Dərc edilib: 24-12-2020

http://www.nuh.az/27223-.html

İmran Xan kimdir? - Pakistanın sirli-sehrli baş naziri haqqında bilmədiklərimiz...

24.12.2020 21:30:30

Region

O, idmançılıqdan dövlət rəhbərliyinə qədər maraqlı bir yol keçib. Onun vurğunları çox olub. Rəsmən üç dəfə evlənsə də belə, ən böyük ailə xoşbəxtliyini sonuncu nikahda tapdığını söyləyir. O, sufi təriqətinə ürəkdən etiqad edən bir insandır.

Pakistanın Baş naziri İmran Xanın adı dünyanın siyasi xadimlərinə, ümumiyyətlə siyasət adamlarına  yaxşı tanışdır. Etiraf edək ki, 210 milyonluq nəhəng İslam dövlərinin liderini bizim ölkədə də qiymətləndirir və sevirlər. Bu isə səbəbiz deyildir. Çünki dünyanın bu nüvə dövlətinin cəsur, ədalətsevər, qorxmaz rəhbəri Azərbaycanın haqlı olduğunu çox yaxşı bilir.
Bəli, İmran Xanın adı bu gün çox məşhurdur. Həm də artıq xüsusi vurğuladığımız kimi, əsasən, siyasi dairələrdə. Amma indi bəlkə də çoxları bilmir ki, bu adamın adı hələ ilk gəncliyindən diqqət mərkəzində olub. 20 yaşı olarkən o, artıq Avropanın tanınmış simalarından biri hesab olunurdu. Bəs səbəb nə idi? Məsələ burasındadır ki, 1952-ci il təvəllüdlü İmran Xan 18 yaşında ikən Pakistan milli komandasının tərkibində oynayırdı. O, 21 yaşında olarkənsə Oksford Universitetinin  komandası tərkibində kriket idman oyununun aparıcı simalarından biri idi. İmran Xan 1974-cü ildən adını çəkdiyimiz Universitetin, 1982-1992-ci illərdə isə Pakistan kriket yığma komandasının dəyişməz kapitanı olmuşdur. 
İmran Xan hələ uşaqlıqdan və ilk gənclikdən öz istedad və qabiliyyəti ilə diqqəti cəlb edib. O, ailədə dörd bacının bir qardaşı idi. Atası - inşaat mühəndisi İkramulla Xan Niyazi ölkənin imkanlı adamlarından biri hesab olunurdu. Anası Şövkət xanım da Pakistanın  maarifsevər qadınlarından biri idi. Ailə milliyyətcə puştudur. İmran Xanın dayıları da vaxtilə kriket oyununun tanınmış ustaları olmuşdur. 
İmran Xan gənclik illərində qaynar, coşqun həyat keçirmiş, kübar cəmiyyətlərin diqqət mərkəzində olmuşdur. Mətbuatın yazdığına görə, bu məşhur idmançı, zamanında gözəl qadınlara biganə olmamışdır. Elə qadınlar arasında da şöhrətli, boy-buxunlu, yaraşıqlı, natiq İmran Xanın vurğunları az deyildi. Onun Bollivud və Hollivud aktrisaları mühitində də populyarlığı yüksək olub.
İmran Xan ilk dəfə 1995-ci ildə, yəni 43 yaşında ailə qurub. Onun ilk xanımı 21 yaşlı gözəl, məlahətli, kübar xanım Cemayma (Cemime) Holdsmit olub. Cütlüyün toyu əvvəlcə Parisdə, sonra isə İngiltərədə baş tutub. Bu gözqamaşdıran təntənə Avropa qəzetlərində “əsrin toyu” kimi qiymətləndirilib. Yüksək elitanın iştirak etdiyi toyun əks-sədası uzun müddət medianın da diqqət mərkəzində olub. Axı nə bəy, nə də gəlin sıravi adam hesab olunmurdu. Cemayma  Holdsmit məşhur İngilis maliyyəçi-milyardçısı, Böyük Britaniyanın ən varlı adamlarından biri hesab olunan Ceyms Holdsmitin sevimli qızı idi. 
Nikahdan sonra onlar bal ayını İspaniyada keçirdilər. Cemayma sevimli ərinin təklifi ilə İslam dinini və Xan soyadını qəbul etdi. Bütün bunlar beynəlxalq və yerli repartyorların iştirakı ilə baş tutmuş və mətbuatda geniş işıqlandırılmışdır. Həmin dövrdə bu Xan,lar ailəsi dünyanın ən xoşbəxt ailələrindən biri hesab olunurdu. Onların bu izdivacdan iki öğlu oldu- Süleyman İsa (1996) və Qasım (1999). Ərdə olarkən Cemayma Xan daha çox xeyriyyəçiliklə məşğul olmuş, İmran Xanın anası  Şövkət Xanımın adını daşıyan onkoloji xəstəxanada imkansızlara yardım aksiyaları keçirmiş, habelə ərinin təzəlikcə başladığı siyasi fəaliyyəti dəstəkləmişdir. Amma aradan 9 il keçmiş, yəni  2004-cü ildə hər iki Xan- İmran və  Cemayma boşanmaq qərarına gəldi. Səbəb kimi isə Cemayma Xanın “Pakistan həyatına adaptasiya oluna bilməməsi” göstərilirdi. Oğlanları Cemayma ilə yaşamaqda davam edir. İmran Xanın, məhkəmənin qərarına müvafiq olaraq, öz övladları ilə ayda cəmi iki dəfə görüşmək icazəsi var. Keçmiş xanımı öz keçmiş ərinə yenə də ehtiramla yanaşır, onun siyasi fəaliyyətini təqdir edir.
 
İmran Xan ikinci dəfə 2015-ci ildə Reham adlı bir xanımla ailə qurub. Bu qadın keçmiş jurnalist idi və maraqlısı budur ki,  BBC  telekanalında hava haqqında məlumatları oxuyurdu. Xanım  tez-tələsik öz ərinin soyadını qəbul edib. O, indi dünyada Reham Xan kimi tanınır. Amma bu evliliyin ömrü çox qısa, cəmi 10 ay çəkdi. Boşanmanın konkret səbəbi məlum olmasa da sonralar Reham Xan öz keçmiş ərini ağır ittihamlarla aşağılamağa başladı. Guya İmran Xan narkotikaya və cinsi azlıqlara meyllidir, onun nikahdankənar xeyli sayda uşaqları var. Baş nazirlə yaxın münasibətləri olan adamlar, hətta onun əleyhdarları belə, xanım Rehamın dediklərinin yalan, iftira və uydurma olduğunu təsdiq edirlər. İmran Xan özü isə keçmiş arvadının ittihamlarına etinasız yanaşır. Və etiraf edərək deyir ki, mən qətiyyən özünü mələk hesab etmirəm, amma haqqımda deyilənlərin çoxunun uydurma olduğunu da bildirməliyəm.
İmran Xanın rəsmi, sonuncu evliliyinin isə çox qəribə tarixçəsi var. Belə ki, Baş nazirin gələcək arvadı beş uşaq anası olan bir xanım idi. O, tanınmış bir sima və böyük nüfuz sahibi idi. Məsələ burasındadır ki, Burşa Maneka sufi məktəbinə rəhbərlik edirdi. İmran xan da həmin məktəbin, necə deyərlər, “müdavimlərindən” biri sayılırdı. Onlar  tanış olarkən Burşanın 39 yaşı vardı. Üç il ərzində, yəni öz mənəvi-ruhani təlimini tədris etdiyi müddətdə sufi xanımın sifəti niqabla örtülü olmuşdu. İmran Xan öz arvadının üzünü ilk dəfə yalnız toy günü gördü. Və bu evlilikdən çox məmnun olduğunu bildirdi. 
İmran Xan sonralar deyirdi ki, fiziki gücün müəyyən imkanlara malik olduğunu dərk etsəm də, ağıl və intellektin dəyərini bilir, məhz buna görə öz arvadımın mənəvi-intellektual səviyyəsini yüksək qiymətləndirirəm. Ailəliyin sonrakı dönəmində Burşa Manekanın artıq niqabda deyil, hicabda çəkdirdiyi şəkillər mətbuatda görünməyə başladı. Çoxları İmran Xanın seçkilərdə qələbə çalmasında onun sufi xanımının da mühüm rol oynadığını qeyd edirlər. 25 iyul 2018-ci ildə Pakistan İslam Respublikasında keçirilən parlament   seçkilərində Xanın yaradıb rəhbərlik etdiyi “Təhrek-e-İnsaf” (“İnkişaf və ədalət”)  partiyası 270 yerdən 116-nı tutaraq birinci yerə çıxdı. 
Artıq dediyimiz kimi, bu gün İmran Xan nəhəng nüvə dövlətinin lideridir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada haqq və ədalətin bərpası uğrunda dönmədən mübarizə aparır. İmran Xan bu yaxınlarda BMT Baş Assambleiyasının ünvanına göndərdiyi videomüraciətdə kasıb ölkələrin borclarının pandemiya müddətində ödənilməməsi təklifi ilə çıxış edib. Bu gün dünyanın əksər güc mərkəzləri Pakistan lideri İmran Xanın iradəsi ilə hesablaşır.  
Biz bir çox fotolarda onun stolunun üstündə Pakistan və Azərbaycan bayraqlarını yanaşı görürük. İmran Xan ölkəmizin yaxın dostu və müttəfiqidir. Xalqımız bu cəsur dövlət rəhbərinin və zəngin mənəviyyat adamının, xüsusilə Qarabağ müharibəsi ərəfəsində, göstərdiyi mənəvi dəstəyi və qətiyyətli jesti heç zaman unutmayacaq.
                                
Firuz Mustafa, yazıçı

NUH informasiya agentliyi səhifəsindən çap edilib