Dərc edilib: 29-01-2021

https://www.nuh.az/27716-.html

Nizami Gəncəvinin oğluna mərsiyəsi ...

29.01.2021 21:50:50

Günün sitatı

Qaynarinfo Artkaspi.az-a istinadən Təhminə Bədəlovanın "Nizami Gəncəvinin oğluna mərsiyəsi” adlı yazısını təqdim edir:
 
(Araşdırma akademik Teymur Kərimlinin tövsiyəsi ilə aparılmışdır)
 
Dünya ədəbiyyatının nadir söz dühalarından olan Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı XIII əsrdən başlayaraq o dövrün əsas şeir antologiyası hesab olunan təzkirə müəlliflərinin diqqətini cəlb etmiş və bu günümüzədək gəlib çatan qədim mənbələrdə yer almışdır. Təbii ki, dahi şair haqqında etibarlı mənbədə deyilmiş istənilən məlumat və ya Nizamiyə aid edilən şeir parçası həcminin böyük-kiçikliyindən asılı olmayaraq bizim üçün qiymətlidir.
 Nizami Gəncəvi haqqında məlumat verən ilk mənbə XIII əsr müəllifi Məhəmməd Ovfinin "Lübabül-əlbab” təzkirəsidir. Əlbəttə, bu təzkirə, onun müəllifi və burada dahi şair haqqında yer alan fikirlər indiyədək nizamişünasların diqqətini çəkmiş, Nizamidən bəhs edən tədqiqatçılar bu və ya digər münasibətlə "Lübabül-əlbab”dan da söz açmışlar. Lakin M.Ovfinin təzkirəsindəki məlumat və şeirlərlə bağlı üzərindən ötəri keçilən məqamlar da yox deyildir. Nizamidən "Fəsle-seyom dər zekre-şüaraye-Eraq və mozafate-an” (فصل سیوم در ذکر شعرای عراق و مضافات آن) ("İraq və o bölgənin şairlərindən bəhs edən üçüncü fəsil”) başlıqlı bölmədə bəhs edən M.Ovfi şairin ünvanını "Əl-həkim əl-kamel Nezami əl-Gəncə” (الحکیم الکامل نظامی الگنخه) kimi göstərmişdir. O, Nizaminin poemalarının hər birindən, orta əsr təzkirələrinin tərtib və quruluş xüsusiyyətlərinə uyğun olaraq, təxminən bir-iki cümlə ilə bəhs etsə də, şairin "beş inci”sini çox yüksək qiymətləndirmiş, onları "fəzilətlər, biliklər xəzinəsi” ("گنخ فضایل”), "lətifələr, hekayələr xəzinəsi” ("خزانۀ لطایف”) adlandırmışdır. Təzkirə müəllifi Nizaminin divanını görmədiyini söyləyir, ancaq Nişapurda bir şəxsdən eşitdiyi üç lirik şeirini əsərinə daxil edir. Bunlar "Hezar bar becan amədəst kare-məra” (هزار بار بجان آمدست کار مرا) (Mənim işim min kərə cana gəlmişdir), "Coubecou mohnəte-mən ze an roxe-gəndom qunəst” (جو بجو محنت من زآن رخ گندم گونست) (Mənim möhnətim (dərdü qəmim) arpa-arpa o bugdayı üzündəndir)  və "Ey şode həmsəre xubane-beheşt” (ای شده هم سر خوبان بهشت) (Ey cənnət gözəllərinin yoldaşı olan) misraları ilə başlayan qəzəllərdir.
 
Qeyd edək ki, hər üç qəzəl Mübariz Əlizadə tərəfindən filoloji tərcümə edilmişdir (Nizami Gəncəvi. Lirika. Filoloji tərcümə, şərhlər və qeydlər M.Əlizadənindir. Bakı, "Elm” nəşriyyatı, 1983.). Birinci və üçüncü qəzəlin Azərbaycan dilində poetik tərcüməsinə rast gəlməsək də, ikinci qəzəl Xəlil Rza tərəfindən ilk misrası "Arpa qədər də tapıb yox, a buğdayı üzlü nigar!” şəklində olmaqla bədii tərcümə edilmişdir (Nizami Gəncəvi. Lirika (qəzəllər, rübailər). Tərtib edəni və redaktoru M.Çəmənli. Bakı, "Təhsil”, 2012. Səh. 110.). Yuxarıda da qeyd etdiyimiz kimi, Nizami Gəncəvi qələminə məxsus olan hər bir misra nə qədər qiymətli olsa da, bu məqalədə şairin həyatından çox kiçik bir detalı aydınlaşdıran üçüncü qəzəl üzərində dayanmaq istəyirik.
 
 
M.Ovfi bu qəzəli "Dər mərsiye-e-pesər quyəd” (در مرثیهء پسر گوید)  ("Oğluna mərsiyəsində deyib”) qeydi ilə təqdim etmişdir. Məlumdur ki, Nizaminin heç bir əsərində Məhəmməddən başqa bir övladının nə adı çəkilmişdir, nə də onun haqqında hər hansı bir məlumat, o cümlədən də vəfatına dair işarə vardır. Bəlkə də bundan irəli gələrək istər təzkirəçilər, istərsə də Azərbaycan şairinin həyatını araşdıran tədqiqatçıların çox böyük əksəriyyəti Məhəmməddən şairin yeganə övladı kimi söz açmışlar. Lakin təbii ki, mərsiyəyə diqqət yetirənlər də olmuşdur. Bunlardan hələlik yalnız iki müəllifin adını qeyd edə bilərik: Məmməd Əmin Rəsulzadə və Xəlil Yusifli. Hər iki müəllif çox qısa şəkildə şairin bu qəzəlinə münasibət bildirmişdir. Nizaminin yalnız bir oğlu olduğunu qeyd edən təzkirə müəlliflərinin (Dövlətşah Səmərqəndi, Lütfəli bəy Azər və b.) fikirlərini təkzib edən erkən yaşlarında ölmüş oğluna yazdığı mərsiyəsi haqqında Məhəmməd Ovfiyə əsasən məlumat verən M.Ə.Rəsulzadə "Nizaminin Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir” və  ailəsinə göstərdiyi məhəbbət və qayğı ilə yanaşı, məhz bu mərsiyə də "Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırır” yazsa da, bu şeirin "naməlum, yad bir gəncə yazıldığını iddia edənlər də vardır” (Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, "Çıraq” nəşriyyatı, 2008. Səh.59.) fikri ilə az öncə söylədiyi mülahizələrini şübhə altına alır. M.Ə.Rəsulzadə qəzəlin poetik tərcüməsini də vermişdir və bu, mərsiyənin Azərbaycan dilində bizə məlum olan yeganə bədii tərcüməsidir.

Xəlil Yusilinin isə "Məhəmməd şairin yeganə övladı olmuşdur” (Yusifli X. Nizami Gəncəvi. // Əlyar S.; Xəlil Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan” nəşriyyatı, 2008. Səh.136.) qəti hökmündən az sonra "Nizaminin əldə olan lirik şeirlərindən belə anlaşılır ki, onun Məhəmməddən başqa da övladı olmuşdur, körpə ikən ölmüşdür” (Yusifli X. Nizami Gəncəvi. // Əlyar S.; Xəlil Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan” nəşriyyatı, 2008. Səh.137.)  – deməsi alimin M.Ovfi təzkirəsindəki şeiri nəzərdə tutduğunu göstərir. Başqa bir əsərində yer alan "M.Övfinin nümunə gətirdiyi şeirlərdən biri isə uşaqkən ölən bir oğlunun ölümü münasibəti ilə yazılmışdır” (Yusifli X. Səkkiz yüz ilin qaynaqları Nizami haqqında. // "Nizamişünaslıq”, № 2. Gəncə, "Elm” nəşriyyatı. 2012. səh.14.) – fikri isə X.Yusiflinin bu faktı, yəni Nizami Gəncəvinin Məhəmməddən başqa da ovladı olması faktını qəbul etdiyinə sübutdur.
 
Sovet şərqşünaslıq elmində böyük xidmətləri olmuş akademik A.Krımski də çox incə şəkildə Nizaminin oğlunun ölümü məsələsinə toxunmuşdur. Şairin tədqiq tarixindən bəhs edən akademik italyan şərqşünası İ.Pitsinin fikirlərinə münasibət bildirərkən onun gəncəli ustadın həyatına dair lakonik qeydlərini sitat gətirir: "…ко дворам которых, полным завистников, сам поэт и не стремился, а жил в благочестивом уединении; там его спокойсивие иногда нарушали лишь тяжелые удары слепой судьбы, отнимавшей у него жену (женат он был три раза) или любимого сына” (Крымский А.Е. Низами и его современники. Баку, Издательство «Элм», 1981. стр. 61.) (kursiv bizimdir). Aydındır ki, burada söhbət Məhəmməddən gedə bilməz. A.Krımski İ.Pitsinin fikirlərinə şübhə doğuracaq heç bir işarə belə, etmir və dolayısı ilə Nizaminin oğlunun ölməsi faktını təsdiqləmiş olur.
 
Nizami Gəncəvinin oğlunun ölümünə mərsiyə kimi yazdığı "Ey şode həmsəre xubane-beheşt” misrası ilə başlayan qəzəlinin tərcümə və nəşr tarixi də maraq doğurur. Keçmiş sovet məkanında qəzəlin nəşrinə ilk dəfə Y.Bertelsin 1947-ci ildə Moskvada "Oğuz” nəşriyyatında geniş önsözlə çap etdirdiyi "Lirika” kitabında Tarkovskinin tərcüməsində rast gəlirik. Maraqlıdır ki, hələ "Böyük Azərbaycan şairi Nizami” (1940) kitabında Nizaminin ailəsi və övladı haqqında bəhs edərkən "Türkzadə, şairin türk qadınından doğulmuş, yeganə oğlu Məhəmməddir; görünür bundan başqa onun övladı yoxmuş” (Bertels Y. Böyük Azərbaycan şairi Nizami. Bakı, EA Azfil. 1940. Səh.29.) firkirni irəli sürən Y.Bertels haqqında danışdığımız mərsiyənin də yer aldığı həmin "Lirika” kitabındakı ön sözdə Nizami Gəncəvinin həyatından danışarkən yazır: "Известо лишь, что он женился на кыпчакской рабыне Афак, подаренной ему меликом Дербенда. Низами страстно любил её и, когда она вскоре после рождения его единственного сына Мухаммеда (kursiv bizimdir) умерла, всю свою любовь перенёс на этого ребёнка. Женат он был ещё два раза, но только первую жену вспоминает в своих поэмах с глубокой скорбью” (Бертельс. E. (1947). Предисловие. // Низами. Лирика. Под редакцией Е.Э.Бертельса и К.А.Липскерова. Москва, «Огуз» Государственное Издательство Художественной Литературы. Стр.8.). Görünür, bu qəzəl ya görkəmli sovet nizamişünasının diqqətini cəlb etməmiş, ya da mərsiyədə deyildiyi kimi, şairin oğlu çox erkən vəfat etdiyi üçün Bertels Məhəmməddən onun yeganə övladı kimi bəhs etmişdir. (Elə buradaca qeyd edək ki, çox güman qəzəlin diqqətdən kənarda qalmasının əsas səbəbi məhz bu ikinci ehtimal olmuşdur).
 
Sonralar Rüstəm Əliyev Nizami Gəncəvinin 1960-cı ildə Moskvada, 1981-ci ildə Bakıda rus dilində nəşr olunan "Lirika” kitablarına Tarkovskinin həmin tərcüməsini daxil etsə də, 1981 və 1991-ci illərdə Bakıda çıxan eyniadlı kitablarda N.Xatuntsevin bədii, özünün isə filoloji tərcüməsini "Fraqmentı” ("Parçalar”) başlığı altında təqdim etmişdir. Maraqlı və təəccüblü burasıdır ki, Nizami Gəncəvinin Azərbaycan dilində nəşr olunan lirik şeirlər toplularında bu mərsiyəyə rast gəlmirik. Şairin həyat və yaradıcılığından bəhs edən monoqrafiya və tədqiqatlarda da (M.Ə.Rəsulzadə və X.Yusiflinin göstərilən əsərləri istisna olmaqla) onun həyatından bir məqamı açıqlayan adıçəkilən qəzəl xatırlanmır.
 
Qəzəldə günahlardan xali yeniyetmə övladını itirən atanın çəkdiyi acılar bədii ifadəsini tapmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, biz şairinin oğlunun, bu haqda bəhs edən tədqiqatçıların yazdıqları kimi, körpə ikən deyil, məhz yeniyetmə yaşlarında vəfat ediyini düşünürük. Çünki müəllif bir neçə yerdə "hələ üzündən tük çıxmamış” (خط نیاورده  بتو عمر هنوز), "sənin yenicə çıxmış tüklərin” (سبزه زاری خطت اندر خاکست) (ifadələrin sətri tərcüməsi deyil, mənaları verilmişdir) ifadələrini işlədir. Zənnimizcə, körpə, çox kiçik yaşlarında uşaq üçün bu ifadələrin işlənməsi məntiqli görünmür. Şair hələ təbiətin üzündə izlər qoymağa macal tapmadığı, yəni hələ üzündə xətti (tükü) olmayan oğlunun torpağına qanlı göz yaşları axıtdığını söyləyir. Şeirdə kədərin ifadəsi ilə yanaşı, "Kim yazdı sənə bu qədəri” (این قضا بر سرت آخر که نوشت), - deyən şairin taleyə etirazını da duymamaq olmur.
 
Nizami Gəncəvinin "Ey cənnət gözəllərinin həmdəmi olan” qəzəli bədii-poetik keyfiyyətləri baxımından da öyrənilməyə layiq bir əsərdir. Şair hələ çox gənc ikən torpağa tapşırılan oğlunu torpağın altına əkilmiş çəmənliyə bənzədir, özünün göz yaşı axıtması da o əkinə su vermək ehtiyacındandır.
چه عجب گر شودی جان و جهان             خاک از دیدُ من خون آغشت
سبزه زاری خطت اندر خاکست                 آب کی باز توان داد بکشت             
 (محمد عوفی. لباب الالباب University of Toronto Library. http://ketabnak.com/book/23513/ لباب-الالباب-جلد-دوم #versions)
 
"Torpağın mənim göz yaşlarımdan qanla islanması təəccblü deyil. Sənin yaşıl xətlərin (təzəcə çıxmış tüklərin) torpağın altındadır. Su ki, (axı su) əkinə yenidən güc verir” (beytlərin sətri tərcüməsi bizə məxsusdur). Bu parçanın M.Ə.Rəsulzadənin poetik tərcüməsində maraqlı və orijinala yaxın alındığını düşünərək burada verməyi məqsədəuyğun hesab edirik:
 
Torpaq gözümdən axan qanlı yaşla islansa,
Kimsəyə gəlməz qərib, ey mənim canımda can.
Su verməmək tarlaya necə mümkün olur ki,
Üzündəki səbzəlik torpaqda tutmuş məkan.
(Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, "Çıraq” nəşriyyatı, 2008. Səh.59.)     
 
Şeirdə işlədilən təşbih və məcazlar şairin poetik fiqurlar çələngindən bəhs edərkən ondan da bir mənbə kimi faydalanmağa imkan verir.
Güman edirik ki, Nizami Gəncəvinin həyatından bəhs edən gələcək tədqiqatlarda bu məqamlar geniş işıqlandırılacaq və şairin əsərlərinin daha qədim və etibarlı əlyazmalarının dərindən öyrənilməsi onun həyat və yaradıcılığının hələ bizə məlum olmayan çox gərəkli məqamlarının açılmasına vəsilə olacaq.
 
 
Ədəbiyyat:
1. Nizami Gəncəvi. (1983). Lirika. Filoloji tərcümə, şərhlər və qeydlər M.Əlizadənindir. Bakı, "Elm” nəşriyyatı.
2. Nizami Gəncəvi. (2012). Lirika (qəzəllər, rübailər). Tərtib edəni və redaktoru M.Çəmənli. Bakı, "Təhsil”.
3. Rəsulzadə M.Ə. (2008). Azərbaycan şairi Nizami. Bakı, "Çıraq” nəşriyyatı. 
4. Yusifli X. (2008). Nizami Gəncəvi. // Əlyar S.; Xəlil Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Ozan” nəşriyyatı.
5. Yusifli X. Səkkiz yüz ilin qaynaqları Nizami haqqında. // "Nizamişünaslıq”, № 2. Gəncə, "Elm” nəşriyyatı. 2012. səh.13-23.
6. Bertels Y. (1940). Böyük Azərbaycan şairi Nizami. Bakı, EA Azfil.
7. Бертельс. E. (1947). Предисловие. // Низами. Лирика. Под редакцией Е.Э.Бертельса и К.А.Липскерова. Москва, «Огуз» Государственное Издательство Художественной Литературы. 
8.  محمد عوفی. لباب الالباب    
University of Toronto Library. http://ketabnak.com/book/23513/ لباب-الالباب-جلد-دوم #versions
9. Крымский А.Е. Низами и его современники. Баку, Издательство «Элм», 1981. 488 стр.
 
 
SUMMARY
 
The first source providing information about Nizami Ganjavi is a work of Mohammad Ovfi, the 13-th century author, "Lubabul-alhab”. The author of this memoirs talking about each of Nizami’s epics in one or two sentences said that he didn’t see his Divan (collection of poems) and includes three lyric poems by this poet heard in Nishapur from an unknown person. One of the ghazal was presented under the note "Der mersiye-e-peser guyed” (در مرثیهء پسر گوید) ("He has said in his elegy dedicated to his son”). It is become clear from this poem that Nizami had a son other than Mohammad. The article dealt with an analysis of the ghazal from the content and poetic system point of view and the author paid attention to its publication and translation history.

NUH informasiya agentliyi səhifəsindən çap edilib