Dərc edilib: 04-12-2020

https://www.nuh.az/26940-.html

“Polad Həşimova yazdığım şeiri təqdim edəndə bəstəkar dedi ki.."

04.12.2020 15:26:42

Müsahibə

"Bu qələbə təkcə bir savaşın nəticəsi deyil, uzun illərdir şeytani bir toplumun toplum olmaqdan çıxıb millətləşməsi, ruhunun yenilənməsi, bütövləşməsi, özünə qayıtması, uçrumun kənarından qayıtmasıydı"
Moderator.az şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edir:
- Rüstəm müəllim, düşmən üzərində qələbə çalmağımızı necə qarşıladınız, yəni Sizin üçün gözlənilən idimi?

- Əslində bu savaşın nəticəsini bircə sözlə (qələbə) ifadə eləsək, mənə elə gəlir ki, bu ölümsüz savaşın əsil mahiyyətinə kölgə salmış olarıq. Bu qələbə təkcə bir savaşın nəticəsi deyil, uzun illərdir şeytani bir toplumun toplum olmaqdan çıxıb millətləşməsi, ruhunun yenilənməsi, bütövləşməsi, özünə qayıtması, uçrumun kənarından qayıtmasıydı! Hər bir millətin taleyində əbədiyyətin andan keçdiyi bir zaman olur. 44 günlük savaş bu millətin taleyində həmən zaman əbədiyyətin gəlib andan keçdiyi zaman idi.Tanrı tərəfindən görəvləndirilmiş ölümsüz Azərbaycan əsgəri də, Ali Baş Komandan-sərkərdəsi də, bu görəvi şərəflə yerinə yetirib, üstümüzdəki namus ləkəsini birdəfəlik təmizlədi! Uzun illər bundan əvvəl yazmışdım ki, biz savaşı uduzmuşuq, müharəbəni yox! Biz bu gün savaşı da udduq, müharibəni də. Savaş meydanında ölümü millətin ortaq dəyərinə çevirən Azərbaycan əsgərindən xoşbəxt əsgər yoxdu yer üzündə.
- Ordumuzun Şuşa əməməliyyatı düşməni şoka salıb. Siz beş gün, beş gecə Şuşaya piyada gedən həbçilərimizin gücünü nəyə bənzətdiyiniz? 

- Mən qələbəni əfsanələşən şəhid əsgərlərin ölümsüzlüyündə yaşadım, qarşılamadım ki. Şuşa uğrunda döyüşdə əsgərlərimizin qəhrəmanlığını düşmənimizdən-Fransadan gəlib, Şuşada bizə qarşı vuruşan bir ermənidən daha yaxşı kim ifadə eləyə bilər ki? O həmən döyüşdəki əsgərləri ölüb yenidən dirilən qurda bənzədir. Döyüşdə özünə dönüb, boz qurda çevrilən əsgərdən xoşbəxt əsgər yoxdu dünyada. 
- Xarici səfərlərinizdə ermənilərlə rastlaşanda heç Qarabağın mübahisəsini etmisinizmi?

- Hə, əvvəllər tez-tez belə hallar baş veririrdi. Sonralar anladım ki, uydurduğu yalana inanan adamlardan həyasız və axmaq adam dünyada yoxdu. Sonradan onlara baş qoşmadım. 
- Qələbədən sonra ədəbiyyatımızda yeni abu-ava hiss olunacaqmı? 

- Sizə bununla bağlı maraqlı bir fakt danışım. General Polad Həşimovun ölümündən sonra məndən ona həsr olunmuş mahnı mətni yazmağı xahiş elədilər. Şəhid generalın həyatı, ölümü mənə ağır təsir elədiyindən, bir neçə gündən sonra özümün bəyəndiyim bir şer yazdım! O məhşur bəstəkar bilirsiniz mənə nə söylədi? Dedi ki mənə hayküylü, ritorik bir mahnı mətni lazımdı. Ona hay-küy, mənə generalın yaşayacaq ölməzliyini əbədiləşdirmək lazım idi! Və bu iş baş tutmadı! Mən inanıram ki, bu müqəddəs savaşın şahidi olmuş elə bir ədəbi nəsil yetişəcək ki, bu savaşı da, onun olümsüz əsgərlərini də ədəbiyyat hadisəsinə çevirəcklər!

NUH informasiya agentliyi səhifəsindən çap edilib