Dərc edilib: 01-12-2020

https://www.nuh.az/26895-.html

Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir

01.12.2020 17:59:26

Cəmiyyət

Bu gün əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan mərhum Şəfiqə Əliyevanın 90 illik yubileyidir. 


“Qafqazinfo” xəbər verir ki, ölkədə tətbiq edilən karantin tədbirləri səbəbindən mərhumun yubileyi illərlə kimya fənnini tədris etdiyi Bakıdakı 190 saylı orta məktəbdə qeyd edilməsə də, bu gün onun şagirdləri  və ailə üzvləri Şəfiqə xanımı məzarı başında anıblar.

Qeyd edək ki, Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun kimya-biologiya fakültəsində davam etdirib.

Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirərək təyinatla Şəkiyə göndərilib, Lənkəran və Cəlilabad rayonlarında pedaqoji fəaliyyətlə məşğul olub. 1969-cu ildən ömrünün sonuna qədər isə Bakıdakı 190 saylı orta məktəbdə kimyadan dərs deyib.

Respublikanın əməkdar müəllimi olan Ş.Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin müəllifidir.

Ş.Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bir qızı, iki nəvəsi var.

Qeyd edək ki, Ş.Əliyeva ümummili lider Heydər Əliyevin bacısıdır.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib