Dərc edilib: 12-01-2021

http://www.nuh.az/27459-.html

“Paşinyan Əliyevin bu sözlərini eşidəndə dönüb gözlərini döydü”

12.01.2021 13:44:55

Hadisə

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşüb.

 


“Qafqazinfo” xəbər verir ki, “Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov belə bir məqama diqqəti cəlb edir ki, dörd saat davam etmiş danışıqlar nəticəsində bəyanat imzalanıb, danışıqlar başlanana qədər Nikol Paşinyan həmin sənədi imzalamağa hazırlaşmırdı. 

Ermənistanın baş nazirinin Moskvaya gələcəyinə hətta danışıqlar günü səhər vaxtı da əminlik yox idi. Hətta onun şəxsi hazırlığı da həlledici arqument deyildi. Məsələn, Ermənistandan qırıq-qırıq məlumatlar daxil olurdu ki, bəzi təşəbbüskar ermənilər Nikol Paşinyanın mindiyi təyyarənin uçmasına mane olmağa çalışırlar. 

Lakin hər halda səhər saat 11 radələrində Ermənistanın baş naziri və Azərbaycan Prezidenti Moskvaya gəldilər. 

Məlum olduğu kimi, Vladimir Putinlə şəxsən görüşən hər kəs bu görüşdən əvvəl hökmən karantində olmalıdır. Bu qayda cənab Əliyev və Paşinyana aid edilmədi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mənə bildirdi ki, Moskvada görüş ərəfəsində rusiyalı həkimlərdən ibarət qruplar Əliyevin və Paşinyanın yanına uçublar, lakin nə üçün uçduqlarını söyləməkdən imtina etdi, dedi ki, yanvarın 16-dək məzuniyyətdəyəm. 

Hərçənd, bu həkimlərin nə üçün uçduqlarını güman etmək çətin deyil. Yəqin ki, rusiyalı mütəxəssislər erməni və azərbaycanlı həmkarlarının ustalığına və onların koronavirus ribonuklein turşusunu (RNT) və anticisimləri (xüsusən orqanizmdə virusun olub-olmamasını göstərən lgM anticisminin) aşkar etmək üçün apardıqları analizlərin nəticələrinə etibar etməyiblər. Onlar özləri analiz aparmalı idilər. 

Görünür, nəticələr onları qane edib. 

Ermənistanın baş naziri və Azərbaycan Prezidenti Kremlin Nümayəndələr kabinetində qarşılaşarkən Rusiya Prezidentinin əlini sıxıb, amma bir-birinin əlini sıxmayıblar (doğrudan da bu lap ağ olardı). Aşkar görünürdü ki, İlham Əliyev Vladimir Putinə yaxınlaşarkən ona əl uzatmaqla kifayətlənmək istəyirdi, çünki görünür, rusiyalı həmkarının protokol qonaqpərvərliyinin həddini təsəvvür etmirdi, lakin Vladimir Putinin ona tərəf gəldiyini görəndə daha güclü təşəbbüskarlıq göstərdi və Rusiya Prezidenti ilə qucaqlaşdı. Kabinetə bir qədər sonra daxil olmuş Ermənistanın baş naziri ilə də salamlaşma eyni cür oldu. 

 

Bu halda Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin kabinetdə olmasını görməzliyə vurmadı və lütfkarlıqla ona baxıb başını tərpətdi.

 

Cavabında Nikol Paşinyan da salamlaşdı, amma bu dərəcədə nümayişkaranə şəkildə deyil, sanki özlüyündə salamlaşdı. 

 

Onlar əyləşən kimi (təhlükəsiz məsafədə əyləşmişdilər, amma yəqin ki, burada əsas mülahizə sosial distansiya məsələsi deyildi) cənab Paşinyanın balaca portfelini ona gətirdilər, hələ Vladimir Putin danışmağa başlamamış Paşinyan demək olar ki, əsəbi halda portfeldən hansısa kağızları çıxarmağa başladı, görünür, o bilmirdi ki, Rusiya Prezidentinin salamlaşma sözlərindən dərhal sonra onlar qonşu otağa keçəcəklər, orada artıq süfrə açılıb və kağızları portfelə yığmaq lazım gələcək. 

İlham Əliyevə heç bir kağız lazım deyildi: adətən olduğu kimi, hər şey onun başında idi. Bir də ki, məgər Dağlıq Qarabağın döyüş nəticəsində geri alınmış rayonlarının adlarını yadda saxlamaq çətin idimi? Məlum səbəblərə görə, Əliyev üçün bundan daha əhəmiyyətli heç nə ola bilməzdi.

Ondan ötrü bu danışıqların məqsədi öz qələbəsini daha fundamental şəkildə qeyd etməkdən ibarət idi. 
Nikol Paşinyanın məqsədinin nədən ibarət olmasını yalnız o deyə bilərdi. Hər halda, səfərdən əvvəl özünün Ermənistandakı tərəfdarlarına və əleyhdarlarına demişdi ki, “erməni şirləri”ni Azərbaycanda əsirlikdən çıxarmaq lazımdır və bunun naminə lap şeytanla da görüşməyə hazırdır. 

Bu halda çoxları belə arqumenti həmin “şeytanla” görüşə haqq qazandırmaq üçün zəif bir cəhd kimi qiymətləndirdilər. Deyirdilər ki, əslində, Nikol Paşinyan sadəcə Vladimir Putinin təklifini rədd etmək iqtidarında deyil. 

Vladimir Putin izah etdi ki, həmkarlarını Moskvaya o dəvət edib, bundan əvvəl noyabr ayında onlara həmin məşhur danışıqları təklif edib: 


-Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq. Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.  

 Rusiya Prezidenti bu həlledici danışıqlarda özünün nəyi əsas götürdüyünü izah edib: 


-Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. 

Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.  

Burada mühüm söz birləşməsi “ədalətli əsasda” ifadəsi idi, yəni Putin ədalət barədə öz təsəvvürlərini əsas götürürdü: 30 il bundan əvvəl işğal ediləni geri qaytarmaq lazım idi, özgəninkini isə (yəni Dağlıq Qarabağın qalan hissəsini, sanki növbəti dəfə yaxşı ələ keçməsini istəyən hissəni, çünki başqa əllərdə tamam pis vəziyyətdədir) bu dəfə almaq lazım deyildi ki, daha 30 ildən sonra geri qaytarmaq lazım gəlməsin (Rusiya isə yenidən bütün bunları nizamlamalı olmasın). 

Cənab Putin sözünə davam edərək dedi: 

-Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir. Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.

Sonuncu fraza sonradan belə yozula bilərdi ki, Rusiya tərəfin fikrincə əsirlər və həlak olanların cəsədlərinin dəyişdirilməsi başa çatıb.

 

 

Əslində isə hərbi əsirlər hələ çoxdur və hələ dörd saata yaxın davam edəcək danışıqlarda Nikol Paşinyan yeni mübadilələr aparılmasında israr edəcək. 

Rusiya Prezidenti dolayısı ilə belə bir mövqeyi təsdiq edib:

-Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.

Yəni Putin gündəliyi təsdiq edərkən hərbi əsirlərin dəyişdirilməsi barədə heç nə demədi. 

Dörd saat davam etmiş qapalı danışıqlardan sonra bu danışıqların üç iştirakçısı ... istədim yazım ki, mətbuat nümayəndələrinin qarşısına çıxıblar, amma orada mətbuatın heç bir nümayəndəsi yox idi. Yəni onlar mikrofonlara yaxınlaşdılar. Bu da maraqlı idi. Axı “Kommersant” nəşrinin məlumatına görə erməni tərəfi hər hansı bəyanatlar verməkdən və hər hansı sənədlər imzalamaqdan qəti imtina edirdi. İndi isə məlum oldu ki, sənəd də imzalanacaq. 

Bu, onu göstərirdi ki, Moskvada Nikol Paşinyanı idarə etmək o qədər də çətin deyildi.

İndi onlar, artıq heç bir distansiyaya riayət etmədən üçlükdə mikrofonların qarşısında dayanmışdılar. Bu dəfə də əvvəlcə cənab Putin danışdı (cənab Paşinyan isə çıxışa hazırlaşarkən əsəbləşməsi aşkar görünürdü).

 

 

O dedi: 

-İlk növbədə, həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq.

Cənab Putin üçün də aşkar deyildi ki, belə bir bəyanat imzalamaq mümkün olacaq. 

O, sözünə davam edərək dedi:

-İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.

İlham Əliyevin nitqi sülhpərvər idi. Bu nitqdə çoxmənalı, o cümlədən ermənilərin heysiyyətinə toxuna biləcək eyhamlar ola bilərdi və hesab edin ki, bu tipli eyhamlar olmadı. 

İlham Əliyev dedi: 

-Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Ondan ötrü bu bəyanatda əsas mövzu nəqliyyat kommunikasiyaları idi. 

Yalnız bir dəfə İlham Əliyev özünü saxlaya bilmədi:

-Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb...

Nikol Paşinyan bu sözləri eşidəndə dönüb gözlərini döydü. Bu ideya onun xoşuna gəlmədi. O hesab etmirdi ki, indi bütün bunlar, deməli, o cümlədən o özü də keçmişdə qalıb. 

Ermənistanın baş naziri danışmağa başlamazdan əvvəl dərindən və ağır-ağır nəfəs aldı. 

Ermənistanın baş naziri mızıldandı:

-...Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb... Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq... Lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir...

İlham Əliyev üçün belə məsələ yoxdur. Nikol Paşinyan isə mızıldana-mızıldana, sanki ifadələr seçərək demək istəyirdi ki, ondan ötrü və onun ölkəsi üçün heç nə başa çatmayıb, sadəcə, - görünür müvəqqəti olaraq, - atəşi dayandırıblar. 

Lakin bu sözlər daxili istifadə üçün, yəni Ermənistan üçün idi. Əslində isə bu gün onu yenə istədikləri bütün bəndlər üzrə dilə tutmuşdular. 

Ermənistanın baş naziri sözünə davam edərək dedi:

-Əlbəttə... Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik (nəhayət, o, İlham Əliyev tərəfə baxdı - A.K.). Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər (onların hər biri “bizim region” deyirdi, amma aşkar görünürdü ki, hər halda Dağlıq Qarabağı nəzərdə tuturdular – A.K.). İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli (indiki halda Moskva vaxtı və Ermənistan-Azərbaycan vaxtı bir gün fərqlənir – A.K.) birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir.

Öz həmvətənlərinin və özünün nəzərində hərbi əsirlər uğrunda mübarizə aparan Nikol Paşinyan bu sözləri deyəndən sonra aeroporta yola düşdü, İlham Əliyev isə Kremldə qaldı.

Bu dəfə İlham Əliyev Vladimir Putinlə təkbətək görüşdü (“Kommersant” nəşrinin məlumatına görə, bu məqam əvvəlcədən şərtləşdirilmişdi). O, heç yerə tələsmirdi. Deyəsən o, hələ də öz qələbəsindən bir daha ləzzət almaq üçün hər fürsətdən istifadə edir.


 

İlham Əliyev yenicə imzalanmış bəyanatın təfsilatı barədə deyib:

 

-Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır!

Görünür, İlham Əliyev və Vladimir Putin hesab edirlər ki, bu bəyanatla onlar əvvəlki, 9-10 noyabr tarixli bəyanatı möhkəmlədiblər. 

Bu bəyanatdan sonra artıq müharibə barədə söhbətlər, xüsusən müharibə özü ola bilməz. 30 il bundan əvvəl mövcud olan nəqliyyat arteriyalarının bərpasından və yeni nəqliyyat arteriyaları tikintisindən bəhrələnmək lazımdır.


İlham Əliyev sonda deyib: 

 

-Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq.

Hər halda, bir dəfə də özünü saxlaya bilməyib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib