Dərc edilib: 11-03-2021

https://www.nuh.az/28170-.html

Rusiyanın seçdiyi tacik qız kimdir?

11.03.2021 13:17:55

Hadisə

Xəbər verdiyimiz kimi, bu il Rusiyanı “Eurovision - 2021” mahnı müsabiqəsində əslən Tacikistandan olan Manizha Sangin təmsil edəcək. O, Avropa səhnəsində “Russian woman” (Rus qadını) mahnısını səsləndirəcək.


“Qafqazinfo”nun məlumatına görə, sənətçinin 8 mart tarixində təqdim etdiyi mahnıda rus qadınların son bir neçə əsr ərzində yaxşıya doğru necə dəyişməsindən bəhs olunur.

Manizha təkcə musiqi fəaliyyəti ilə deyil, eyni zamanda qadın hüquqları uğrunda fəal mübarizə aparır, feminizmlə bağlı mahnılar oxuyur, LGBT-ni dəstəkləyir. O, 2020-ci ilin dekabrında Rusiyanın BMT-də qaçqınlarla iş üzrə ilk xoşməramlı səfiri təyin olunub.

29 yaşlı sənətçinin ailəsi Tacikistanda baş verən Vətəndaş müharibəsi (5 may 1992-ci ildən 27 iyun 1997-ci ilə qədər davam edib - red.) zamanı ölkədən qaçaraq Rusiyaya sığınıb. Uzun illər onlara nə qaçqın, nə də vətəndaşlıq statusu verilib: “Anam məni bağça və məktəbə yazdırmaq üçün rüşvət verməli olurdu. Ümumiyyətlə, çox problemlərlə qarşılaşırdıq”.

İfaçı ötən il müsahibəsində bildirib ki, miqrantların üzləşdiyi problemlər hələ də davam edir. Uşaqkən uzun müddət irqçiliyə məruz qalıb, psixoloji təzyiqlərlə üzləşib:

 “Rəngimə görə məni lağa qoyurdular”.

 

 

Hətta o, natamam tacik və natamam slavyan olmasından bəhs edən layihə də təqdim edib.

Manizhanın babası Tacikistanın tanınmış jurnalisti, yazarı olub. Anası isə (adını açıqlamır -red.)məşhur moda dizayneridir, ölkənin gözəllik müsabiqələrində yer alır.

Bu qədər məşhur olan müğənni ailəsinin kimliyi barədə çox məlumat açıqlamayıb. Sadəcə bildirib ki, ulu nənəsi Orta Asiyada niqabı atan ilk qadınlardan biridir.

Bundan əlavə, sənətçi milli seçim turundakı qələbəsini 10 il öncə vəfat etmiş nənəsinə həsr edib.

 

 

O deyir ki, 2000-ci illərin ortalarında səhnəyə gələrkən çox maneələrlə rastlaşıb. Musiqi prodüserləri hesab edib ki, Manizhanın adı və görünüşü səhnəyə yaraşmır. Hətta sənətçi bir müddət “Ru.Kola” təxəllüsü ilə fəaliyyət göstərib.

10 il sonra öz adı ilə səhnəyə qayıdan Manizha 2010-cu ildə albom buraxıb. Bir müddət Londonda yaşayıb, daha sonra Moskvaya qayıdıb.

Müğənni Orta Asiya xanımlarının ona mesaj yazaraq ataları, həyat yoldaşları tərəfindən şiddətə məruz qaldıqlarını bildiriblər. Bundan sonra, o ailəsi ilə birlikdə zorakılıqla bağlı sosial layihələr həyata keçirməyə başlayıb və bu prosesi hələ də davam etdirirlər. Hətta ailə “Silsila” adlı “qaynar xətt” tətbiqini yaradıb.

“Forbes”in məlumatına əsasən, Manizhanın valideynləri sözügedən layihəyə 7 milyon rubl (təxminən 162 min AZN) pul xərcləyib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib