Dərc edilib: 31-01-2021

https://www.nuh.az/27744-.html

COVİD-19: İnsanlar vaksinasiyadan niyə qorxurlar?

31.01.2021 18:49:01

LIVE

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyası keçirilir. Başqa ölkələrdə olduğu kimi, peyvəndlənmə məcburi deyil. Lakin tibb mütəxəssisləri vaksinasiyadan keçməyi tövsiyə edirlər. Bu arada inyeksiyadan imtina edəcəklərini deyənlər də mövcuddur. Bəs, görəsən, onların narahatlıqlarına səbəb olan nədir?
Vaksinasiyaya qarşı inamsızlıq, qorxu və şübhələrin kökləri az qala müasir peyvəndlərin yaranması dövrünə gedib çatır.

Burada 19-cü əsrə aid Britaniyada yaranan peyvənd əleyhdarlarının hərəkatını misal çəkmək olar. Onlar vaksinasiya əvəzinə, təcrid olunma kimi, alternativ mübarizə üsullarını tələb edirdilər.
Daha yaxın tarixi örnək kimi, peyvənd əleyhinə çıxanların ən tanınan simalarından biri - həkim Andrew Wakefield-i qeyd etmək yerinə düşərdi. O, 1998-ci ildə autizm və bağırsaq xəstəliyini MMR peyvəndi ilə əlaqələndirən hesabatın müəllifidir. Onun nəticələri tamamilə təkzib olunsa da, vaksinlərin "təhlükəsi" barədə fikir müəyyən təbəqə arasında geniş yayıldı.
Covid-19 vaksininə gəlincə isə, belə hesab olunur ki, ona qarşı inamsızlıq və qorxu keçmişdəki təcrübə, siyasi və sosial mənşəli amillərə əsaslana bilər. Bu səpkidə 2009-cu ilə aid İsveçin misalını çəkmək olar.
Burada donuz qripi alovlanarkən, beş milyon insan, yəni əhalinin təxminən yarısının vaksinasiyasından sonra, bəzilərində ağır və uzunmüddətli yan fəsadlar müşahidə olundu. Bu hadisə əhalinin yeni peyvəndlə bağlı bəzi narahatlıqlarını izah edə bilər.
Stokholmdakı Novus İnstitutunun apardığı son sorğuya görə, isveçlilərin təxminən 60 faizi vaksinlənmə ilə bağlı ya tərəddüd keçirir, ya da ondan imtina etmək fikrindədir.
Ötən il nüfuzlu Lancet dərgisində yayılan araşdırmaya əsasən, vaksinlərin əhəmiyyəti, təhlükəsizliyi və effektivliyinə dair inamsızlığın səviyyəsi artmaqdadır. Belə ki, 2015-2019-cu illər arası 6 ölkədə peyvəndlərin təhlükəsiz olduğu ilə qəti şəkildə razılaşmayan respondentlərin sayında ciddi artım müşahidə olunub. Bu ölkələr arasında Azərbaycanın da adı çəkilir.
Belə görünür ki, koronavirus peyvəndi ilə bağlı narahatlıqlar ölkədən-ölkəyə dəyişkəndir. Britaniya da daxil, bəzi ölkələrin sakinləri, ümumilikdə, peyvəndlərə qarşı olmasa da, müəyyən istehsalçının vaksinlərindən imtina edir. Bu barədə The Guardian qəzeti yazır. Məlumata əsasən, ABŞ-Almaniyanın BioNTech/Pfizer peyvəndindən imtina edənlər Britaniyanın istehsal etdiyi vaksinlərə üstünlük verdiyini deyiblər.
Mütəxəssislərə əsasən, fəalların bir çox ölkədə vaksinlərə qarşı apardığı kampaniya qorxu və inamsızlıq hissini artırır. Hesab olunur ki, dezinformasiyanın eyni zamanda müxtəlif kanallardan yayılması yanlış məlumatların mötəbərliyini artırır.
Burada peyvəndlərin təhlükəsiz olmadığı kimi iddiaları göstərmək yerinə düşərdi. Bu məlumat artıq bir müddətdir ki, internetdə yayılır. Belə bir fikir izhar olunur ki, peyvəndlərin istehsalını sürətləndirmək naminə tələb olunan prosedurlardan yan keçilib və bu da vaksinin təhlükəsizliyini sual atına alır.
Nəzarət qurumları və istehsalçılara əsasən, vaksinlərin çevik çatdırılmasına səbəb - qabaqcıl texnologiya, nəzarətlə istehsalın paralel aparılması və geniş maliyyə dəstəyi olub.
London Gigiyena və Tropik Tibb Məktəbinin Vaksinə Etimad Layihəsi belə bir nəticəyə gəlib ki, sosial mediada dezinformasiya səciyyəli məlumatlarla tanış olan qruplar arasında vaksinasiya olmaq istəyənlərin faiz nisbəti aşağı düşür.
"Bu qrupun etimadını geri qazanmasaq, Pfizer peyvəndinin 95 faizlik təsiri barədə məlumat heç bir məna daşımayacaq. Ölkənin əksəriyyəti peyvəndi qəbul etmədən, kütləvi immuniteti təmin etmək mümkün olmayacaq", - britaniyalı həkim dr. Will Budd izah edir.
Peyvəndlərdən imtina edənlər onların "qeyri effektivliyi və ya yan fəsadları" kimi səbəbləri qeyd edirlər. Lakin Rusiya Səhiyyə Nazirliyinin saytlarından birinə görə, "qorxular" məsələni bilməməkdən irəli gəlir.
Vaksinasiya kampaniyasını tərəfdarları hesab edirlər ki, məşhur simaların, siyasi, ictimai və mədəniyyət xadimlərinin ictimai şəkildə inyeksiya olunması etimadı artıra bilər.
Burada nümunə olaraq, ABŞ Prezidentinin misalı çəkilir. Dekabr ayında onun vaksinasiya olunması televiziya ilə canlı yayımda nümayiş etdirilib. Yaşına görə peyvənd almaq növbəsi çatan Joe Biden soydaşlarını "vaksinin təhlükəsizliyinə" inandırmaq istədiyini deyib.
Ötən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyası ilə yanaşı yayılan saxta məlumatlar - "infodemiya" təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Mənbə: BBC

NUH informasiya agentliyi səhifəsindən çap edilib