Dərc edilib: 21-12-2020

https://www.nuh.az/27172-.html

“Xəstəxanada koronavirusdan vəfat edən ərimin telefonu qaytarılmır”

21.12.2020 15:52:06

Maqazin

Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasında vəfat edən xəstənin mobil telefonu ailəsinə qaytarılmayıb.

 

Bu barədə “Qafqazinfo”ya mərhum Bəhram İbrahimovun həyat yoldaşı Əsmayə Qədirova məlumat verib.


O qeyd edib ki,  həyat yoldaşı noyabrın 4-də sözügedən xəstəxanaya yerləşdirilib: “Biz ayın 4-dən 10 –na kimi yoldaşım telefonuyla onunla əlaqə saxlamışıq. Azercell-dən bu zənglərin tarixini də çıxara bilərik. Ayın 10-dan sonra isə ona zəng çatmayıb. Noyabrın 17-də reanimasiyaya yerləşib və  3 gündən sonra da dünyasını dəyişib. O gündən  bir ay vaxt keçir. Ona məxsus olan Samsung telefonu bizə qaytarılmır. Ordakı işçilər deyirlər ki, telefon yoxdur.  Həmin telefonda  bizə mənəvi olaraq da lazımdır. Çünki içərisində yoldaşımdan bizə qalan xatirələr var. Ancaq nə qədər şikayət etsək də, telefondan xəbər yoxdur”.

 

 “Qafqazinfo” məsələylə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlayıb. 

O qeyd edib ki,  xəstəxanada xəstənin yalnız sürücülük vəsiqəsi, maşının texniki paspartu və açarları, 181 manat da  pulu olub: “ Bu əşyalar da ayın 21-də xəstənin qohumu Gülnaz Paşayevaya təhvil verilib.  Başqa əşya olmayıb”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib