Dərc edilib: 23-12-2020

https://www.nuh.az/27204-.html

1 yaşlı oğlum, 60 yaşlı direktor və Mətanət İsgəndərli – VƏTƏN

23.12.2020 14:54:20

Günün sitatı

Bu yaxınlarda 1 yaşı tamam olan övladımın doğum gününü qeyd etmədim. Bilirsiniz niyə, çünki belə bir addım atsaydım, vicdan əzabı çəkərdim, ölüb yerə girərdim. Hər bir qapıya şəhid gəldiyi, övladlar atasız, analar balasız, gəlinlər ərsiz, qızlar qardaşsız, qardaşlar qardaşsız, atalar oğulsuz qaldığı bir vaxtda belə bir addımı atmaq üçün gərək azərbaycanlı olmayasan, damarında azərbaycanlı qanı axmasın.


Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gəncin gözü yaşlı qalan azyaşlı körpələrinin görüntüsünə baxanda ürəklər parçalanır. Hələ tabutun qarşısında qol qaldırıb oynayan ananı, tabutun altına girən şəhid yoldaşını, atasının üzünü görməyən körpələri demirəm. Bütün bunları yaşamaq şərəfverici olsa da, ağırdır. Bu halda övladıma necə ad günü keçirdə bilərdim? Əlbəttə, mən bunu edə bilməzdim…

Qan tökərək torpaqlarımızı azad etdik. Əlbəttə, müharibə olan yerdə şəhid də verilməlidir, qan da tökülməlidir. Xoşbəxtlik onda olur ki, tökülən qan yerdə qalmır və sən qələbə çalırsan. Şükürlər olsun, bu günümüzə. Şəhidlərimizə Allah rəhmət eləsin!

Belə həssas dönəmdə hamımızın ürəyi cəbhə ilə döyündü. Günü bu gün də gözümüz yolda, qulağımız səsdədir. Hansısa xoş xəbərə də sevinəndə ürkək ceyran kimi ehtiyat edirik. Ki, birdən ətrafımızda şəhid ailəsinin üzvü olar. Əslində, Vətən yolunda şəhid olan hər bir igid ailə üzvümüzdən biridir. Onların övladları isə bizə əmanətdir. Nə qədər çalışsaq da, onlara olan borcumuzu isə ödəyə bilmərik.

Anaların, ataların, bacıların, gəlinlərin, övladların gözlərinin yaşının qurumadığı bir vaxtda şənlik qurmaq, məclis təşkil etmək, hələ bir qol qaldırıb oynamaq üçün gərək  … (söz tapa bilmirəm.Ü.M) olasan. Amma təəssüf hissi ilə yazıram ki, bunu edən var. Özü də bilirsiniz kimdi? Böyüyən nəsilə təlim-tərbiyə verməli olan, ziyalı səviyyəsində durmalı olan, böyük bir pedaqoji kollektivə rəhbərlik edən məktəb direktoru. Ölkədə tətbiq olunan karantin rejimini, sosial məsafəni, tibbi maska taxmağın zəruri və vacibliyini bir kənara qoyaq. Hərçənd ki, hazırki dönəmdə məcburidir. Amma şəhidlərimizə görə, atasız qalan o körpə balalara görə, bu addımı atmaq yolverilməzdir. Bəlkə də, həmin məktəb direktoru üçün bu hal utancverici deyil. Görünür, onun ətrafında, qohumunda şəhid olan yoxdu deyə, özünə belə bir şənlik qurdurmağa ürəyi açılır. Qohumunda olmasa belə, şəhidlər hər birimizin qardaşıdır. Onlar bizə görə canlarını fəda etdi. Şənlik etməsi bir yana, hələ bir ora müğənni Mətanət İsgəndərlini də dəvət edib oxutdurur. O Mətanət ki, efirlərə çıxıb Vətəndən, millətdən yekə-yekə danışır, hələ bir şəhidlər üçün göz yaşı da tökür. Kimlərsə deyə bilər ki, neçə vaxtdır karantindi toyları, məclisləri yoxdu deyə, məcburdu. Amma yox, hər şey pulla ölçülmür. Hər şeyin vaxtı və zamanı var. Bunu edən sənət adamının sabah verəcəyi müsahibəsində şəhidlərə hörmətdən, Vətənə sevgidən danışmağa haqı yoxdur. Sadəcə ayıb olsun…


Ülvin Məhəmməd

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib