Dərc edilib: 26-12-2020

https://www.nuh.az/27242-.html

Gözü zəif olan şagirdə “korsan” deyən müəllimə töhmət verildi

26.12.2020 11:33:53

Maqazin

Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə “anormalsan, korsan” deyən müəllimə töhmət verilib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, bacısı qızı Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır.

“Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa gətirsinlər. Bacım qızı da 2 ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu “müəllimə” uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.

O gün də onlayn dərsdə uşağa “anormalsan, korsan” deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib”. 

Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.

Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.

***

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Qafqazinfo”ya bildirildi ki, artıq problem aradan qaldırılıb:

“Məsələ Təhsil Nazirliyi tərəfindən araşdırıldıqdan sonra öz həllini tapıb. Bununla bağlı müvafiq şəxs öz feysbuk səhifəsində də yazıb”.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib