Dərc edilib: 17-02-2021

http://www.nuh.az/27930-.html

Azərbaycanda bahalaşmanı kim yaradır? – Gömrük Komitəsi buraxılmalıdır

17.02.2021 23:33:55

Müsahibə

İlin əvvəlindən Azərbaycanda yanacağın və suyun qiymətinin bahalaşması ərzaq və gündəlik tələbat mallarının qiymətinə ciddi təsir göstərib. Xaricdən idxal olunan, yaxud ölkədə istehsal olunan malların satış qiymətində 12-30 faiz aralığında artım var.

İqtisadçı Nemət Əliyev bildirir ki, bahalaşmanın əsas səbəblərindən biri idxal mallarının 22,7 faiz bahalaşmasıdır. Onun sözlərinə görə, qiymət artımının yaratdığı əlavə xərclər Prezident sərəncamları ilə həyata keçirilən əməkhaqqı, pensiya və sosial müavinət artırımlarını 1,4 milyard manat üstələyib: "Dövlət Gömrük Komitəsini tam tərkibdə buraxmaq və yenidən təşkil etmək lazımdır. Yeni formalaşacaq tərkibə hazırkı heyətdən bir nəfəri də yaxın buraxmaq olmaz. Burada normal düzən yaratmağın alternativ yolları haqqında düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Dövlət Gömrük Komitəsinə gətirilən sonuncu sədrin fəaliyyətində ilk vaxtlar müəyyən qədər müsbət çalarlar diqqəti cəlb etsə də, sonradan hər şey "köhnə hamam, köhnə tas" səviyyəsinə düşüb".
İqtisadçı qeyd edir ki, Azərbaycana idxal olunan malların yüksək səviyyədə bahalaşması malların gətirildiyi xarici ölkələrdəki qiymət səviyyəsinin dəyişməsi ilə qəti şəkildə əlaqəli deyil. Əsas səbəbi Dövlət Gömrük Komitəsində axtarmaq lazımdır. "Rusiya və Qazaxıstan neft-qaz ölkəsidir və onlar Azərbayacan kimi əsasən qeyri neft-qaz malları idxal etməklə məşğuldur. Amma Qazaxıstanın idxal etdiyi mallar 2020-ci ildə vur-tut 4,1 faiz bahalaşıb. Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə, bu ölkənin idxal etdiyi malların orta qiyməti ötən il ərzində nəinki bahalaşmayıb, əksinə 3 faiz ətrafında ucuzlaşıb. Azərbaycanın dövlət gömrük sərhədində qiymətlərin başına hansı oyunların gətirilməsini üzə çıxarmaq baxımından Belarus nümunəsi ibrətamizdir. Bu ölkədə idxal olunan malların orta qiyməti ötən il 8,7 faiz ucuzlaşıb. İqtisadi potensialına görə Azərbaycandan çox-çox zəif olan Ermənistanda orta qiymət vur-tut 0,3 faiz bahalaşıb. Qonşu Gürcüstanda isə bu göstərici cəmi 6 faiz artıb. Azərbaycanda isə idxal olunan mallar 22,7 faiz bahalaşıb", - ekspert vurğulayıb.
Nemət Əliyev bildirir ki, Azərbaycan idxalının kəskin bahalaşmasının Dövlət Gömrük Komitəsi ilə əlaqədar olması qənaətinə gəlmək üçün bu məlumatlar və müqayisələr kifayət qədər yetərlidir: "Çünki oxşar və ya eyni iqtisadi coğrafiyadan alış-veriş həyata keçirən ölkələrin alış qiymətləri arasında bu dərəcədə fərq ola bilməz, mümkün deyil".
İqtisadçı hesab edir ki, Dövlət Gömrük Komitəsində nələrin baş verməsini anlamaq üçün hakimiyyətdə yüksək postlar tutan iqtisadçılar, hüquqşünaslar ilk növbədə yuxarıdakı paradoksların səbəblərini tapmalıdır: "Bu paradokslar yalnız idxal sahibkarlığına, yerli istehsala deyil, həm də əhalinin sosial vəziyyətinə ağırlaşdırıcı təsir göstərir. Bu gün bazarların "od tutub yanmasının” əsas səbəblərindən biri idxaldakı bu bahalaşmadır. Əgər, ötən il idxalın həcminin 10,73 milyard dollar həcmində olmasını nəzərə alıb hesablasaq, məlum olur ki, bu məbləğin 2 milyard dolları bahalaşma hesabına yaranıb (10,73-10,73:(100+22,7)/100≈2,0) Deməli, ölkə daxilində yalnız idxal mallarının satınalınmasına çəkilən xərclər bahalaşma səbəbindən 3,4 milyard manat artıb".
Ekspertin sözlərinə görə, Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, 2020-ci ildə əməkhaqqı, pensiya və sosial müavinətlərin artımına dövlət büdcəsindən 2,040 milyard manat vəsait yönəldilib. Gəlirlərin 2 milyard, xərclərin isə 3,4 milyard manat artması şəraitində həyat səviyyəsinin yaxşılaşması haqqında danışmaq doğru deyil. Gömrük sərhədində idxal mallarının kəskin dərəcədə bahalaşdırılması dövlət sosial müdafiə tədbirlərinin əhəmiyyətini azaldır. Bu yolla sosial həyatı yaxşılaşdırmaq mümkün deyil. Belə vəziyyətdə həyat səviyyəsi ancaq pisləşə bilər. Əgər, buraya yerli malların bahalaşmasının təsirini də əlavə etsək, ölkəmizədə həyat səviyyəsinin ağırlıq dərəcəsini təsəvvür etmək olar".
Nemət Əliyev bildirir ki, nə qədər geç deyil, gömrük orqanlarının bu fəaliyyətinə son qoyulmalı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasının qarşısı alınmalı və idxal mallarının gömrük dəyərinin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Mənbə: AzPolitika.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib