Dərc edilib: 12-01-2021

https://www.nuh.az/27463-.html

“Böyük izləyicisi olan səhifələr, bloggerlər də KİV hesab edilməlidir”

12.01.2021 14:41:27

Dünya

Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” qanunun yeni dövrün reallıqlarına cavab vermədiyi ekspertlər tərəfindən müxtəlif müzakirələrdə səsləndirilməkdədir. “Qafqazinfo”  xəbər verir ki, müzakirələrdə əsasən sözügedən qanunun kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmədiyi vurğulanır. Bu isə istər onlayn, istərsə də sosial media  sahəsində qənaətedici vəziyyətin olmadığına gətirib çıxarır. Ona görə də bir sıra səbəblərdən dolayı  KİV-lərin fəaliyyətini tənzimləyən qanuna yenidən baxılması zərurəti ortaya çıxıb. Bununla da qanunda olan bir sıra boşluqların da aradan qaldırılması gözlənilir. Milli Məclisin 2021- ci il yaz sessiyasında təklif ediləcək yeni dəyişiklik paketinin müzakirəyə çıxarılacağı gözlənilir.  

Qeyd edək ki, ölkədə KİV sahəsini tənzimləyən 8-ə yaxın qanun mövcuddur. Mövcud qanunların da optimallaşdırılaraq vahid məcəllədə birləşdirilməsiylə bağlı da təkliflər irəli sürülməkdədir. 

Maraqlıdır ki, media sahəsində çalışanlar mövcud qanunvericilikdə hansı dəyişikliklərin edilməsini gözləyirlər?


“Qafqazinfo” bu sualla “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid və media məsələləri üzrə ekspert Ələsgər Məmmədliyə müraciət edib.

R. Məcid bildirib ki, 1 ildən artıqdır ki, “KİV haqqında” qanuna dəyişiklik edilməsiylə bağlı müzakirələr gedir: “İnternet medianın və informasiya texnologiyalarının sürətli inkişafı zərurət yaradır ki, “KİV haqqında” qanunda dəyişikliklər edilsin. Ancaq hansı ineternet resurslarını KİV-ə aid etmək lazım olması barədə tam təsəvvür yoxdur. Sosial şəbəkələri KİV-ə aid etmək olar, ya yox? Bunlar hansı qanunla tənzimlənməlidir? Bu kimi müzakirələr təkcə Azərbaycanda yox, başqa ölkələrdə də müvafiq qanunlarda dəyişiklikləri zəruri edir.  İndi yəqin ki bunun üzərində iş aparılır. Çox güman ki sürətli inkişaf edən yeni medianı da əhatə etməklə dövrün tələbinə uyğun maddələr qanuna əlavə olunacaq. 

Çünki zaman özü göstərir ki, sosial şəbəkələr, bloggerlər də ictimai fikrə təsir edir. Bunlar da ayrıca kütləvi informasiya vasitəsi hesab oluna bilər. Əvvəllər qəzetlərlə bağlı bir məsələ var idi. 100 tirajdan artıq olan qəzetlər qeydə alınmalı idi. İndi də böyük izləyicisi olan səhifələr, bloggerlər özləri də KİV hesab edilməlidir. Hazırda həddindən artıq çoxlu saytlar yaranıb. Bunlar hamısı mediaya aid olunmalıdırmı? Nə dərəcədə səviyyəlidirlər, ictimai rəyə təsir edirlər? Ona görə də tam aydın təsəvvür yoxdur ki, dəyişikliklər hansı spektləri əhatə edəcək. Ancaq sosial şəbəkələr, yutub kanalları hamısı media qanunuyla tənzimlənməlidir.  Klassik mediaya uyğun məsuliyyət daşımaq məsələsi onlarda da olmalıdır. 

Eyni zamanda, informasiya texnologiyaları həddindən artıq geniş spektri əhatə edir.  Hansısa tikinti materialı istehsal edən şirkətin də öz saytı, reklamı var. Bunların da KİV-ə aid edilib edilməməsi məsələsi şübhə doğurur. Ona görə də dövrün tələbinə uyğun olaraq tam yeni məqamları tutmaq mümkün olmayacaq. Məsələ burasındadır ki,  proses dayanmır və inkişaf edir.  1 ildən sonra media funksiyalarını yerinə  yetirən başqa texnologiyaların yarandığını görə bilərik. Ona görə də çevik, bütün əlavə qanunları da özündə əks etdirə bilən qanun olmalıdır”. 

Hüquqşünas Ələsgər Məmmədli saytımıza bildirib ki, KİV haqqında hazırlanacaq yeni qanunun bəndləri haqqında məlumatı yoxdur: “Bir media  eksperti kimi məlumatımın olmaması bunun eyni zamanda ictimai diskusiyadan keçməməsi deməkdir. Mövcud qanunvericilikdə problemlər var. Bu problemlərin aradan qaldırılması ictimai müzakirələrdə ortaya çıxan yekun fikirlər əsasında olmalıdır. İllərdir ki,  bizdə  “Diffamasiya haqqında” qanun qəbul edilməyib. Prezidentin bu barədə sərəncamı oldu.

Ancaq parlament bununla bağlı heç bir addım atmadı. Bu qanun Milli Fəaliyyət Planına salınmadı. “KİV haqqında” qanun 1999-cu ildə qəbul edilib. Biz 2000-ci illərin sonu Avropa Şurasına daxil olmağa hazırlaşarkən bu məsələ xeyli şəkildə liberallaşmışdı. Ancaq sözügedən qanuna ildən-ilə bir sıra məhdudiyyətlər gətirilib. Buna görə də qanunun mahiyyəti tamamilə pozulub. Təbii ki bu paralel dəyişiklik “Teleradio yayımı haqqında” qanunda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” da baş verib. 

Jurnalistikanın fəaliyyətini sadəcə bir qanun tənzimləmir. Bu sahədə olan 8-ə yaxın  qanunun hamısı bizim fəaliyyətimizə mane ola bilir. Ona görə də qanuna ediləcək dəyişikliklərlə bağlı geniş bir diskusiyasının keçirilməsinə ehtiyac var.  Bu da birbaşa olaraq media qurumlarının və peşəkar insanların iştirakıyla baş tutmalıdır. Qanunvericilikdə Konstitusiyaya zidd təşkil edən müddəalara,  Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının və Avropa Məhkəməsinin Azərbaycanla bağlı verdiyi qərarlar çərçivəsində qanuna yenidən baxmaq lazımdır. Ancaq heç bir ictimai fikirdən keçmədən hər hansı bir layihənin  qəbul edilməsi medianın problemini həll etməyəcək”. 

Ekspertin sözlərinə görə, kütləvi informasiya vasitələrinin kontent və texniki tənzimlənməsi məsələləri var:

“Azərbaycanda infrastrukturu “Telekommunikasiya haqqında” qanun tənzimləyir. Kontenti isə “KİV haqqında” və digər qanunlar tənzimləyir. KİV Azərbaycanda təsis edilib idarə edilirsə bu mahiyyət etibarilə Azərbaycan qanunları ilə tənzimlənir. Qanunvericiliyə son dəyişiklikdən sonra onlayn media və onun məsuliyyəti anlayışı var. Məsələn, hər hansı yutub kanalı Azərbaycan ərazisində fəaliyyət göstərirsə, bunların Azərbaycan qanunları çərçivəsində hüquqi məsuliyyəti təyin olunmalıdır.  Yox əgər kanal Azərbaycandan kənarda, ancaq Azərbaycan dilində fəaliyyət göstərirsə bunun artıq ölkəmizdə tənzimlənməsi mümkün deyil.  Məsələn, Amerikda bir nəfər iş adamı Azərbaycandilli kanal yarada bilər. Bunu siz necə tənzimləyəcəksiniz? Həmin kanal məkan olaraq informasiyanı buradan toplamır.  Nə də yayıldığı infrastruktur və baza Azərbaycanda deyil. Bu məsələlər qlobal şəbəkələrin ümumi qaydalarında öz həllini tapır. Məsələn, terrorizmi, nifrəti təbliğ etməmək, dini ayrı-seçkilik salmamaq kimi bir sıra universal dəyərləri özündə ehtiva edir. Dünyanın harasında olmasına  baxmayaraq hər kəs buna görə məsuliyyət daşıyır.  Bu bütün sosial şəbəkələr, yutub kanalları üçün də keçərlidir.  Belə hallar baş verəndə kanallar, səhifələr bloklanır və yaxud da məhdudlaşdırılır. Biz son olaraq Amerika prezidenti Donald Trampın timsalında bunu gördük. Nəzərə alaq ki, dünyada heç nə qanunsuz deyil. Amma qaydalar zaman-zaman eyniləşə bilir.  Bəzən daha geniş tənzimləmələr və məhdudiyyətlər gətirə bilir. 

Məsələn, Azərbaycanda diffamasiya cinayət məsuliyyətidir, Amerikada deyil. Buna görə  cinayət məsuliyyətini saxlamağımız sadəcə bizə problem yaşadır.  Belə  hal olanda tərəflər Avropa Məhkəməsinə müraciət edir və kompensasiya udur.  Buna görə də ifadə azadlığı məsələsində ölkənin reytinqi aşağı düşür”. 

Ə. Məmmədli həmçinin media sahəsini tənzimləyən vahid qanunvericilik bazasının yaradılmasıyla bağlı gedən müzakirələrə də münasibət bildirib.  O qeyd edib ki, vahid bazanın olub olmaması fəaliyyətə mane olmur:

“Tutaq ki, bir Media Məcəlləsi yaratdıq və bütün məsələləri ora daxil etdik. Əgər mahiyyət dəyişikliyi yoxdusa, bunun ayrı-ayrı qanunlarda, yaxud bir Məcəllədə birləşməsi elə də böyük əhəmiyyət daşımır. Əsas məsələ odur ki, KİV qanunu ana qanundur. Bu bütün kütləvi informasiya vasitələrini formatından asılı olmayaraq hamısının ümumi standartını tənzimləyir. İstisna hal lisenziyalı fəaliyyətlə bağlıdır. O da teleradio sahəsinə aiddir. Məsələn, peşə sirləri haqqında müddəa var, onu yaymamalıyıq. Bunun detalları isə “Vəkillik fəaliyyəti haqqında” qanunda öz əksini tapır. Həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun beşinci və əlli üçüncü maddələri bunu tənzimləyir. Yəni mahiyyət etibarilə bütün qanunları bir yerə yığmaq olmaz. Önəmli olan qanunların kəsişməsində bizim necə davranmağımızdır. Bunun da detallarını əsas qanunda göstərməliyik və bu detallar da qanunda öz əksini tapıb. Məsələn, qanunun 7-ci maddəsi deyir ki, senzura yolverilməzdir. Ancaq içində yazır ki, senzura tətbiq edilə bilər. 2017- ci ildə “KİV haqqında” və “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklikdən sonra  Konstitusiyaya zidd olaraq senzuranın olması məsələsi burada öz əksini tapdı. Ona görə də maddənin adı senzuranın yolverilməzliyini bildirsə də, içində isə yol verilə biləcəyi əks olunub. Yəni qanunda  bu tip qeyri-standartlar və ziddiyyətlər var.  Bu məsələləri ciddi müzakirə edərək aradan qaldırmaq və ölkədə həqiqi ifadə azadlığını bərqərar edəcək hüquqi mühiti yaratmaq zəruridir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib