Dərc edilib: 17-02-2021

https://www.nuh.az/27924-.html

Qocaman jurnalist Firuz Haşımovun işi Ali Məhkəmədə

17.02.2021 11:27:53

LIVE

Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə qocaman jurnalist Firuz Haşımovun işi üzrə proses keçiriləcək. Firuz Haşımov bu gün Ukraynada səfir olan Elmira Axundova, onun oğlu Həbib Axundovun adı hallanan qalmaqallı dələduzluq əməllərindən yazdığına görə cərimə olunub.

 

 

Maraqlıdır ki, proseslə bağlı Firuz Haşımova məlumat Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasından 1 gün sonra göndərilib. Həmin Plenumda Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası, respublikamızda məhkəmə-hüquq sisteminin inkişafı haqda məlumat verilib.

 

 

İclasda respublika məhkəmələrinə yeni təyin olunan 44 hakim "Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

 

 

Bu andiçməyə qədər Azərbaycan məhkəmələrində qocaman jurnalistin işi ilə bağlı verilən hökm və qərarlar qanunsuz olub. Məsələnin mahiyyəti budur ki, 2013-cü ildə Axundovların adı 8 milyon manatlıq dələduzluq işində hallandıqdan sonra bir çox mətbu orqanlarda bu haqda yazılar dərc olunub.

Həmin yazıların bir neçəsini iddialarına əlavə edən Elmira Axundova və oğlu Həbib Axundov ayrı-ayrı məhkəmə instansiyalarına üz tutublar. İddia ediblər ki, 8 milyon manatlıq dələduzluq işinə aidiyyətləri yoxdur, onlar heç kimdən pul almayıblar.

 

 

Məhkəməyə təqdim etdikləri məqalələrdə yer alan faktların da şərəf və ləyaqətlərini alçaltdığını, işgüzar nüfuzlarına xələl gətirdiyini iddia ediblər. 83 yaşlı jurnalist Firuz Haşımovu məhkəməyə çəkməklə yazıların müəllifi olduğuna israr ediblər.

İş üzrə Binəqədi Rayon Məhkəməsində 3 il sərasər proses təyin edilib, faktiki isə heç bir araşdırma aparılmayıb. İş üzrə 3 hakim dəyişsə də, nəticə etibarı ilə Firuz Haşımovu dinləyən olmayıb. Məqalələrin onun və Həbib Axundovun, Elmira Axundovanın adı hallanan 8 milyonluq dələduzluq işi üzrə digər zərərçəkənlərin yazması haqda qeyri-müəyyən qətnamə çıxarılıb.

Firuz Haşımov da daxil olmaqla dələduzluq işi üzrə zərərçəkənlərin hər biri məqalələrə görə ayrı-ayrılıqda 20 min manat cərimə olunublar. Qanundan kənar məhkəmə qərarlarına görə böyük dələduzluq işində zərərçəkənlərin hər biri 10 min manat Elmira Axundovaya, 10 min manat da Həbib Axundova verməlidirlər. Qocaman jurnalist müəllifi olduğu məqalələrdə, hansılar ki, məhkəməyə təqdim olunmayıb, Axundovları tənqid etdiyini deyib, təhqirə yol vermədiyini açıqlayıb.

Firuz Haşımov Binəqədi Məhkəməsinin məlum qanun adına yamaq, böyük biabırçılıq adlandırıla biləcək qətnaməsindən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində Firuz Haşımov deyib ki, eyni iddia üzrə digər məhkəmə prosesində cərimə olunub. Həmin iş hazırda Avropa Məhkəməsindədir.

"Həmin iddia yolverilməz olsa da, məhkəmə qəbul etmişdi. Forma və məzmununa görə düzgün olmayan iddia idi. İddia ərizəsində yazırdılar ki, guya cavabdehlər Axundovlar haqda həqiqətə uyğun olmayan məlumatları KİV-də yayıblar. Söhbət ondan gedir ki, zərərçəkənlərin əksəriyyəti ittiham aktında, məhkəmə hökmündə də göstərilir ki, Həbib Axundova zərərçəkənlərədən Fərman Məmmədov 575 min manat biznes üçün pul verib.

Bununla bağlı ölkə rəhbərliyinə müraciətlər ünvanlanıb və zərərçəkənlər xahiş ediblər ki, məsələ nəzarətə götürülsün. Burada təhqir, böhtan haradadır?” – deyə apelyasiya instansiyasında qocaman jurnalist bildirib. Elmira Axundova eyni zamanda bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinə müraciətlər ünvanlayıb.

Ona verilən cavablarda qeyd olunur ki, bəli, Həbib Axundov Fərman Məmmədovdan pul alıb. Həbib Axundov həmin pulu kimə verib özü bilir. Fərman Məmmədov həmin adamları tanımır. Yəni Binəqədi məhkəməsi bu və digər çoxsaylı faktlar ola-ola iddianı icraata götürüb. Əslində isə iddianın icraata qəbulu yolverilməz idi.

Ən əsası isə burada kiminsə təhqir olunmasından söhbət getmir. Bununla belə qocaman jurnalist qeyri-müəyyən, heç bir əsası olmayan iddiaya görə 10 min manat cərimə edilib. Qocaman jurnalist bildirib ki, əslində cinayət ona qarşı baş verib və qanunsuz olaraq heç bir təhqir olmayan yazılarına görə 2 min manat cərimələnib. Sonradan eyni yazılara görə 10 min min manat da cərimə olunub. Bu biabırçı cinayət Azərbaycan məhkəmələrində baş verib. İndi isə söz Ali Məhkəmənin hakimi Mehparə Əhmədovadadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib