Dərc edilib: 12-03-2021

https://www.nuh.az/28180-.html

Fuad Poladovun xanımı - Müsahibə

12.03.2021 11:00:58

Müsahibə

Fuad Poladovun xanımı Gülüstan Poladova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Gülüstan xanım, öncə sizi salamlayıram. Vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirəm.
 
- Siz sağ olun, buyurun.
 
- Fuad müəllim sonuncu dəfə 2 gün öncə Milli teatr günü Teatr muzeyində keçirilən tədbirdə xatırlandı. Sizi də həmin tədbirdə gördük.
 
- Bəli, Teatr muzeyində keçirilən tədbir Milli teatr gününə həsr olunmuşdu. Muzeyin direktoru Sevinc xanım mənə zəng edib bildirdi ki, Xalq rəssamı Arif Hüseynov Fuadın “Ağa Məhəmməd Şah Qacar” tamaşasındakı Qacar obrazının qrafika janrında portretini çəkib və muzeyə hədiyyə edib. O ailəsinin də bu tədbirdə iştirak etməsini istədi. Mən və  bacısı tədbirdə sevərək iştirak etdik. Fuad Poladova qarşı olan bu sevgi və diqqət məni hədsiz sevindirir. Mən həmişə onunla fəxr etmişəm. İndi də edirəm.
- “Ağa Məhəmməd Şah Qacar” tamaşasını Fuad bəy çox sevirdi?
 
- Bəli, lap çox. O ümumiyyətlə ciddi və xarakterik obrazları çox sevirdi. Bu tamaşanı isə 50 dəfə oynamışdı. 
 
- Amma teatrdan incik düşmüşdü.
 
- Danışırdısa, deyirdisə demək ki, incik düşdüyü məqamlar var idi. Onun teatrdan incik düşməsinin səbəbini də yalnız özü bilirdi. Heç vaxt teatrda olan hadisəni gəlib evdə danışmazdı.
 
- Nədənsə Fuad Poladovun ailə üzvlərini mediyada çox nadir hallarda görürük.
 
- Fuad müəllim sağlığında da xoşlamırdı ki, ailə üzvləri efirlərə çıxsın, müsahibə versin. O bunlardan çox uzaq idi. Mənə də dönə-dönə tapşırırdı ki, jurnalistlərə danışma. Onun xasiyyəti mənə və oğluma da keçib. Dəfələrlə efirlərə də məni dəvət ediblər, nədənsə getməmişəm.
- Sizi qorxudan nəsə bir sual var?
 
- Xeyr, heç nədən və heç kimdən çəkinmirəm, sadəcə olaraq çox göz önündə olmağı xoşlamırıq. Nə mən, nə də oğlum. Bizim ailədə qayda-qanun belədir ki, biz xoşlamırıq hər yerə çıxıb mənasız danışaq. Mənə elə gəlir ki, bu artıq bir şeydir.
 
- Fuad Poladovun sizə vəsiyyəti nə olmuşdu? 
 
- O mənə xüsusi olaraq nəyisə vəsiyyət etməyib. Xəstə olanda bir gün də xəstəxanada yatmadı. Ev şəraitində müalicə alırdı. O həyatı boyu mənə elə vəsiyyət edirdi, biz daima müzakirələr aparırdıq, söhbət edirdik. Bir şeyi xahiş etmişdi ki, qoyma məni teatrdan götürsünlər. Amma konkret teatr adı çəkməmişdi.
 
- Sevmədiyi insanlar tipləri hansılar idi?
 
- İkiüzlü, yaltaq, hərşeydə pislik axtaran insanları sevmirdi və bizə  də tövsiyyə edirdi ki, bu cür insanlarla yaxınlıq etməyək.
 
- Sənətkarın sənətini ailədə yaşadanlar varml?
 
- Xeyr, heç kəs yoxdur.
 
- Gələcəkdə  nəvələrinizin Fuad müəllimin sənətinin davam etdirməsini istərdinizmi?

- Nə bilim həyat göstərər. Arzuları olsa edərlər. Biz heç kəsi məcbur edə bilmərik. Gərək istək olsun.   
 
- Ev muzeyinin yaradılmasını istərdinizmi?
 
- Bunu mən etməliyəm? Mən bilən bizə təklif gəlməlidir.
 
- Təklif gəlməyəndə sənətkarın ailə üzvləri edir bunu.
 
-  Mənim elə bir imkanım yoxdur axı. Bizdə də elə bir şey yoxdur ki, buna görə gedib kimdənsə xahiş edib, nəsə istəyək. Olmayıb, olmayacaq da.             
 
- Fuad Poladovdan sizə bu günki gündə yadigar nələr qalıb?
 
- Onun qəzetləri, şəkilləri, şəxsi əşyaları, mükafatları və s. Düzdü bəzi arxivini mən Teatr muzeyinə hədiyyə etmişəm, amma çox hissəsi məndədir.          
 
- O arxivin içərisində elə bir əşya varmı ki, o əşyaya baxanda hər şey bir daha gözünüzdə canlanır?
 
- Fuad Poladov həmişə mənim xatirəmdədir, elə bir əşya lazım deyil ki, yada düşsün.
 
- Xasiyyəti necə idi?
 
- Adi bir insan idi, danışırdı, gülürdü, ailədə necə lazımdır elə idi. Hər şey normal idi. 
 
- Ailədə maddi vəziyyətiniz necədir?
 
- Mən işləmirəm, amma şükür Allaha, övladlarım işləyir. Hər şey normaldır.
 
- Adətən sənətkar dünyasını dəyişəndən sonra onun sənət yoldaşları həmin sənətkarın ailəsi ilə də əlaqələrini soyudur. Sizdə də belə oldumu?
 
- Sözün düzü, mən çalışıram heç kəsdən heç nə gözləməyim, onda adam rahat yaşayır. Amma elə adamlar var ki, hər zaman zəng edib oğlumdan da, məndən də hal-əhval tuturlar, soruşurlar. Amma belə ümumilikdə mən heç kəsdən heç bir şey gözləmirəm, nə zəng, nə də başqa bir şey. Ona görə də heç kəsi qınamıram.
 
- Sənətdə ən yaxın dostları kim idi?
 
- Onun ən yaxın dostları demək olar ki, hamısı dünyasını dəyişib. Hamlet Xanızadə ilə yaxın dost idi. Bu sahədə çox dostları var idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib