Dərc edilib: 22-03-2021

https://www.nuh.az/28272-.html

“Lotu Bəxtiyar”la “Masallı Mamed”i birləşdirən tale

22.03.2021 01:42:26

Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı “qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır
 
21 mart, Novruz bayramı... 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan Bəxtiyar Kərimov (“Lotu Bəxtiyar”) doğulub. Ondan bir il sonra “Masallı Mammed” kimi məşhurlaşacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı “qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də dünyalarını həbsdə və dəyəsən, zəhrimar qaraciyər şişindən dəyişib. Amma bu da son bənzərlik deyil. “Masallı Mamed” Bəxtiyar dünyaya gələn doğma torpağında dəfn olunub: 21 martda....
 
***
Bəxtiyar Kərimov 1959-cu ilin martın 21-də Novxanıda anadan olub. 1976-ci il İyul ayının 22-də 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib. Bununla da əfsanəvi “Lotu Bəxtiyar”ın həyat macərasının təməli qoyulub. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığına görə onun cəza müddətinə 3 il də əlavə olunaraq, Rusiyanın Vladmir şəhərindəki "Vladimirski Sentral" türməsinə (qapalı rejim) etap olunub. Orada bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan “Vasya Brilyant” ləqəbli Vasili Babuşkin və digər “qanuni oğru” Nikolay Yakutenko tərəfindən “qanuni oğru” adı alıb. 1983-cü ildə azadlığa buraxılıb.
 
 
İkinci dəfə 1985-ci ilin iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 1992-ci il iyul ayının 15-də bəraət alaraq azadlığa buraxılıb.
 
Dördüncü dəfə 1994-cü il dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunub. Həbs olunmasına baxmayaraq, ona cəza müddəti təyin edə bilməyiblər. Nəhayət, 2 ildən sonra 1996-cı il mart ayının 3-də onu 3 il müddətinə azadlıqdan məhrum ediblər. 1997-ci il mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il cəza kəsiblər.
 
1998-ci il aprel ayının 6-da Bakı şəhərindəki 13 saylı kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat edib.
 
***
 
1960-cı ilin noyabr ayının 4-də Masallıda dünyaya gələn Məmməd Hüseynov orta məktəbdə davakar kimi tanınıb. 1978-ci il, 19 yaş, Bakı. Tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə “vışka” təhlükəsi yaradır. “Vışka” ən ağır cəza-ölüm hökmü demək idi...Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə “krıtı”da çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.
 
Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc ağır rejimli başqa bir sovet həbsxanasına - Qroznıya etap edilir..... Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə (“Dağlı Cavaşir”) birgə cəza çəkməli olur. Məmmədlə həbsxanada rastlaşanda “Dağlı Cavanşir” hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi.
 
 
Məmməd burada Cavanşirlə dostlaşır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki “Sentral” həbsxanasına olur. Məmməd burada kriminal qaydalar tətbiq edir, “obşak” yaradır və “vəziyyət”ə (“polojeniya”) nəzarət edir.
 
1992-ci ildə mart ayında azadlığa çıxanda artıq o, “Mamed Masallınski” kimi tanınan avtoritet idi. 1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar “qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən “qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir.
 
1995-ci ildə Sabirabada “qanun oğru” Hikmət Muxtarovun -"Sabirabadlı Hikmət"in toyunda “Lotu Bəxtiyar” təklif edir ki, məhz həmin gün “Masallı Mamed”lə “Dağlı Cavanşir”ə kriminal aləmdə haqq etdikləri “tac” verilsin. Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə “qanuni oğru” adın onun özünə böyük qardaş hesab etdiyi Mamedə versinlər. Toydan bir neçə gün sonra Bakıda əvvəl “Masallı Mamed”, sonra isə Cavanşir “qanuni oğru” adı alır.
 
***
 
Son illər Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən “Sabirabadlı Hikmət”in dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması müzakirəyə çıxarılıb.
Elə həmin il “Masallı Mamed” üzərində “Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.
 
 
2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn “qanuni oğru” narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və 3 il müddətinə azadlıqdan məhrum edilir.
 
O, nüfuzlu avtoritet kimi “srok”unu Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə “Masallı Mamed” 1 saylı həbsxanaya göndərilir.
 
Məlumatlara görə, təcridxanada olduğu müddətdə səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma “zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir. Yaxınlarının mətbuata verdikləri məlumata görə, “Masallı Mamed”in ölümünə səbəb ya serroz, ya da qəfil beyninə qan sızması olub.
 
Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan “oğru” ideyasına sadiq oldu.
 
“Masallı Mamed”i azərbaycanlı “qanuni oğru”ların sonuncu moğikanı hesab edənlər də vardı. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi.
 
Martın 20-də “Masallı Mamed”in vəfatının 10-cü ili tamam oldu. Onun dəfnində yaşanan izdiham isə hələ də danışılır...(Musavat.com)

NUH informasiya agentliyi səhifəsindən çap edilib