Dərc edilib: 03-12-2020

http://www.nuh.az/26924-.html

Minaya düşən 23 yaşlı qazi: “Ayağımı götürüb 500 metr tək getdim”

03.12.2020 10:22:28

Cəmiyyət

"Ali Baş Komandanın əmri, mənim və məndən də güclü əsgərlərimizin sayəsində Qarabağ artıq bizimdir”.
Bu sözləri oxu.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində öz igidliyi ilə seçilən qazi Abbas Abbaslı deyib. 

Qəhrəman qazi kimi evinə qayıdan A.Abbaslı xidmətini davam etdirən əsgər yoldaşlarının da sağ-salamat ailələrinin yanına qayıtmasını diləyir.
23 yaşlı qazimiz əslən Cəbrayıl rayonundan olsa da, daha əvvəl uğrunda döyüşdüyü bu torpaqlarda olmayıb:
"Azərbaycanın hər bir qarışı bizim üçün əzizdir. Əslən Cəbrayıl rayonundanıq. Döyüşlər başlayanda hərbi hissədə idim. İki dəfə həyəcan siqnalı verildi. Biz çox istəyirdik ki, üçüncü dəfə həyəcan siqnalı eşidilsin və biz döyüşə gedək. Nəhayət ki, gözlədiyimiz həyəcan siqnalı eşidildi və döyüşə yollandıq. Döyüşdür, bilmək olmaz deyə, əsgər yoldaşlarımızla görüşüb, halallaşdıq”. 
A.Abbaslı deyir ki, döyüşə gedən zaman həyatında heç vaxt görmədiyi analar onun və digər əsgər yoldaşları üçün dua edir, onları ruh yüksəkliyi ilə yola salırdılar.
"Maşının arxasınca qaçanlar, su, siqaret və s. verməyə çalışanlar olurdu. Xalqımızın birliyi bizi daha da sevindirirdi”.
A.Abbaslı Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətən uğrunda topçu kimi mübarizə aparan A.Abbaslı düşmənin yerləşdirdiyi piyada əleyhinə minaya düşərək əlindən yaralanıb, sağ ayağını isə dizdən aşağı itirib:
"Biz irəli getdikcə güclü top atəşinə tutulurduq. Mövqelərimizdə möhkəmlənib verilən hədəflərini məhv edirdik. Bizim artilleriya bütün döyüş tapşırıqlarını tam dəqiq yerinə yetirdi. Biz bu döyüşdən üzüağ çıxdıq. 
Minaya düşməyim isə gözlənilməz oldu. Düşünmürdüm ki, o ərazidə mina olar. Elə ayağımı atmağımla göyə qalxmağım bir oldu. Yıxılanda gördüm ki, ayağım artıq yoxdur, dayanmadan qan axır. Yaxınlıqda heç kim yox idi. Ayağımı əlimə götürüb 500 metr yolu tək gəldim. Yolda bir anlıq ayağımın vəziyyətini görüb qəbul edə bilmədim. Əlimi silahıma atdım ki, özümü vurum. Gördüm ki, silahım yoxdu. O an orada özümü öldürmək istədim. Çətindir, qəbul etmək çox çətin gəlir. Amma bilirəm ki, bundan sonrakı mərhələdə daha da çətin olacaq. Heç kim istəməz ki, belə bir şey yaşansın. Amma bu Vətən uğrunda olubsa, peşman deyiləm. İnşallah ayağa duracağam”.
Qazinin anası oğlu ilə fəxr etdiyini deyir:
"Şükür Allaha ki, sağ-salamat qayıtdı. Onun nəfəsi belə mənə bəsdir”.
Evinə qayıdan qazini əzizləri və paytaxt sakinləri böyük izdihamla qarşılayıblar. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib