Dərc edilib: 09-02-2021

https://www.nuh.az/27861-.html

Bir il keçdi, ən çox bu açıqlamaları müzakirə olundu

09.02.2021 17:02:13

Günün sitatı

Bu gün Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsindən bir il ötür. Ötən dövr ərzində  parlamentdə təmsil olunan deputatların bəziləri bir neçə açıqlamasıyla ölkədə gündəm yarada bilib. Hətta onlardan ikisinə parlamentin İntizam Komissiyası tərəfindən töhmət də verilib. 


“Qafqazinfo” bir il ərzində fikirləriylə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olan deputatları araşdırıb və onların açıqlamalarını təqdim edir.

YAP-çı deputat Siyavuş Novruzov: O, ötən ilin yayında pandemiya vaxtı toyların qadağan edildiyi dövrdə sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə getməsiylə yadda qaldı. Deputat “toya getmişəm, əcəb eləmişəm” açıqlamasıyla gündəmə gəldi. Bu açıqlamasından sonra o, YAP-da tutduğu vəzifədən azad edildi, üstəgəl partiya tərəfindən töhmət də aldı. 

Bu günlərdə isə Novruzov suyun vedrəylə ölçülməsi açıqlamalasıyla da müzakirə mövzusuna çevrilmişdi. 

Bəhruz Məhərrəmov: O, Vətən müharibəsi ərəfəsində İran və İranın Ali rəhbəri haqqında söylədiyi tənqidi fikirlərə görə gündəmə gəldi. Həmin açıqlamasına görə Milli Məclisin İntizam Komissiyası tərəfindən ona töhmət verildi. 

Könül Nurullayeva:  Türkiyə kanallarının birində onlayn çıxış edən deputat ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparmışdı. Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Nurullayeva bildirmişdi ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.

Sözügedən açıqlamadan sonra deputata MM-nin İntizam Komissiyası tərəfindən töhmət verilmişdi.

Pərvin Kərimzadə: Xanım deputat müsahibəsində koronavirus pandemiyasının Azərbaycanın həyata keçirdiyi tədbirlər qarşısında əlacsız qaldığını vurğulamışdı. 

Nurlan Həsənov:  Gənc deputat ölkədə benzinin və dizelin qiymətinin qalxması məsələsində Azərbaycanı Almaniyayla müqayisə etməsi sosial şəbəkələrdə müzakirə olunmuşdu. 

Onun sözlərinə görə,  Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir: “ Nəzərə almaq lazımdır ki, Almaniya neft-qaz ehtiyatına malik olmayan ölkədir. Lakin Azərbaycanda zəngin neft-qaz ehtiyatları mövcuddur. Bütün hallarda hesab edirəm ki, Tarif Şurası dünya bazarında neftin bahalaşması fonunda qiymət tənzimlənməsini həyata keçirib”.

Vahid Əhmədov:  O, müdafiə naziri Zakir Həsənovu və sabiq qərargah rəisi Nəcməddin Sadıqovu Azərbaycan dilini bilməməsinə görə tənqid etmişdi. Yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsini böyük bəla adlandırmışdı.

Vitse-spiker Fəzail İbrahimli:  Vitse-spiker parlamentin plenar iclaslarının birində həmkarı Razi Nurullayevi mərsiyəçi Raciyə bənzətməyi ilə gündəm olmuşdu. 

"Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür”- deyə vitse-spiker qeyd etmişdi.

Aydın Mirzəzadə: Deputat ad günü münasibətilə onu təbrik edənlərin hamısının siyahısını sosial şəbəkədə yaymasıyla gündəmə gəlmişdi. Müzakirələrdə iştirak edənlər deputatın bu siyahını dərc etmək üçün zaman ayırmasına irad tutmuşdular. 

Rafailov Anatoliy Xaimoviç:  O, şəhid ailəsinə göndərdiyi kosmetik məhsullarla gündəmə gəlmişdi. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib