Dərc edilib: 06-01-2021

https://www.nuh.az/27383-.html

Əsəri mübahisə yaradan, “oğru” Azərbaycanlı alim

06.01.2021 21:35:05

Region

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə ədəbiyyatının ən məşhur simalarından biridir.

Əbdülbaqi Gölpınarlı, əsl adı Mustafa İzzət Baqi – türk ədəbiyyat tarixçisi , tərcüməçi və alim . Mustafa İzzət Baqi xüsusən sufizmi, divan ədəbiyyatını, Səfəvilər dövrü Azərbaycan ədəbiyyatını araşdırıb. Türkiyənin ən böyük sufizm araşdırmaçısı hesab olunur.
Əbdülbaqi Gölpınarlı 1900-cü il yanvarın 12-də Osmanlı İmperiyasında doğulub.
Gölpınarlının atası Azərbaycanın Gəncə şəhərinin Gölbulaq kəndindən olub, anası Aliyə Şöhrət isə çərkəz kökənli ubıxlardandır. Jurnalist olan atası Əhməd Agah Əfəndi mövlavi idi. Gelenbevi məktəbində təhsil aldığı illərdə atasını itirib. Bundan sonra təhsilinə fasilə verərək işləməyə başlayıb. İstanbulda bir kitabxanada çalışıb. Bir müddət Çorumda ibtidai məktəbdə müəllimliklə məşğul olub.

İstanbula qayıdış
1922-ci ildə İstanbula qayıdıb. Burada imtahanla girdiyi İstanbul Oğlanlar üçün Müəllimlər Məktəbini, daha sonra – 1930-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini (Türk dili və ədəbiyyatı) professor Köprülüzadə Məhməd Fuad Bəyin nəzarətində hazırladığı "Məlamilik və Məlamilər” adlı mövzusunu müdafiə edərək bitirib. Konya, Kaysəri, Balıkəsir, Kastamonu liseylərində, İstanbul Heydərpaşa liseyində müəllim işləyib. Ankara Universitetində fars dilindən mühazirələr deyib. İstanbul Universitetinin Ədəbiyyat fakültəsində İslam-Türk təsəvvüf tarixi və ədəbiyyatından dərslər verib.
1945-ci ildə Türkiyə Cinayət Məcəlləsinin 142-ci maddəsini pozduğu (oğurluq) ittihamı ilə saxlanılıb. On ay həbsdə yatdıqdan sonra bəraət verilib. 1949-cu ildə öz istəyi ilə təqaüdə çıxıb.
Əbdülbaqi Gölpınarlı 1982-ci il avqustun 25-də İstanbulda vəfat edib.
Elmi fəaliyyəti
1931-ci ildə yazdığı "Məlamilik və Məlamilər” adlı əsəri ilə məşhurlaşan Gölpınarlı "Türkiyat”, "Şarkiyat” və İstanbul İqtisad Universitetinin məcmuələri ilə yanaşı, müxtəlif jurnal və qəzetlərdə çox sayda elmi məqalələri dərc olunub.
"Məlamilik və Məlamilər” (1931) və "Kayğusuz Vizəli Ələddin”dən (1933) sonra, 1936-cı ildə doktorantura dissertasiyası kimi hazırladığı "Yunus Əmrənin həyatı, yaradıcılığı və şeirləri”ni yayımlayıb. Bu əsərinin ardından "Yunus Əmrə və Aşıq Paşa və Yunusun batiniliyi” (1941) və "Pir Sultan Abdal” (1943) əsərlərini nəşr etdirib. Gölpınarlı Mövlana Cəlaləddin Ruminin "Məsnəvi”sini türk dilinə tərcümə edib. 1943-cü ildə Yunus Əmrənin divanını çapa hazırlayıb.
Gölpınarlı Türkiyənin təhsil sistemində bir neçə dərslik müəllifi kimi də tanınır. O, ”İmtahan Monoloq” (1925), ”Mühasibati-Əxlaqiyyə” (1926-1927), "Yurd bilgisi” (IV sinif-1927), "Yurd bilgisi” (V sinif-1927-1928), ”Cümhuriyyət çocuğunun din dərsləri” (III,IV,V siniflər-(1928) və s. kitabları ilə Türkiyə təhsilində xüsusi yer tutub.
"İslam” və "Türkiyə” ensiklopediyalarının hazırlanmasında iştirak edib.

Mübahisə yaradan kitabı
Divan ədəbiyyatını tənqiddən çox ideoloji əsaslarla qiymətləndirdiyi üçün 1945-ci ildə yazdığı kitab ("Divan Edebiyatı Beyanındadır”) böyük mübahisələrə yol açıb. Kitabında müdafiə etdiyi tezisə görə, divan ədəbiyyatı İran ədəbiyyatının pis təqlidi idi; cəmiyyətin problemləri ilə maraqlanmırdı, insanları laqeyd olmağa, xəyallara və taleyə tabe olmağa çağırırdı. Daha sonra divan şeirinə daha yumşaq bir mövqe ilə yanaşan Gölpınarlı "Füzuli Divanı” (1948) və "Nədim Divanı” (1951) kimi əsərlərini çapa hazırlayıb.
Dövrünün tənqidçilərinə görə, kiçik yaşlarında mənimsədiyi mövlavilik, təsəvvüf və tərqiqətlərlə bağlı mövzularda apardığı spesifik araşdırmaları ilə bu sahələrin ən etibarlı alimlərindən biri kimi tanınmışdı.

Ələvilərin yeddi böyük şairi
Əbdülbaqi Gölpınarlı Azərbaycan şairi Məhəmməd Füzulinin "Səhhət və Mərəz” əsərini yenidən tərcümə edib, 1940-cı ildə fransız dilində yazılmış dörd səhifəlik xülasə ilə İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun elmi məcmuəsində dərc etdirib.
Gölpınarlıya görə ələvilərin yeddi böyük şairi bunlardır: Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Qul Himmət, Yəmini, Virani və Pir Sultan Abdal...
 
Mənbə: Teleqraf.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib