Dərc edilib: 23-02-2021

https://www.nuh.az/27997-.html

Bakıda 4 tələbə dəm qazından boğulub öldü

23.02.2021 17:39:47

LIVE

Bakıda bir evdə dəm qazından boğularaq ölən 5 nəfərdən 4-ü tələbədir.
 
APA-nın əldə etdiyi məlumata görə, onlardan ikisi - Atilla və Lətif Əliyev qardaşları Azərbaycan texniki Universitetinin tələbələridir. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə başqa bir ali təhsil müəssisəsində oxuyurmuş. Onlarda birgə ölən Natiq Səfərov isə həmin evdə usta işləyirmiş. 
 
Qeyd edək ki, bu gün saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.
 
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
 
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib