Dərc edilib: 10-03-2021

https://www.nuh.az/28157-.html

Ali Məhkəmədə Arif Alışanovla bağlı iki qərar

10.03.2021 12:37:24

Kriminal

Dünən Ali Məhkəmədə "AzTV" QSC-nin keçmiş sədri Arif Alışanovla bağlı iki şikayətə baxılıb. 

Bu barədə "AzPolitika.info"-ya Alışanovun iddiası əsasında 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şamaxı rayon sakini Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva məlumat verib. 
O bildirib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə atası da iştirak edib: "Prosesdə atamın vəkili İmanqulu Həsənov çıxş edərək, Ş. Əkbərov barəsində verilmiş hökmün ədalətsiz olduğunu, ittihamda göstərilən halların istintaqda və məhkəmədə sübut olunmadığını bildirdi. Atam da öz növbəsində dedi ki, o, A. Alışanova qarşı heç bir cinayət törətməyib, tamamilə günahsızdır. Hakim Fərhad Kərimov ədalətli qərar verdi, cinayət işi ləğv olunaraq Apellyasiya Məhkəməsinə qaytarıldı. Ona sonsuz minnətdarlığımızı bildiririk".
C. Tağıyeva daha sonra bildirib ki, bu gün eyni zamanda Ali Məhkəmədə anası Səlimə Sadıqovanın şikayətinə də baxılıb: "Arif Alışanov atamı həbs etdirdikdən sonra bütün əmlakımızı, hətta ata-baba evimizi, torpaq sahələrimizi zorla əlimizdən alıb. Hazırda yaşamağa yerimiz yoxdur. Çox təəssüf ki, məhkəmə instansiyaları Arif Alışanovun sifarişlərini icra edib. Bu gün ümidimiz vardı ki, Ali Məhkəmə ədalətli qərar verəcək. Amma hakim Aqil Abbasov daha böyük ədalətsizliyə imza atdı".
Onun sözlərinə görə, məhkəmədə A. Alışanov tərəfdən heç kim, hətta vəkili belə iştirak etməyib: "Buna baxmayaraq, hakim anam S. Sadıqovanın şikayətini təmin etmədi. Nəticədə biz bütün əmlakmızdan məhrum olduq. Nə edəcəyimizi, harada yaşayacağımızı bilmirik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib