Dərc edilib: 08-03-2021

https://www.nuh.az/28128-.html

Qadınlar arasından peyğəmbər çıxmasa da... – ELMİ-LƏDUN

08.03.2021 00:35:58

LIVE
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" “Quran”, 30:21

 
Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur:
 
“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla, Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin” – deyildi”.
“Allah iman gətirənlərə isə, Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ya Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi”.
“Allah mömin qadınlara həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz Cəbrayıl vasitəsi ilə libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və Allaha itaət edənlərdən oldu”. “Quran”, “Qadağan” surəsi, 10-11-12-ci ayələr.
 
“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” “Quran”, “İmran ailəsi” surəsi, 42-43.
 
“İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla! 
Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram” (dedi). 
Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” “Quran”, “İmran ailəsi” surəsi, 35-37.
 
Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir. 
Və yaxud, “Məryəm” surəsində onun kəramətinə dair başqa fakta rast gəlirik:
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun!” 19:25-26
Bütün bunlar Məryəmin kəramətinə dəlalət edən faktlardır.
 
İslam tarixində də bir çox kəramətli qadınlar olmuşlar ki, onlardan biri Həzrət Rəbiədir (haqqında bir çox filimlər və kitablar yazılan bu xanım övliya VII əsrdə yaşamışdır). Onunla eyni dövrdə yaşamış Həsən Bəsri  arasında baş verən bir əhvalatı oxucuların diqqətinə çatdırmaq istəyirəm.
 
Bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: “Gəl burada iki rükət namaz qılaq” - dedi. 
Rəbiyyə: “Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” – deyə cavab verdi.
Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” dedikdən sonra əsas söyləmək istədiyini söylədi: 
- Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər. 
 
Tarixi mənbələrdə yer alan bu faktlar Həzrət Rəbiyyənin kramət sahibi övliyalardan olduğunu təsdiq edir. 
 
Elə Azərbaycanda da öz kəramətləri ilə məhşur olan xanım övliyalar yaşamışlar ki, onlara misal olaraq Həzrət Museyi Kazımın qızları Həzrət Həkimə xanımı, Həzrət Leyla xanımı, Həzrət Rəhimə xanımı və s. kəramət sahibi olan xanımları göstərmək olar. 
 
Bütün bunları oxuduqdan sonra insanda belə bir sual yaranır: qadınlar arasından kəramətli şəxslər çıxdığı halda niyə onlardan peyğəmbər seçilmir?
Bildiyimiz kimi, Peyğəmbərlik məqamına ancaq kişilərin layiq görülməsi barədə “Quran”da ayələr vardır:
 
 “Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər bunu bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!” “Bal arısı” surəsi, 43.
 
Suala cavab  tapmaq üçün Peyğəmbərliyin mahiyyətinə nəzər salmaq vacibdir. “Quran”dan məlumdur ki, Allah peyğəmbəri o xalqın arasından seçir ki, orada sadə camaat yolun azıb, pozğun həyat tərzi keçirir, onlara rəhbərlik edən (kişi) padşah isə, xalqa zülm etməkdə həddin aşmış olsun. Allah onların arasından seçdiyi bir şəxsi (elçini) həmin zalım rəhbərin yanına göndərib, xalqa zülm etməməyi əmr edir. Xalqa da elan edir ki, pozğun həyat tərzinə son qoyub, doğru yolu tutun...
 
Peyğəmbərlər tarixinə nəzər saldıqda aydın görmək olur ki, belə hallarda  həmin zalım padşah və pozğun həyat tərzinə alışmış xalq heç də həmin Peyğəmbəri qəbul etmirlər. Ya ona (Həzrət İbrahim kimi) ağır işgəncələr verirlər, ya da (Həzrət Zəkəriyya və Yəhya kimi) öldürürlər:
 
“Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə həmin peyğəmbərlərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
Və elə hesab edərdilər ki, bunun müqabilində özlərinə heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular...”. “Süfrə” surəsi, 70-71.
 
 Ayədən göründüyü kimi, Peyğəmbərlik vəzifəsi bu missiyanı daşıyan şəxsin həyatı üçün çox təhlükəli və əziyyətli bir vəzifədir. Məhz bu səbəbdən də Allah-təala zərif cinsin nümayəndələrinə belə çətin bir vəzifəni yükləməmişdir. 
 
 Digər tərəfdən qadınlarda ayda bir dəfə baş verən fizioloji hallar vardır ki, həmin dövrdə qadının ibadət etməsi, vəhy qəbul etməsi mümkün deyildir.
 
Bildiyimiz kimi, “Quran”ın 21-ci surəsi “Peyğəmbərlər” adlanır. Bu səbəbdən də 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomik quruluşunda 21 ədədi görünür. Belə ki, qadınlarda barmaq çıxıntıları 20 olduğu halda, normal kişilərdə barmaqların və barmaqvari çıxıntıların (cinsiyyət üzvünün) birlikdə sayı 21-dir. Həyatda təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomik quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır. 
 
Bu və digər bir çox səbəblərdən peyğəmbərlər ancaq kişilər arasından seçilir.
 
Qadınlardan isə, peyğəmbər seçilməsə də, yuxarıda qeyd etdiyimiz kimi, böyük övliyalar yetişmişlər. 
 
Yeri gəlmişkən, 8 mart qadınlar bayramı münasibəti ilə bütün xanımları təbrik edirəm və onlara övliyalıq məqamına yüksəlmələrini arzulayırm. 
 
Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib