Dərc edilib: 29-01-2021

https://www.nuh.az/27712-.html

Adil Əliyevdən Ramiz Mehdiyevə AĞIR İTTİHAMLAR

29.01.2021 16:20:00

LIVE

“Hər bir millətin dəyişilən və stabil dəyərləri var. Dövlətlərin orduları da, iqtisadiyyatları da, əraziləri də, yeri gələndə bayrağı, pul vahidi də müxtəlif dövrlər ərzində dəyişilir. Stabil milli dəyərlər isə minillər boyu özünü qoruyub saxlayır. Dəyişilməyən dəyərlərin başında dil gəlir”.


Milli Məclisin sədr müavini Adil Əliyev Ovqat.com-a açıqlamasında belə deyib. AMEA-nın Dilçilik İnstitutu nəzdindəki “Qaynar xətt”in ləğv olunmasını və qurumun ofisinin əlindən alınmasını şərh edən vitse-spiker onu da xatırladıb ki, dil milləti millət edən əsas dəyərdir: “İnsanlar dilləri ilə başqalarından fərqlənir və bir-biriylə ünsiyyət qurur, millətləşirlər. Bu mənada dili qorumaq dövlətin bir nömrəli vəzifəsidir.

Məhz bu zərurəti nəzərə alan Cənab Prezident İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliklə bağlı” Dövlət Proqramı hazırlamış, proqramın həyata keçirilməsini AMEA-na tapşırmışdır. Məqsəd dilimizin deformasiyaya uğramasının qarşısını almaq, nəsillər arası ünsiyyət bağlarını qorumaqdı.

AMEA-nın dil məsələsinə laqeyd yanaşması təkcə Cənab prezidentin bu nəcib təşəbbüsünə deyil, həm də milli dövlətçilik dəyərlərinə zərbə vurmaqdır”. Vitse-spiker AMEA-da baş verən bütün naqisliklərin səbəbini akademiyanın rəhbəri Ramiz Mehdiyevdə görür: “Sağolsun Ramiz Mehdiyevi, AMEA-na gələn kimi, bir sıra “yeniliklərə” imza atdı. Akademiyanın tarixi binasını söküb dağıtdı, akademiklərə ayrılan pullarla oranı şadlıq sarayı kimi, qızıl suyu ilə bəzədi.

Halbuki, 2000-ci ildə Bakıda güclü zəlzələ olanda belə, komissiya imkan verməmişdi ki, binanın qədimiliyinə toxunulsun, fasadında bəzi dəyişikliklər aparılsın. İndisə bütün istitutların həyətindəki boş yerləri zəbt edib, kafe, restoran, çexlər tikməyə başlayıblar. Hansı ki, institutların həyətindəki boş yerlərdə elm adamları öz maşınlarını saxlayırdılar. AMEA-nın Saray qəsəbısindəki akademiklərə aid olan torpaq sahələrini də elm adamlarının əlindən alıb bina tikirlər”. Fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov da məsələyə tənqidi yanaşanlardandır. Onu ən çox narahat edən isə Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylunun məsələyə yanaşmasıdır. “Möhsün müəllim “Yeni Müsavat” qəzetinə açıqlamasında deyir ki, "Qarabağımız alınıb, bizim artıq danışmağımız lazım deyil". Akademik bununla nə demək istəyir?

Öz vəzifə borcuna bu qədər məsuliyyətsiz yanaşma sərgiləyən bir adam Dilçilik İnstitutuna necə rəhbərlik edir? Axı dilimizə qarşı bu laqeydliyə ilk növbədə qarşı çıxmalı şəxs elə onun özü olmalıdır”,-siyasi şərhçi əməkdaşımızla söhbətində belə deyib. Aydəm İsmayılov post-sovet məkanlarında 5-ci kolonların dövlət dillərini aşağılaması fonunda Dilçilik İnstitutunda baş verən hadisələri təsadüfi saymır. Onun fikrincə, bu oyunbazlıqlar xarici sifarişlərin nəticəsi ola bilər:

“Bilirsiniz ki, Moldovada hökumət dövlət dilini kölgələyən qərar alaraq, ruscanı ölkənin beynəlxalq dili elan etdi və dövlət qurumlarında bu dilin istifadəsini məcbiri hala gətirdi. Halbuki, dünyanın heç bir azad ölkəsində beynəlxalq dil deyilən anlayış yoxdur. Beynəlxalq dil anlayışı yalnız müstəmləkəçilikdən qurtulmamış toplumlarda mövcud olur. Belə toplumlarda milli dillər unudulur, müstəmləkəçilərin dili işləklik qazanır. Moldovanın bu qərarını şərh edən Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Azərbaycan da istəsə, eyni təcrübədən faydalana bilər. Bənzər prosesi biz Qazaxıstanda da görürük. Kreml Qazaxıstana təzyiq edərək rusçanı dövlət dili səviyyəsinə qaldırmağa çalışır. Azərbaycanda neçə illərdir rusdilli məktəblərin artırılması, öz dilimizə laqeydlik bu hadisələrin fonunda təsadüfi görünmür. Bütün bu siyasətlərin bir də AMEA səviyyəsində aparılması və akademiya rəhbərliyi barədə dolaşan söz-söhbətlər narahatlığı artıran amillərdəndir”,-Aydəm İsmayılov belə hesab edir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib