Dərc edilib: 22-11-2020

https://www.nuh.az/26733-.html

General-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova

22.11.2020 10:14:28

Cəmiyyət

“Mən çox sevindim ki, torpaqlarımız şükür Allaha ki, işğaldan azad olunur. Gün o gün olsun düşmənlərimiz Kəlbəcərimizdən, Laçınımızdan, Xankəndimizdən də çıxsınlar”

Bunu Moderator.az-a açıqlamasında noyabr 1991-ci il tarixində Qarakənd faciəsi nəticəsində həlak olmuş daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova deyib:
“Bu gün mən Fəxri Xiyabana getdiyim üçün ölkə başçımızın çıxışına baxa bilmədim, amma təkrar verəcəklər baxacam. Mən çox sevindim ki, torpaqlarımız şükür Allaha ki, işğaldan azad olunur. Gün o gün olsun düşmənlərimiz Kəlbəcərimizdən, Laçınımızdan, Xankəndimizdən də çıxsınlar. Bu gün qonaqları qəbul edə-edə radiodan eşitdim ki, 20 noyabr Azərbaycanın tarixinə Ağdamın azad olunması kimi düşdü. Daha sonra isə diktor heç nə demədi. Mən də fikirləşdim ki, 1991-ci ildə 18 oktyabr müstəqillik aktına Məhəmməd Əsədov kimi aydınlarımız imza atmışdılar. Daha sonra 20 noyabrda  onlar Qarakənd kəndi üzərində şəhid oldular. Yəni 20 noyabr tariximizdə ilk dəfə bu cür yadda qalıb. Düşündüm ki, gərək diktor Qarakənd faciəsində şəhid olan ziyalılarımızı da xatırladardı. Əksinə, 1991-ci ildə o aydınlarımız şəhid olmasaydı, bu 20 ildə ölkəmizin vəziyyəti bu cür olmazdı, erməninin nə ixtiyarı var idi ki, torpaqlarımızı işğal etsin?” 
M.Əsədova Məhəmməd müəllimin torpaqlarımızın işğaldan azad edilməsi dövründə yuxusuna girmədiyini bildirib:
“Mən sizə yalan deyə bilmərəm, yuxuma girməyib. Amma mən Məhəmməd Əsədovu həmişə canlı görürəm, elə bilirəm ki, nə vaxtsa qayıdıb gələcək və görəcək ki, xalqımız nə qədər əziyyə çəkib. Əvvəllər tez-tez yuxuma girərdi, amma son zamanlar yada düşmür deyə yuxuma girmir”.
M.Əsədova işğaldan azad edilən rayonlarımıza yollar açıldıqdan sonra doğulduğu Zəngilan rayonuna gedəcəyini deyib:
“İşğaldan azad olunan rayonlarımızın hər biri bir ölkədir. İnşallah gedəndə birinci Zəngilana gedəcəm. Qayınatamın Baharlı kəndinə və ordan isə Mincivana ata evimizə gedib, ziyarətgahımıza baş çəkəcəm. Bilirsiniz ki, ermənilər o yerləri talan ediblər. Zəngilanda qızıl yataqları olduğu üçün ermənilər rayonu bizə vermək istəmirdilər. Bizim ordumuz Zəngilanı alandan sonra ermənilər ikinci dəfə rayonu qaytarmaq istəyirdi. Qızıl yatağına görə Zəngilanda başqa ölkələrin də marağı var. Biz Məhəmməd Əsədovla bir dəfə Ağdamda olmuşuq və onda Ağdamın inkişaf edən vaxtları idi. İndi Zəngilandan sonra Allah qismət etsə, övladlarımla birlikdə Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya gedəcəm”. 
M.Əsədovu heç vaxt digər ziyalılardan ayırmadığını deyib:
“Mən 1991-ci il hadisəsini heç vaxt unuda bilmərəm. Bir dəfə Milli Məclisdən təklif etdilər ki, Məhəmməd Əsədova Azərbaycanın Milli Qəhrəmanı adını verək. Mən də dedim ki, Məhəmməd Əsədov vertolıyotda tək deyildi, əgər hamısına bu adı verirsinizsə, verin. Amma tək Məhəmməd Əsədova bu adı vermək istəyirsinizsə, mən onu onlardan ayıra bilmərəm. Düşünürəm ki, dövlətimiz nə vaxtsa, Qarakənd faciəsinin şəhidləriylə bağlı da müəyyən qərarlar qəbul edər. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib