanın. Onu da ki, narahat olma, məndən heç nə soruşma, eşidəcəyin lazım olan məlumatları özüm sənə deyəcəm. Özünə yaxşı bax, ata!"-deyə şəhid atası köks ötürür. 

"Oktyabr ayının 1-də ad günü idi. Zəng edib təbrik etmək istədim. Tərəddüd etdim, mane ola bilərəm deyə fikrimdən daşındım. Dözə bilmədim, yenə zəng vurdum, telefonu bağlı idi. Ad gününü təbrik etmək də qismət olmadı mənə"- Əbülfəz Abdurahmanov deyir. 

Şəhidimizin atası deyir ki, Elvin subay idi:

"Oğlum hələ evlənməmişdi. İki il idi ki, nişanlı idi. Hələ orta məktəb illərində, V-VI sinifdə oxuyarkən sevdiyi qızla nişanlı idi. Gələn il toyunu etməyə hazırlaşırdıq, qismət olmadı. Sən demə oğlum özü də bilirmiş ki, şəhid olacaq"-deyir  Əbülfəz Abdurahmanov.  

Şəhidimizin əmisi, ehtiyatda olan mayor Abdurahmanov Şakir də bizimlə söhbətində Elvinin cəsur, ürəkli hərbçi olduğunu bildirir:  

"Həmişə mənə deyirdi ki, müharibə başlayacaq. Biz Qələbə qazanacağıq, sənin yarıda saxladığın kəşfiyyat arzularını mən davam etdirəcəm, əmi. Arzusu bu Vətən üçün savaşmaq, düşməni məhv eləmək, millət yolunda şəhid olmaq idi, ona da çatdı" - mayor Abdurahmanov Şakir danışır.

Şəhidimiz hərbi xidmətdən hər dəfə məzuniyyətə gələndə anasına deyrimiş ki, ana, sənin 3 oğlun yox, 2 oğlun var. Mən Vətənin oğluyam, çalış ki, mənsizliyə alışasan. 

Bu barədə şəhidimizin qardaşı Elçin Abdurahmanov Miq.Az-a danışır:

"Müharibədən əvvəl də, sonra da hər şeyə hazır olun deyirdi.  Sonuncu dəfə mənlə danışanda dedi ki, möhkəm olun!  Nəsə olsa, atama-anama de ki, ağlamasın! Siz Qələbə xəbərini eşidəcəksiniz yaxınlarda. Anamla sonucu dəfə sentyabrın 30-da danışdı. Gülə-gülə dedi ki, axı sənə demişdim, o biri iki qardaşım sənin, mənsə Vətənin oğluyam. Məndən nigaran qalma, ana."-deyir Elçin Abdurahmanov.

"Dörd saat yaralı vəziyyətdə mühasirədə qalıb, şəhid olan əsgər" adıyla yayılan qardaşının videosuna da aydınlıq gətirir Elçin. Bildirir ki, əslində qardaşının videoda deyildiyi kimi mühasirədə qalib qan itirməsi xəbəri düzgün deyil: 

"O video qardaşımın şəhid olduğu gündən qabaq çəkilib. Bilirəm, qardaşımın hansı şəraitdə şəhid olması ilə bağlı çoxları maraqlanır. Qeyd edim ki, qardaşım Füzuli-Cəbrayıl istiqamətində əməliyyatda yüksəklik uğrunda döyüş zamanı şəhid olub. Həmin yüksəklik qardaşım şəhid olan gün alınıb. Düzdür, çox yaxın məsafədə döyüş olub. Qardaşım yaralı halda olub və ağır artilleriya atəşi altında onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Saatlar sonra yüksəklik götürülüb və arxadan kömək qüvvə gəlib.  O zaman qardaşım aldığı güllə yarasından hospitala çatmamış şəhid olub. Amma yenə də sizin sayt vasitəsilə qardaşımı sevənlərə, onun üçün narahat olanlara deyirəm ki, məlum videoadakı çəkilişdən bir neçə gün sonra şəhid olub qardaşım. Həqiqətən də, aldığı güllə yarasından atəş xətti altında qalıb. Amma onu ordan çıxarmaq çətin olub. Təsəvvür edin, düşmən bütün artilleriya silahlarını işə salıbmış"-deyə Elçin bildirir.

Şəhid vəsiyyəti: 

Elçin deyir ki, qardaşı şəhid olandan sonra telefonuna yazdığı vəsiyyətini tapıblar. Vəsiyyətdə yazılıb:

 "Əgər mənə nəsə olsa, qırmızı flaş kartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Atama, anama yaxşı baxın! Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun inşallah! Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!"

Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdurahmanov Elvin Əbülfəz oğlu Qəbələ rayonu, Əmirvan kəndində dəfn olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib