Dərc edilib: 05-02-2021

https://www.nuh.az/27820-.html

“Hazırda deputat olan şəxs: “Bəy, gözünüz aydın, parlamenti aldıq”

05.02.2021 17:48:25

İdman

“Pənah Hüseyn parlamentə hərbi yürüşdə nəinki  iştirak edirdi, hətta öndə gedənlərdən idi. İrəlidə hərbi texnika, silahlı hərbçilər, onların arxasında hərbi yürüşün təşkilatçıları və insanlar...
Hüseyn Cavid prospektini keçib,  indiki Parlament(ovaxt ki Nərimanov) prospekti ilə irəliləyirdilər. Yəqin ki, AXC-nin qərargahından Ali Sovetin binasına getmək üçün bu marşrutun seçilməsi daha çox insanın cəlb olunması məqsədini güdürdü. Demək olar ki, şəhərin yarısından keçib gəlmişdilər. Cəbhəçilərin parlamentə yürüşü zamanı bir epizod daha çox yadda qalan oldu - atişma səhnəsi...”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənzadə danışıb. 
“Pənah Hüseyn bu gün demokratiyadan dəm vurur, 1992-ci il mayın 14-də Ayaz Mütəllibovun 200-dən çox deputatın tələbi ilə qanuni qayıdışını “dövlət çevrilişi” adlandırır. Amma gəlin,  Ayaz müəllimin mayın 14-də bir güllə səsi eşidilmədən, bir nəfərin burnu qanamadan Ali Sovetə gəlişini ertəsi gün- ayın 15-də “BTR”-lərin, avtomatla, qumbaraatanla silahlanmış izdihamın zor gücünə parlamentə soxulması hadisəsini müqayisə edək. Onda həqiqətin hansı tərəfdə olduğunu əyani şəkildə görəcəyik”- deyən eks-prezidentin mətbuat katibi  özünün şəxsən şahidi olduğu olaylardan bəhs edib.  
“Pənah Hüseyn faktları, dəqiqliyi sevən siyasətçilərdəndi, yəqin ki, deyilənlərin gerçək olduğunu etiraf edər... Müdafiə Nazirliyinin qarşısında  iştirakçıların qarşısına bir “Juquli-011” markalı avtomobil çıxdı və insanların üstünə yeridi.  Ola bilsin, bu da senariyə daxil edilmiş səhnələrdən biri idi. Maşından havaya boş güllələrlə atəş açıldı. Bir dəqiqənin içində prospekt boşaldı, hamı o yan-bu yana dağılışdı, Nazirliyin qarşısındakı agacların, kolların arasına doluşdular.  “Juqili”dəkilər yolun açıldığını görüb uzaqlaşdılar. Bir vurhavur düşdü, aləm qarışdı. Hərbçilər də avtomatdan atəşə başladılar, hətta Müdafiə Nazirliyini qoruyan əsgərlər də yerə uzanıb parlament binasına tərəf güllə atmaga başladılar.  Hərbi yürüşdə olan hərbçilərdən fərqli olaraq onların başında dəbilqə,  əyinlərində, səhv etmirəmsə, qoruyucu jilet var idi. Yəqin, bunlar o vaxtki Müdafiə naziri Rəhim Qaziyevin də yaxşı yadında olar... Bütün bunlar guya qarşı tərəfin – yəni Mütəllibov tərəfdarlarının parlament binası və “Moskva” mehmanxasından atəş açaraq qarşılıq verməsi təsəvvürü yaratmaq və parlamentə silahlı  yürüşə haqq qazandırmaq məqsədi güdürdü... 
Əsl vurhavur da bundan sonra Ali Sovetin qarşısında oldu. Pillələrdə uzanıb binaya tərəf atəş açan kim, qumbaraatanla  vuran kim.  Maraqlısı odur ki, binanın içində əks tərəfdən bir adam belə yox idi. Olsa-olsa, parlamentin işçilərindən kimsə var idi... 
Atəş açanlar, az qala, o vaxtkı  “Moskva” mehmanxanasının axırıncı mərtəbəsində çəkiliş aparan jurnalistlərdən birini vurub öldürmüşdülər. Yaxşı ki, əsgər düz nişan almamışdı. Demək olar ki, bir “Kalaşnikov” darağını boşaltdı ora.  Sonralar məlum olub ki, onlar “ANS-in əməkdaşları imiş, biri də Murşahin... 
Əynində hərbi qeyim, başında  cümhuriyyət dövrü milli Müsavat əsgərinin papağı olan təxminən 70-80  yaşlarında bir cəbhəçi də “mauzer” tapança ilə atəş açirdı.  Amma əks istiqamətdə. Yəqin ki, sevinc atəşləri idi...  Camaatın arasından ata-ata bizimlə də üzbəüz çıxdı.  Az qalmışdı kimisə vursun, xoşbəxtlikdən heç kimi yaralamadı və gülləsi bitdi. Silahı bir də doldurmaq istəyəndə başını itirmiş aqsaqqalı tanıyan  cavanlar tapançanı əlindən bir təhər aldılar...
 Həmin vaxt Pənah Hüseyn iki nəfər  məşhur müxalifət nümayəndəsi ilə(onlardan biri hal-hazırda dünyasını dəyişib) Müdafiə Nazirliyi binasının səkisinin kənarına çəkilib gözləyirdilər.  Xarici görünüşlərindən çox həyəcanlı və narahat olduqları açıq-aşkar bilinirdi. Ətraflarında da hərbi geyimdə sılahlı adamlar var idi. Yəqin ki, mühafizəçiləriydi.  Bir müddətdən sonra Ali Sovetin binası tərəfdən hazırda deputat olan başqa bir məşhur müxalifət təmsilçisi, AXC fəalı qaça-qaça sevinclə Pənah Hüseyngilə tərəf gəlib parlament binasına daxil olduqları müjdəsini verdi. İndiyədək onun sözləri yadımda qalıb: “Bəy, gözünüz aydın olsun, parlamenti aldıq!..”  Ətrafdakı bir neçə adam da cəbhəçi fəalın bu haylı-küylü gözaydınlığına belə cavab verdi: 
“Qardaş, nə olub?! Elə bil, Bastiliya qalasını almısız, Şuşanı azad etmisiz, öz deputatlarımızın əyləşdiyi parlamentimizdi də...”  Elə bu sözlər də sanki 15 may hadisələrinin əsl mahiyyətinə işarə oldu...” – deyə Qulu Həsənzadə vurğulayıb.  
Qeyd: Açıqlamada adı çəkilən şəxslərin fikirlərini dinləməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib