Dərc edilib: 08-02-2021

https://www.nuh.az/27849-.html

Ulu öndərə qarşı hörmətsizlik - Balaca Heydər Əliyev yazır

08.02.2021 17:07:21

Günün sitatı

İnstaqramda Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adına olan səhifədən edilən paylaşım sosial şəbəkələrdə rezonans doğurub.


Axar.az xəbər verir ki, Heydər Əliyevin adına açılan səhifədə Ümummilli liderin 94 illiyində onun şəkli əks olunan köhnəklərdən Qərbi Kaspi Universitetində döşəmənin silinməsi üçün istifadə edilməsi qınanılıb.

Səhifədə bildirilib ki, bu, Ulu öndərə xalq sevgisinə böyük hörmətsizlikdir.

Səhifənin Heydər Əliyevə aid olmamasına baxmayaraq, bu paylaşım geniş əks-səda doğurub və çoxsaylı paylaşımlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri fakta etirazlarını bildiriblər.

Bu paylaşımlardan sonra Qərbi Kaspi Universiteti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük:

“Bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır”.

Universitetin açıqlamasında Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşıldığı, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olduğu vurğulanıb:

“Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provokasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib.

Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.

Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı ifadə edirik və gördüyümüzdən iztirab və üzüntü keçiririk”.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin təsisçisi sabiq nazir Hüseynqulu Bağırovdur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib