Dərc edilib: 06-02-2021

https://www.nuh.az/27830-.html

“Sülhməramlılar yerləşdiriləndən sonra gücü olanlar çevriliş niyyətinə düşdü”

06.02.2021 14:30:57

Günün sitatı

“Azərbaycanda təmizləmə prosesi getməlidir. Bir şeyi diqqətə çatdırım ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon”  dirçəldi, sanki onlara ikinci dəfə nəfəs verildi. Öz “böyükləriylə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevrilişi etmək niyyətinə düşdülər”. 

 

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında deyib. 

 

O bildirib ki, 44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin əzmini sübut edib: “Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq yerində oturdulacaq”.  

Millət vəkili hazırda vəzifə başında olanlar arasında həddindən çox harınlamış məmur-oliqarxların olduğunu diqqətə çatdırıb: 

“Bilirsiniz, bu prosesin davamlı olmaması qeyri-mümkündür. Çünki vəziyyət elə bir səviyyəyə çatıb ki, həlsiz qala bilməz. Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib. Yenilər müəyyən səhvlər buraxacaqlar, amma onlar Azərbaycan dövlətinə xəyanət etməyəcəklər, Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmayacaqlar, heç vaxt ciddi korrupsiya faktlarına görə istintaq edilməyəcəklər. Mən o gənclərin əksəriyyətini tanıyıram, əlaqələrim də var, məsləhətləşmələrimiz də olur. Amma 20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır. Kifayət qədər vəsait toplamış, vəsaitləri xaricə çıxarmış oliqarxlardır. Onlar nəinki bizim, heç ölkə rəhbərinin də sözünü eşitmirlər. Ona görə də onlar dövlət üçün həmişə təhlükədir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib