Dərc edilib: 03-12-2020

http://www.nuh.az/26929-.html

Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov dedi... - Fotolar

03.12.2020 14:01:10

Maraqlı

Məlum olduğu kimi, 1982-ci ildə ümummilli lider, ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin tapşırığı ilə dahi şair Hüseyn Cavidin cənazəsinin qalıqları Uzaq Sibirdən Azərbaycana gətirilib. Bu tapşırıq Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirova həvalə edilib.


Yazar Fərid Hüseyn həmin tarixi səfərdə iştirak edən, H.Əliyevin tapşırığını icra edən adıçəkilən şəxslərlə söhbətləşib.

– Heydər Əliyev Hüseyn Cavidin nəşini Vətənə gətirməyi göstəriş verəndə siz hansı hissləri keçirdiniz?

Həmid Cəfərov: 1980-ci illərdə Azərbaycanda baş verən mədəni, siyasi hadisələr SSRİ miqyasında dəyərləndirilirdi. Belə bir vaxtda repressiyaya məruz qalmış ölkələrin vətəndaşlarının içərisində, azərbaycanlılara qarşı olan mülayim münasibət heç bir SSRİ respublikasında yox idi. Bu məsələlərin bu cür olmasının səbəbkarı Ulu Öndər Heydər Əliyev idi. Hamımızın xatirindədir, 1972-ci ildə az qala xalq düşməni adlandırılan Nəriman Nərimanovun heykəli ucaldıldı, 100 illik yubileyi keçirildi. Heydər Əliyev Moskvada N.Nərimanov haqqında danışanda, ondan böyük dövlət xadimi kimi bəhs etdi. Bu, hələ yenicə başlayan prosesin əvvəli idi. Sonralar repressiya olunmuş Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin adı məktəblərə, küçələrə verildi, onların ev muzeyləri yaradıldı.

 

 

1956-cı ildə Hüseyn Cavid də bəraət alsa da, adını çəkən demək olar yox idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana, mədəniyyətimizə, ədəbiyyatımıza, Hüseyn Cavid yaradıcılığına və şəxsiyyətinə verdiyi dəyər misli görülməmiş bir münasibət idi: Və bu münasibətin təzahürü kimi o, Cavid əfəndinin cənazəsinin qalıqlarının vətənə gətirilməsinə göstəriş verdi. Ulu Öndərin tapşırığından sonra biz bir il Sibirlə, Maqadan və İrkutsk vilayətinin bu işlə əlaqəli şəxsləri ilə məktublaşdıq, danışıqlar apardıq. Nəhayət, Maqadandan Hüseyn Cavidin 13 133 nömrəli işini gətirdik. Vilayət Partiya Komitəsinin Birinci Katibi Kamran Rəhimov işi ona təqdim etdi və o zaman Ulu Öndər gərgin çalışmasına baxmayaraq bizə diqqət ayırdı və əldə etdiyimiz sənədlərlə tanış oldu. O sənədlərdə Cavidlə bağlı çox şey əksini tapmışdı. Orada göstərirlər ki, ayağını don vurduğuna görə şairi Maqadanda Tayşet Rayonunun Şevçenko kəndinə gətiriblər, o, üç ay yol gəlib. Çünki orda məhbuslar üçün əlillər evi vardı, orada müalicə almalıydı. Noyabrın 15-i gəlib mənzil başına çatıblar və dekabrın 5-i Cavid əfəndi vəfat edib. Bu danışıqlar hamısı rəsmi şəkildə aparılıb. Ulu Öndər sənədlərlə tanış olandan sonra cənazənin qalıqlarını gətirmək üçün göstəriş verdi. Bu şərəfli iş üçün Heydər Əliyev Sov.İKP MK-nın Baş Katibi L.İ.Brejnev və Y.V.Andropova müraciət etmişdi, məsələ hörmətlə həll olunmuş və İrkutsk vilayətinin rəhbərlərinə göstəriş verilmişdi. O vaxt Hüseyn Cavidin yubileyinin keçirilməsi məsələsi gündəmdə idi. Və həmin yubiley komissiyasının sədri mən idim. O vaxt mən Vilayət Partiya Komitəsinin üçüncü katibi idim və ideoloji işlərə rəhbərlik edirdim. Bu məsələni Ulu Öndər Heydər Əliyev mənə tapşırdı. Həddən artıq çətin idi, məsuliyyətli idi, ancaq Ulu Öndər Heydər Əliyev arxamızda idi deyə, biz qorxmurduq. Onun SSRİ miqyasındakı nüfuzu ölçüyəgəlməz idi. Tapşırmışdı, nə çətinlik olsa, mənə deyin, kömək edim. Biz də qürurla, rəhbərimizə inam hissiylə Sibirə səfərə yollanmışdıq. Naxçıvan Vilayət Partiya Komitəsinin bürosu Hüseyn Cavidin məzarının tapılıb Azərbaycana gətirilməsi haqda qərarın icrasını Həmid Qara oğlu Cəfərova həvalə etdi. Sibirdə Azərbaycandan gələn nümayəndə heyəti İrkutsk Vilayət Partiya Komitəsinin katibi Evstafi Antipin daxili işlər idarəsinin rəisi polkovnik Gennadiy Luçenko, Tayşet Şəhər Partiya Sovet hüquq mühafizə orqanı rəhbərləri Oleq Kortunov, Aleksandr Petrov, Elena Xaritinova, Viktor Kuzenko ilə çox ehtiramla və anlaşıqlı işgüzar əlaqə yaradıb çalışdıq.

Zakir Nəsirov: Mən həmin vaxt Fransaya getməliydim. Səfər üçün sənədlərim hazır olandan sonra Həmid müəllimə müraciət etdim, dedi ki, mənə belə bir iş tapşırılıb, sən də gedə bilərsən? Dedim, əlbəttə. Səhər biz yola düşdük, əvvəl Yerevana, sonra Moskvaya ordan da İrkutsk vilayətinə getdik.

 

– Zakir bəy, Fransa səfəri necə oldu, sonra getdinizmi? Heç nə zamansa düşündünüzmü ki, həmin vaxt həvəslənib Paris səfərinə getsəydiniz nələri itirərdiniz? Belə bir sual ürəyinizdə haçansa yer eləyibmi?


Zakir Nəsirov: Qayıdandan bir neçə ay sonra Fransaya getdim. Fransada olanda türkiyəli tələbələrlə görüşdə Hüseyn Cavidin şeirləri səsləndirildi. Onlar böyük ədibimizin İstanbulda təhsil almağından da xəbərdar idilər. Qeyd etdim ki, onun cənazəsi 2-3 ay əvvəl Azərbaycana gətirilib və həmin nümayəndə heyətinin tərkibində mən də vardım.

Həmid müəllim mənə Cavidin cənazəsinin qalıqlarını gətirməyi təklif edəndə dedim ki, şairin oğlu dünyada yoxdur, ancaq elə biz də onun övladlarıyıq, Paris qaçmır, ora sonra da getmək də olar. Mən bilirdim ki, bu tarixi səfərdir. Və əlli Paris, əlli London səfəri belə bir xeyirxah əməli əvəz edə bilməz. Bu səfər bizim alnımıza yazılıbmış. Cavidin nəşini vətənə gətirmək məsələsi o vaxta qədər də qaldırılmış, ədəbiyyatşünas Abbas Zamanov bir zamanlar belə təkliflə çıxış edibmiş, ancaq buna əhəmiyyət verən olmayıb. Bu işi Heydər Əliyev uğurla sonlandırdı və tarixi bir əmələ imza ataraq, Cavidi vətəninə qovuşdurdu.

 

 

– Məsələni mistikləşdirməyin tərəfdarı deyiləm, amma gərək olanı da gözardı etməyək. Məzarın qazılması prosesini əks etdirən bir foto var: diqqətdən yayınmır ki, torpaqdan sanki bir nur haləsi, işıq seli yayılır ətrafa. İstərdim yaddaşınıza söykənib o məqamları xatırlayasınız...

Həmid Cəfərov: Tayşetdən Şevçenko kəndinə 75 km-dir. Bizi də tələsdirirdilər ki, tez olun gedək, soyuqdur. 30 dərəcə şaxta vardı. Bütün bunlara baxmayaraq öz işimizi sahmanla, ardıcıllıqla görürdük. Tayşet İcraiyyə Komitəsinin 141 №-li Sərəncamı ilə mənə H.Cavidin cənazəsini 59№-li məzardan çıxarıb aparmağa icazə verildi. Prokuror axtarışlar üçün sanksiya vermişdi. O qəbiristanlıqda 40 000-dən çox məzar vardı. Qəbri tapıb tabutu açanda gördük içindəki adam sanki yatıb. Biz mitinq keçirdik, repressiyanı lənətlədik, Telman Əliyev göstəriş verdi ki, yüz yaylım atəşi açılsın. Sonra qalıqları çıxarıb apardığımız tabuta sərdiyimiz kəfənə qoyanda ətrafa işıq saçıldı. Sanki möcüzə idi. Həmin anın şəkil çəkilən məqama təsadüf etməsi də qəribə hadisədir.

Sümük, tük və yun çürümür. Moskvada mənə demişdilər ki, Cavidin baş hissəsini yoxla. Zakir onun məzardan baş hissəsini çıxarıb mənə verəndə silib-təmizləyib alnından öpdüm, başının arxasında heç nə yox idi, qalan ancaq tükləri idi. Sənəddə yazıldığı kimi başının qabaq hissəsi keçəl, boyu isə orta idi. Telman Əliyev baxdı ki, sol qıçında yun corabın izləri var. Ekspertlər təsdiqlədilər. Ancaq ona əl vuran kimi həmin yun xırdalanıb töküldü. Cəsədi adyala bükülmüşdü, o da tam çürüyərək sümüklərinə yapışmışdı.

Axşam isə ehsan süfrəsi açdıq.

Sibirdə gəldiyimiz ilk günlərdən İrkutsk vilayəti daxili işlər idarəsinin rəisi polkovnik R.Medvedyev, ekspert-kriminal idarəsinin rəisi polkovnik V.Astaşenko, mühafizə işləri üzrə məsul şəxs polkovnik Y.Kostovski ilə Cavidlə bağlı arxiv materiallarını çox ciddi, dəqiq şəkildə araşdırıb, lazımi sənədləri hazırlayıb, təsdiq etdirdik.

Zakir Nəsirov: Başdan ayağa kimi cənazənin qalıqlarını tabuta düzdük, sonra qəbirdəki torpağı da tabuta tökdük. O torpaqdan iki torba da vətənə gətirdik, onlardan biri ədibin Bakıdakı, o biri Naxçıvandakı ev muzeyində saxlanılır. Qalıqları çıxarandan sonra sanki tabutdan bir işıq, od çıxdı və biz hamımız o nuru, işığı gördük.

 

– Şairin nəşini böyük bir tabutda vətənə gətirmisiz. Həmin tabutu o böyüklükdə niyə sifariş vermişdiniz ki?


 

Telman Əliyev: Biz düşündük ki, bu dünyanı onun başına dar eləyiblər, heç olmasa tabutu geniş, rahat olsun.

 

– Əslində, bəxtiyeyin olmusunuz, normalda orda şaxta 40-50 dərəcədən çox olur, amma siz gedəndə haya qismən mülayim olub.


Həmid Cəfərov: Bilirsiniz, bu həm də Cavidin bəxtindən idi. Tabutun sifariş verilməsi, alınması da qəribə bir hadisə idi. Üçümüz gedib tabutu mebel fabrikində ustaya sifariş verdik. Dedim 2 metr uzunu, bir metr eni olsun. Usta dedi ki, bu boyda tabut nəyə lazımdır? Təkid etdik ki, düzəldin, heç olmasa cənazəsinin qalıqları vətənə rahat getsin. Tabut düzələndən sonra onu götürmək lazım idi. Məlum oldu ki, bizi içəri buraxmayacaqlar. Çünki tabutu düzəldənlər məhbuslar imiş. Zülmlə tabutu ordan çıxardıq, maşına qoyub Şevçenko kəndinə yollandıq.

– Mən bilən, cənazənin qalıqlarını başqaları gətirməliymiş, ancaq onlar bu səfərdən imtina ediblər...

Həmid Cəfərov: Bəli, düz deyirsiniz. Çünki həmin adamlar məsuliyyətdən qorxdular...

 

– Heydər Əliyev tərəfindən tapşırıq almışdınız, burda qorxmalı nə var idi ki?


Həmid Cəfərov: Düşündülər ki, birdən Heydər Əliyevin göstərişini yerinə yetirə bilməzlər.

 

– Axı yuxarıda dediniz ki, Heydər Əliyev sənədlərlə tanış olmuşdu. Düşünürəm o dəqiq bilmədiyi, nəticəsi özünə irəlicədən yəqin olmadığı bir işə qol qoymazdı. Belə halda verilən tapşırığı yarıda bilməyəcəyindən ehtiyatlanmaq hansı məntiqə sıxır?

Həmid Cəfərov: Düz deyirsiniz, ancaq onlar yenə də ehtiyat edirdilər. Bizlə Naxçıvanın o vaxtkı Daxili İşlər naziri Sadıq Sadıqov getməli idi. Çünki Sadıq müəllim repressiyadan əziyyət çəkənlərdən idi, Moskvada olanda İrkutsk vilayətinin polis rəisi ilə dostlaşmışdı və bu əlaqə işlərimizi asanlaşdıra bilərdi. Bizlə gedəcək ikinci adam isə Naxçıvan şəhərinin polis rəisi İbrahim Qədimov idi. İkisi də sağ-salamat adamlar idi. Onlar yola düşməyimizə bir saat qalmış guya xəstələndilər. Sadıq Sadıqov otağıma gəlib dedi ki, mən möhkəm soyuqlamışam gedə bilməyəcəyəm, üstündən on dəqiqə keçmiş digər şəxs də həmin bəhanəylə səfərdən imtina etdi.

Mən o zaman üç illik məzuniyyət pulumu, 3 illik deputat maaşımı almışdım. Telman və Zakir müəllimin də hərəsinin cibində 200 manat vardı. Mənim cibimdəsə 9853 manat. Dedim, bir halda ki, biz birgə yol gedirik, bu pullar üçümüzündür, nə lazımdırsa edəcəyik. 

Həmid Cəfərov: Əvvəl Moskvaya yola düşdük. Gecə gözümə yuxu getmədi. Telman müəllim soruşdu, niyə yatmırsan? Dedim bu iş baş tutmasa özümü güllələyəcəyəm, məni qoyub o tabuta məni gətirərsiniz. Amma bütün narahatlıqlarla yanaşı əmin idim ki, bu məsələ alınacaq, çünki bu işə bilavasitə Heydər Əliyev rəhbərlik edirdi. Bu, bizi arxayın salan məqam idi. Həm də Heydər Əliyev demişdi ki, işdir əgər cəsədin qalıqlarını tapmasanız, heç olmasa, qəbri işarələnmiş yerdən Cavidin bir ovuc torpağını gətirərsiniz.

 

– Siz İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndinə yola düşəndə ilikdonduran oktyabr günləri idi. Heydər Əliyev sizə demişdi ki, ola bilər Cavidi “qardaş qəbirlər”də basdıralar. Çünki o vaxt sürgün edilənlərin bir neçəsini eyni qəbirdə dəfn edirdilər. Yəni həm tək, həm də müştərək qəbirləri axtarmalı idiniz, belə olan təqdirdə sümükləri ayırd eləmək çətinliyi yaranacaqdı. Hətta qalıqları tapılmasa qəbrindən bir ovuc torpaq gətirməyi məsləhət bilmişdi. Siz heç məzarı tapmamaq, yaxud qardaş qəbirlərdə sümükləri ayırd etmək kimi məsələnin nəhs tərəfini düşünürdünüzmü?


Həmid Cəfərov: Maqadandan gələn sənədlər o qədər dəqiq, hüquqi cəhətdən düzgün idi ki, məzarı tapmamaq şansımız çox az idi. O arxiv materialları ilə yenə gedib ordan kiminsə qəbrini tapmaq olar. Əgər arxivdə qardaş məzarlar məsələsi olsaydı, onda biz bunu əvvəlcədən biləcəkdik. Eyni zamanda məhbuslar evində işləyənlər, o vaxtı görən adamlar sağ idi, onlar çox dəqiq məlumatlara malik idilər. Stalinin qorxusundan arxiv sənədləri çox dəqiq idi. Həm də tapmasaydıq belə, bir ovuc torpaq gətirə bilərdik. Bu da bizdə bir inam yaradırdı. Çünki Heydər Əliyev hər şeyi dəqiq bilirdi.

– O səfər günlərində Telman müəllimin bacısı dünyasını dəyişir. Və ailənin böyüyü olduğuna görə bu qara xəbəri ondan gizlətmirlər. Telman müəllim çamadanını toplasa da, hava limanının qarşısında yerə qoyub deyir: “Sizi tək qoyub gedə bilmərəm”. Bura qədəri aydındır, bəs bundan sonrakı məsələlər necə cərəyan etdi? .

Telman Əliyev: Mən Naxçıvandan yola çıxandan az sonra bacım rəhmətə gedib, ancaq mənə bildirməyiblər, onu dəfn ediblər. Mən səfərə çıxanda bacımın ölüm ayağında olmasını Həmid müəllimə demədim. Çünki bu məsələ həmin anda bəhanə kimi görünə bilərdi. Mehmanxanada ikimizin də gözünə yuxu getmirdi. Həmid müəllim məndən soruşdu ki, niyə yatmırsan, bacımın vəziyyətini ona izah elədim, mənə ürək-dirək verdi ki, narahat olma, Allah kömək olacaq, sağalacaq. İrkutska çatanda Həmid bəy Naxçıvan Vilayət Partiya Komitəsinin Katibi Aleksandr Qolubevə gördüyü işlərlə bağlı məruzə etdi. Sonra dəstəyi mənə verdi və Daxili İşlər Nazirliyinin növbətçisi Bəylər Eyyubov mənə dedi ki, bacın rəhmətə gedib. Məni ağlamaq tutdu. Həmid müəllim dedi ki, sən qayıt. Çamadanımı yığdım, məni gətirdilər hava limanına. Düşündüm ki, onları qoyub hara gedim, axı bu işdə mənim də vətəndaşlıq borcum var, bəs üzərimə düşən vəzifəmi kim icra edəcək? Beləcə, Cavid sevgisi məni hava limanından geri qaytardı.

– Bəs geri qayıdanda, nəsildə, yaxud ailə içində dəfnə yetişə bilmədiyinizə, yaxud bacınızı o cür ağır vəziyyətdə qoyub səfərə getdiyinizə görə sizi qınayan oldumu?

Telman Əliyev: Xeyr, əksinə bütün yaxınlarım dedilər ki, düz eləmisən. Hamı əlini çiynimə qoyub deyirdi ki, sən öz vətəndaşlıq borcunu yerinə yetirmisən. Bu, bizim Cavidə və Heydər Əliyevə sevgimizin ifadəsi idi.

– Tabutun təyyarəyə yerləşdirilməsində hansısa problemlər yaşadınızmı?

Həmid Cəfərov: Təyyarəyə tabut yerləşdirməklə bağlı tələb belədir, daha doğrusu, bununla bağlı xüsusi qaydada bildirilir ki, bir nəfərin tabutu bu yerdən başqa yerə aparılırsa, o taxtadan olmalıdır. Həmin tabut asinkovu dəmirlə örtülməlidir, sonra başqa bir taxtayla “hörülməlidir”. Cavidin tabutu ağ, qalın taxtadan düzəldilmişdi. Biz fikirləşdik ki, tabutu bu şəkildə apara bilməyəcəyik. Telman müəllim dedi ki, qara parça tapıb tabutu bürüyək. Bir qoca gedib evdən 5-6 metr qara məxmər parça gətirdi. Tabutu o parçaya bükdük və lazımı qaydada vətənə gətirdik.

Zakir Nəsirov: Hüseyn Cavidin tabutunu gətirəndən sonra cənazənin qalıqları Şirvanşahlar sarayında bir həftə qaldı. Vida mərasimində mən tabuta baxanda hiss elədm, Həmid müəllimə də dedim ki, onu açıblar. İnsanı baş hissəsindən yoxlayıb kimliyini müəyyənləşdirmək çox asan məsələdir. Hüseyn Cavidin cəsədinin qalıqları gətiriləndən sonra dəqiq həmin adam olub-olmaması yoxlanılmışdı.

Həmid Cəfərov: Bəli, sonralar mənə rəsmi şəxslər danışdılar ki, Ulu Öndərin göstərişi ilə ekspertlər tabutu lazımi qaydada açıb cənazənin qalıqlarının Cavid əfəndiyə aid olub-olmadığını yoxlayıblar.

Bir hadisə də danışım: Biz Şirvanşahlar sarayından qayıdandan sonra gördük ki, Rəfiq Zəka, Şahin Səfərov, Xəlil Rza, Cahangir Cahangirov bizim mehmanxanaya gəliblər. Təbrik elədilər, səhərəcən bizi sorğu-suala tutdular. Biz Hüseyn Cavidin 59 №-li baş daşını da özümüzlə gətirmişdik. Gətirdiyimiz torpağa baxdılar. “Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarını uzaq məsafədən – Sibirin Tayşet qəbiristanlığından, qatar və təyyarə ilə Bakıya gətirilməsini, respublika ictimaiyyətinin diqqətində olmasını və təntənəli biçimdə şairin öz vətənində – Naxçıvanda torpağa tapşırılmasını “Heydər Qəhrəmanlığı” anlayışına daxil edirəm”. Bax bu, o qayıdışa verilən qiymət idi.

– Həmid müəllim, bu uğurlu səfərdən sonra ad-sanınız ölkəylə bir oldu, Cavidlə bağlı bütün tədbirlərdə, bayramlarda baş oldunuz. Heç sonra sizə yoldaşlıq eləməyən, canını əziyyətə salmasın deyə son məqamda boyun qaçıranlar peşman olmuşdularmı, özünüzə qarşı bir həsəd duyurdunuzmu?

Telman Əliyev: Çox da büruzə vermədilər. Ürəklərində nə düşünürdülər, onu biz bilə bilmərik.

Həmid Cəfərov: O zaman həmin adamların getməməsinin əsas səbəbkarı Kamran Rəhimov idi. Heydər Əliyev həmin vaxtlarda Naxçıvana gələndə onunla bağlı görüşlərə mən rəhbərlik edirdim. O, Heydər Əliyevin birbaşa mənə tapşırıqlar verməsini qəbul edə bilmirdi. Düşünürdü ki, gələcəkdə birdən onun yerinə – Naxçıvanın Birinci Katibi vəzifəsinə məni təyin edərlər. Şəhərin milis rəisi İbrahim Qədimov da onun qohumu idi, o da Daxili İşlər Naziri Sadıq Sadıqova tabe idi. Düşündülər ki, Sadıqov Qədimovla birgə gedər, sonra deyərlər ki, özün gedirsən, bəs şəhərin rəisini hara aparırsan? Sən bizə burda lazımsan demişdi.

– Həmid müəllim, siz Daxili İşlər Nazirliyində işləmisiniz, aranızda Naxçıvanın millət vəkili olan da var. Yüksək vəzifəli, karyera pillələrində ucalan, ancaq adı unudulan adamlar var. Sualımı yozmadan, əyintisiz anlayacağınıza inanıram. Əgər H.Cavidin cəsədinin qalıqlarını gətirməyi sizə tapşırmasaydılar, hesab edirsinizmi sizin də adınız həmkarlarınızın bəziləri kimi unudulacaqdı?

Telman Əliyev: Biz vəzifədə çalışanda da, indi də nüfuzumuz eyni dərəcədə qalır. Ancaq Hüseyn Cavidlə bağlı xidmətimiz bizi əbədilik ürəklərə həkk elədi.

Həmid Cəfərov: Mən Naxçıvanda 10 il işlədiyim müddətdə, daha sonra Daxili işlər orqanlarında çalışdığım dövrdə, tabeliyimdə olan şəxslərlə münasibətdə həmişə sabitqədəm olmuşam. 1990-93-cü illərdə Qarabağ savaşında 500-dən çox polis işçisi şəhid oldu, onların dəfni, adlarının əbədiləşdirilməsi, haqlarında kitablar yazılması, milli qəhrəman adına təqdimi kimi işlərə mən baxmışam, 3 il gecə-gündüz bu işlərlə məşğul olmuşam. Yaralıları Cavad Heyətlə İrana aparırdıq. İşimizə vicdanla yanaşmağımız və üstəgəl bu tarixi xidmətimiz bizi hər zaman hörmətli elədi. Biz hər hərəkətimizi yüz ölçüb, bir biçmişik ki, heç kəs deyə bilməsin: Baxın e, Hüseyn Cavidin cənazəsinin qalıqlarını gətirən adamlar görün nəylə məşğuldurlar?

Biz bu sözləri özümüzə dedizdirtmədik. Biz 35 ildir hər an Hüseyn Cavidlə yaşayırıq. Hər birimizin dünənimizlə fəxr etməyə bəs qədər səbəblərimiz var. Çünki hər birimiz Ulu Öndər Heydər Əliyev epoxasında təhsil almış, vəzifəyə yüksəlmişik, onun qayğısı və diqqəti altında çalışmışıq. Mən Heydər Əliyevin diqqəti sayəsində Moskvada İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə bitirmişəm. Ulu Öndər məni ordan çağırıb ki, bizə sənin kimi, təmiz, saf, partiya işinə vurğun kadrlar lazımdı. 80-ci ildə Naxçıvana Ali Məclisin müavini vəzifəsinə təyin olunmuşam. Daha sonra Vilayət Partiya Komitəsinin katibi, Daxili İşlər Nazirinin siyasi işlər üzrə rəisi vəzifəsini icra etdim. Müharibə veteranı, Daxili Xidmət Polkovnikiyəm. Bunları heç vaxt unutmaq olmaz.

Zakir Nəsirov: Tutalım, elə mən özüm. Həyatda heç bir arxası-dayağı olmayan bir insan idim. Ulu Öndər mənə qayğı göstərdi. Sonralar SSRİ-nin deputatı seçildim.

Telman Əliyev: Heydər Əliyevi mən doqquz yaşımdan xatırlayıram. Ulu Öndərin dayı dediyi bir şəxs var idi: Rzaqulu Quliyev. O, Şərur rayonunda DTK-nın rəisi idi. Mənim dayım da Şərurun ən böyük kəndlərindən birinin kolxoz sədri idi. Onlar dost idilər. Mən də uşaq idim. O, həmişə Heydər Əliyev haqqında danışırdı. Deyirdi ki, o, orta məktəbdə yaşıdlarından fərqlənir, özünü lider kimi aparır, çox məsuliyyətlidir, savadlıdır. Tale elə gətirdi ki, 1977-ci ildə mən Naxçıvana Daxili İşlər Naziri təyin olunanda Ulu Öndər məni qəbul etdi. Orda Mirzəqulu kişidən söhbət açanda bir-birimizə daha da doğmalaşdıq. 1992-ci ildə Naxçıvanın ən ağır vaxtlarında Dövlət Gömrük Komitəsi yaratdı və məni onun sədri təyin etdi. Yəni Ulu Öndər mənim taleyimi dəyişən böyük bir şəxsiyyətdir, xeyirxah, əvəzsiz bir insandır.

– Belə görünür, Hüseyn Cavidin cənazəsini vətənə gətirmək həm də sizin taleyinizi birləşdirib, bir-birinizə daha canayaxın, doğma edib...

Telman Əliyev: Biz o gündən özümüzü Hüseyn Cavidin mənəvi övladları adlandırmışıq. Telman onun böyük oğludur, Həmid müəllim ortancıl, Zakir isə kiçik oğludur.

Həmid Cəfərov: Bölgünün belə sıralanması yaşımızla əlaqədardır. Rəhmətlik Turan Cavid bizə həmişə belə deyirdi: “Cavidin mənəvi övladları”.

Həmid Cəfərov: O hadisədən 35 il keçib. Çəkdiyimiz bütün bu mənəvi əziyyətlər bizdə bir qəribə bağlılıq əmələ gətirib. Əgər belə bir iş bizə tapşırılıbsa ən xoşbəxt adamlarıq. Hələ də bizə sual verirlər ki, ora gedib-gəldiniz, sizə nə mükafat verdilər? Bizim üçün ən böyük mükafat o idi ki, Ulu Öndər bu işi bizə həvalə elədi. Heydər Əliyevin tariximizə, ədəbiyyatımıza, böyük şəxsiyyətlərimizə bağlılığından, sevgisindən doğan bu qərarı heç zaman unudulmayacaq. Biz 35 ildir respublikanın hansı bölgəsində keçirilməsindən asılı olmayaraq biz Hüseyn Cavidlə bağlı bütün tədbirlərə qatılırıq, nə işimiz varsa kənara qoyub Cavidin adı olan hər ünvana tələsirik. Bunu özümüzə şərəf bilirik.

Zakir Nəsirov: O hadisədən sonra dostluğumuz, qardaşlığımız davam edir. Bizə böyük qiymət verilib, haqqımızda yeddi ayrı-ayrı kitabda məqalələr yazılıb. Yüzlərlə qəzetdə məlumatlar dərc olunub. Xəlil Rza bizə deyirdi ki, siz tarixə düşmüş insanlarsınız. Hüseyn Cavidin cənazəsinin qalıqlarını vətənə gətirməyimizlə bağlı onlarla şeirlər yazılıb.

– Hüseyn Cavidin cəsədinin qalıqlarını tabutda gətirəndə, güman eləmişdiniz, ədibin qızı Turan xanım tabuta yaxınlaşıb ağlayacaq, sizə “sağ ol” deyəcək. Ancaq Turan xanım aralıda dayanıb dinməzcə baxıb. Bu halda siz Turan xanım barədə nələr düşündünüz?

Həmid Cəfərov: Biz Təyyarədə düşündük ki, yerə enəndə Turan xanımın əlindən öpüb deyərik: Cavidi gətirdik. Demə, Turan xanım bizdən incimişdi ki, mənə deməmiş gedib Cavid əfəndinin nəşini gətiriblər. Bizim gedəndə kiməsə nəsə deməyə fürsətimiz olmamışdı. Həm də axı, bu barədə Turan xanıma nəsə demək lazım olsaydı, Ulu Öndər özü deyərdi. Sadəcə, Turan xanımın qəlbində 37-ci illərin qorxusu qalmışdı...

– Nə mənada?

– Düşünürdü ki, bir vaxtlar Sovet imperiyasının atasına etdikləri, ona qarşı da edilə bilərlər. Ancaq belə narahatlığa əsas yox idi, Ulu Öndərin tapşırığı ilə olmuşdu hər şey. Düzdür, hər birimiz güman edirdik ki, Turan xanım bizə yaxınlaşacaq, təşəkkür edəcək. Ancaq biz başa düşürdük, Turan xanımı. Çünki o heyrət içində, şokda idi.

– H.Cavidin məzarı əvvəlcə Yerevana sonra Naxçıvana gətirilməliymiş. Fəqət Heydər Əliyevin göstərişi ilə təyyarə bir başa Bakıya uçur. Bu qərarın təfsilatı barədə nə deyə bilərsiniz?

Həmid Cəfərov: Heydər Əliyevin bu addımı atmaqda məqsədi o idi ki, Hüseyn Cavid Bakıdan getmişdi, Bakıya qayıtmalıydı. O vaxt Boris Giverkov, deyilənlərə görə Nəbi Xəzri və başqaları lazımı yerlərə teleqram vurubmuş ki, bu pantürkisti – Cavidi niyə Bakıya gətirirsiniz? Heydər Əliyev bu uzaqgörən addımı ilə Cavidlə ölümündən sonra da mübarizə aparanlara cavab verdi. Həm də həmin illərdə milli məsələlər yavaş-yavaş alovlanmağa başlayırdı, Cavidin cənazəsinin qalıqlarını Yerevandan gətirmək hansısa narazılığa səbəb ola bilərdi. Hər halda mən belə düşünürəm.

İrkutsk vilayətindən gəlib Omskda düşdük, ordan da Moskvaya uçduq. Təyyarədə stüardessa məni çağırıb dedi ki, burdan Moskvaya, Moskvadan Bakıya uçacaqsınız. Açığı biz narahat olduq. Mən Moskvadan Həsən Həsənova zəng elədim ki, nə məsələdir, dedi Heydər Əliyevin tapşırığı var, narahat olmayın. Sonra Kamran Rəhimova zəng elədim ki, Heydər Əliyevin tapşırığıyla Bakıya uçacağıq, bizi Moskvada səfirlik qarşılayıb, burdayıq. Qayıtdı ki, necə bilirsən elə. Dedim “çox sağ olun”.

– 1982-ci il 2 oktyabr tarixində çəkilmiş bir foto var. Sov İKP MK Siyasi Büro üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev Naxçıvan ziyalıları, ictimai-siyasi xadimləri H.Cavidin nəşinin uzaq Sibirdən gətirilməsini müzakirə edir. Həmin müzakirədə gənc İlham Əliyev də iştirak edir. İllər sonra o, Azərbaycanın Prezidenti kimi Cavid irsinin yenidən nəşri və yubileyinin keçirilməsi ilə bağlı sərəncamlar imzaladı...

Həmid Cəfərov: 1982-ci ildə Heydər Əliyev Naxçıvana gələndə hörmətli İlham Əliyev də onunla gəlmişdi. Onda çox gənc idi. Bu cavanda o qədər yüksək nəzakət müşahidə etdik ki, – necə ki, indi də çıxışlarında, insanlarla görüşlərində həmin sadəliyi, səmimiliyi, yüksək mədəniyyəti görürük. Arxivdə o görüşdə çəkilmiş 30-40 şəkil var, biz İlham Əliyevdən özümüz xahiş edirdik ki, gəlib Ulu Öndərin yanında dayansın, çünki aralıda durur, diqqətlə söhbətimizə qulaq asırdı. Həmin görüşdə Heydər Əliyev Cavid əfəndinin cənazəsinin qalıqlarını gətirmək tapşırığı verəndə ən çox sevinənlərdən biri də İlham Əliyev oldu. Mən ona yaxın dayandığıma görə bunu dəqiq müşahidə edə bildim. Təsadüfi deyil ki, o, Prezident seçildikdən sonra da Hüseyn Cavidin 125, 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

Bunlara görə mən hörmətli Prezidentimiz İlham Əliyev Cənablarına öz dərin hörmət və ehtiramımı bildirib, onu dəstəkləyirəm.

Xüsusi olaraq Qafqazinfo.az üçün.

NUH informasiya agentliyi səhifəsindən çap edilib