Dərc edilib: 14-01-2021

http://www.nuh.az/27492-.html

Putin Ərdoğana deyə bilərdimi ki, mən bunu-bunu istəyirəm?

14.01.2021 14:52:01

Müsahibə

"Avropada olduğu kimi xalqların birgə yaşaması ehtimalı ortada yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarını şərh edərkən deyib. Zərdüşt Əlizadə qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan məsələnin son vəziyyəti barəsindəki istəyini Vladimir Putunə bildirib:
"Deyib ki, münaqişə həll olunmalı, orada qarşıdurma olmamalı, sülhməramlılara da ehtiyac qalmamalıdır. Bunun qarşısında Putin deyə bilərdimi ki, mən istəyirəm, münaqişə qalsın, ermənilərlə azərbaycanlılar düşmən olsunlar, biz də onları barışdırmaq üçün sülhməramlıları orada saxlamalıyıq? Deyə bilməzdi. Putin də bildirib ki, bizim də son məqsədimiz budur. Amma biz bunun üçün işləməliyik. Heç bir yozum üçün yer yoxdur, çünki ortadakı vəziyyət göz qarşısındadır. Ermənilər orada oturub azərbaycanlılara nifrət edirlər, azərbaycanlar da ermənilərə. Onlar bunların, bunlar da onların yox olmasını istəyir. Onlar deyir Qarabağ bizimdir, biz də deyirik Qarabağ bizimdir". 
Politoloq qeyd edib ki, belə olan halda hansısa qarşıdurmanın qarşısını alan xarici qüvvələrə ehtiyac var:
"Anlamırıq ki, Azərbaycanda nə qədər erməniləri çox söyürük, onların Qarabağdan tamam yox olmasını istəyirik, nə qədər ki, dünyaya sərgiləyirik ki, ermənilər yox olsun, Qarabağ bizimdir, onlar rədd olub getsinlər, bir o qədər də deyirik ki, ay rus qoşunları, gəlin, oturun bizim torpağımızda. Ona görə bizim aramızda xarici qoşun olmalıdır. Ərdoğan deyəndə ki, biz istərdik Qarabağda sülhməramlılara yer olmasın, bu, siyasi bir xadimin münaqişənin son həlli barəsində fikiridir. Bu, mədəni seçimdir. Qanunla yaşamağı, mədəni olmağı öyrənməliyik. Rusiya istəmir ki, azərbaycanla ermənilər mədəni olsun, amma bunu türklər istəyir. Türkiyə inşallah bu yaxınlarda Ermənistanla münasibətləri normallaşdırar, ədavəti qızışdıran qüvvələrə imkan verməzlər, Ermənistan dövləti ilə sıx iqtisadi-ticarət əlaqələrini qurarlar və gediş-gəliş başlayar. Biz də Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə münasibətləri normallaşdırıb, düşmənlərimizin ədavəti körükləmək və bundan istifadə etməklə öz siyasi maraqlarını təmin etmək imkanlarını əllərindən almalıyıq".
Zərdüşt Əlizadənin fikrincə, bu, xalqlardan yetkinlik, məntiqli düşünmək qabiliyyəti tələb edir:
"Bəli Qarabağ Azərbaycandır. Amma Azərbaycanda müxtəlif xalqlar yaşayır. Bu xalqların Azərbayvan qanunvericiliyində eyni hüquqları var. Erməni xalqı ilə körpüləri qurmalı, etimadı bərpa etməliyik, elə bir şərait yaratmalıyıq ki, sülhməramlılara ehtiyac qalmasın. Öz qanunlarımıza, dünya qanunlarına hörmət etməliyik. Bu da insanlardan mədəniyyət və dərrakə tələb edir".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları aparıb. Telefon danışğında Qarabağdakı atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin yaradılması barədə məsələ də qaldırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib