Dərc edilib: 13-03-2021

https://www.nuh.az/28199-.html

Ədliyyə sistemi üçün DB-nin ayırdığı 150 milyon nəticə verdimi?

13.03.2021 22:30:25

LIVE

"Dünya Bankının məlumatına görə, 2014-cü ildə Azərbaycana "Ədliyyə sahəsində xidmətlər və yüksək texnologiyalı məhkəmə infrastrukturu” layihəsinə 100 mln. dollar kredit verib. DB-nın Direktorlar Şurası tərəfindən 26 mart 2020-ci ildə bu layihənin uzaldılması məqsədi ilə daha 50 milyon ABŞ dolları həcmində əlavə maliyyə ayrılıb". 

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Gəfərli bildirib. Onun sözlərinə görə, layihədə nəzərdə tutulan maliyyə vəsaitindən artıq 107 mln. dollar xərclənib, amma Ədliyyə Sistemi hələ də arzu olunan səviyyədə deyil:
"Ümumi olaraq ədliyyə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması (bu işlərin dəyəri 43,84 milyon dollar həcmində qiymətləndirilir), institusional potensialın və səmərəliliyin gücləndirilməsi (25,8 milyon dollar), ədliyyə infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi (59,71 milyon dollar), layihənin idarəolunması və koordinasiyası (12,89 milyon dollar), ədliyyə sisteminin işləməsi və göstərilən xidmətlərin yaxşılaşdırılması üçün transformasiya texnologiyalarının sınaqdan keçirilməsi (4,83 milyon dollar) üçün nəzərdə tutulub. Gözlənilməyən xərclər üçün 2,67 milyon dollar ayrılıb. Layihə 2024-cü ildə tam başa çatmalıdır. Artıq 107 mln. dollar xərclənib. Ədliyyə sistemi necə pis gündə idisə, elə də qalır. Ədliyyə sistemində ədalətin "Ə" hərfi belə yoxdur. İndi hökumətdən soruşsaq, deyəcəklər ki, bu pula Sumqayıt məhkəmə kompleksini, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin və Masallı Rayon Məhkəməsinin tikintisini başa çatdırmışıq. Desən ki, ay qalstuklu müəllimlər, Ədliyyə sistemində islahat ədalətin olmağıdı gözəl bina deyil, gözlərini döyəcəklər".
Natiq Cəfərli bildirib ki, islahat kəmiyyət dəyişikliyi deyil, keyfiyyət anlayışıdır:
"Dəfələrlə YAP-çı deputatlarla debatlarda bunu görmüşəm - deyirsən, təhsil sistemi pisdir, cavab verirlər ki, görmürsüz, 3500 məktəb tikilib, təmir edilib. Hayqırırsan ki, səhiyyə sistemi pis gündədir, qışqırırlar ki, gözünüz kordur, ölkədə 510 yeni xəstəxana və diaqnostik mərkəz tikilib. Gözəl məhkəmə binası tik - içində ədalət olmasın, əla məktəb inşa et - içində təhsil olmasın, möhtəşəm xəstəxana tik - içində sağlıq olmasın – bu, inkişaf, keyfiyyət dəyişikliyi deyil, vizual "optik" yalandır, kəmiyyət gösrəcisidir..."

NUH informasiya agentliyi səhifəsindən çap edilib