Dərc edilib: 17-03-2021

https://www.nuh.az/28231-.html

“AMAY Abdulla” məhkəməyə verildi

17.03.2021 15:54:01

LIVE

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "A.M.A.Y Holding” MMC-ni məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. 
Martın 29-na hazırlıq iclası təyin edilib. İşin mahiyyəti barədə detallı bilgi olmasa da, "A.M.A.Y Holding”in vergi mübahisəsinə görə məhkəməyə verildiyi güman edilir. 
"A.M.A.Y Holding” MMC-nin qanuni təmsilçisi Səbuhi Budaqov olsa da, şirkət Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan, "AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. 
"AMAY Abdulla” 2014-cü il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində işə cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.
İstintaqın məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə əsasən, vəsait ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan "Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə, "AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərclənib. 
Abdulla Abdullayev bu ittihamlarla 13 il müddətinə azadlıqdan məhrum edilsə də, 2 il sonra azadlığa çıxıb. 
Bəzi iddialara görə, "AMAY Abdulla”nın hədəfə gəlməsi sahibi olduğu şirkətlə bağlıdır. Ondan şirkəti təhvil vermək tələb edilib, lakin iş adamı razılıq verməyib. 
Başqa məlumatlarda isə, Abdulla Abdullayevin oyun qaydalarını pozduğuna görə cəzalandırıldığı bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib