Dərc edilib: 11-03-2021

https://www.nuh.az/28169-.html

Qazı kəsilən sahibkarın istixanasına 28 minlik ziyan dəydi

11.03.2021 13:05:40

LIVE

Xaçmaz rayonunda pomidor yetişdirilməsiylə məşğul olan sahibkar Anar Xəlilovun istixanası məhv olub, vətəndaş bu məsələdə “Azəriqaz”ı cavabdeh sayır. 


“Qafqazinfo”ya müraciət edən sahibkarın sözlərinə görə, onun ötən ilin sonuna qədər 7244 manat borcu yaranıb: “Pandemiyaya görə ötən ilin sonunda sahibkarlara güzəşt edildi. Qərar verildi ki, sahibkarlar qaz borclarının 50 faizini ödəyib, qalan borcu da martda ödəyə bilərlər. Mən də əvvəlcə 1830 manat borcu ödədim. Qaz idarəsindən dedilər ki, belə olan halda bərpa edəcəklər. Ümumiyyətlə hər danışığımızda “filan qədər ödə, qaz verək” desələr də, hər dəfə məbləği artırırdılar. Daha sonra isə 1800 manat kredit götürüb qalan borcu ödəmək istədim. Bu dəfə də güzəşt etməyəcəklərini bildirdilər. 

Halbuki qaza külli miqdarda borcu olan digər istixanalar da var. Onların qazını kəsən yoxdur. Yerdə qalan 3600 manat borc nədir ki, ona görə bütün istixanam məhv oldu… Fevralın 18-də havanın şaxtalı olacağını bildirdilər. Buna görə də Xaçmaz Regional İdarəsinin baş mühəndisinin qəbuluna gedib 1800 manat ödəyib qazı açdırmaq istədim. Ancaq məni qəbul edən olmadı. Qaz olmadığına görə də bütün pomidorları şaxta vurdu. Hazırda təsərrüfatıma 28 min manat ziyan dəyib. Həmişə sahibkarlara dəstək olunduğunu deyirlər, ancaq mənə güzəşt edən olmadı". 

“Qafqazinfo”məsələylə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxlayıb. O bildirib ki, hazırda Anar Xəlilovun 7700 manatdan artıq borcu var: “O, fevralda borcundan cəmi 1800 manat ödəniş edib. Düzdür, biz elan vermişdik ki, istixana sahiblərindən kim borcunun 50 faizini ödəsə, qalan borcu da martın axırına qədər ödəyə bilər. Həmin sahibkarın bu barədə bizə rəsmi şəkildə müraciəti olmayıb. Müraciət olduğu halda razılaşdırılma protokolu imzalanmalıdır. Onun belə bir müraciəti Xaçmaz rayon Regional Qaz İdarəsində yoxdur. Yəni bu cür güzəşt şifahi razılaşma əsasında həyata keçirilmir”.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib