Dərc edilib: 25-03-2021

https://www.nuh.az/28304-.html

“Müharibədə heç-heçə olmur, kimsə qələbə çalmalıdır...”

25.03.2021 09:26:50

Maraqlı

“Mən dustaqların, cərimə rotasının komandiriydim. Onlarla birgə döyüşə gedirdim...”
 
“Tariximizi saxtalaşdırmağa çalışan erməni alimləri ilə 1965-ci ildən mübarizə aparmaqdayam...”
 
Bu günlərdə daha bir həmkarımız şair, jurnalist, yazıçı və publisist Azər Abdulla koronavirus bəlasından dünyasını dəyişdi.
Qısa tanıtım: 
Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Meğri mahalının Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi  yediillik məktəbində, sonra qonşu kəndin orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirib (1962-1967).
 
Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışıb. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi.
 
"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
 
1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi(1987)  olub. Dövri mətbuatda şeir, hekayə, publisistik yazı və müsahibələrlə müntəzəm çıxış edib.
Azər Abdulla 2021-ci il martın 20-də koronavirusdan dünyasını dəyişib. Xırdalan qəbiristanlığında dəfn olunub.
 
Son illər Moderator.az-da rəhmətlik tanınmış qələm adamının 1990-cı illərin əvvəllərində Heydər Əliyev, Əbülfəz Elçibəy, Ziya Bünyadov kimi məşhur şəxsiyyətlərimizlə obyektivlik, tərəfsizlik ruhlu müsahibələrindən aktuallığını bu gün də itirməyən maraqlı parçaları təqdim etmişik. Bu dəfə də mərhumun xatirəsini anmaq üçün 24 il öncə terrorun qurbanı olmuş rəhmətlik milli qeyrətli akademik, Ziya Bünyadovdan 1990-cı ildə götürdüyü müsahibəsindən daha bir parçanı nəzərinizə çatdırırıq:
 
- Ziya müəllim, siz Böyük Vətən Müharibəsində igidcəsinə vuruşub Sovet İttifaqı Qəhrəmanı kimi qayıtmısınız, sonrakı bütün ömrünüzü isə elmə sərf etmisiniz, akademik adına layiq görülmüsünüz.  Yalnız Azərbaycanda, İttifaqda deyil, dünyada tanınmış adlı-sanlı alimlərdənsiniz. Siz igid, qəhrəman kimi daha çox fəxr edirsiniz, yoxsa görkəmli tarixçi, akademik Ziya Bünyadov kimi? Sizcə, qəhrəman olmaq çətindir, yoxsa akademik?
 
- Heç kəs deyə bilməz ki, mən şüurlu qəhrəman olmuşam. Müharibə zamanı yollarda plakatlar vardı. Uşaq şəkli təsvir edilmişdi, barmağını tamaşaçıya tuşlamışdı: “Mənim atam qəhrəmandır, bəs sən?”, yaxud “Ey əsgər, Vətənin müdafiəsində sən nə etmisən?”. Orden, medal barəsində heç kəs düşünmürdü. Əsas məqsəd düşməni endirmək, qələbə çalmaq idi. Axı, müharibədə heç-heçə olmur, kimsə qələbə çalmalıdır. Kim də desə “qorxmuram” –yalandır. Qorxu var, bir də qorxunun üstündən keçmək. Əgər mən komandirəmsə, gərək əsgərlərimə nümunə olam. Əgər mən qorxsaydım, onda necə olardı? Mənim borcum olmasa da, həmişə öndə gedirdim.  Mən dustaqların, cərimə rotasının komandiriydim. Mən onlarla birgə döyüşə gedirdim. Ona görə də xətrimi çox istəyirdilər...
 
Ancaq biz hamımız şahmat oynasaq da, qrosmeyster deyilik.  3-5 dərəcəli səviyyəsində oynaya bilərik. Bu, Allah vergisidir. Elm də elədir. Əgər təbiətdən verilibsə, sən alim olacaqsan.  Yoxsa zorla olan iş deyil. Gündə 3-4 kitaba baxmasam, özüm üçün nəsə qeyd eləməsəm, dayana bilmərəm. İş yerimdə bir işlə, evdə başqa bir işlə məşğul oluram, onlardan başqa ehtiyatda da başqa işlərim olur. Hələ gözlənilməz işlər də ortaya çıxır. Məsələn, bilirəm ki, hardasa mənim də əleyhimə  bir təhqiramiz yazı çap olunur. Mən də ona cavab yazmalı oluram.  Bəzi şeylər mənim ixtisasımla bağlı olmasa da, yazıb həqiqəti sübut eləməyi özümü borc bilirəm. Bizim tariximizi saxtalaşdırmağa çalışan erməni alimləri ilə 1965-ci ildən mübarizə aparmaqdayam...”
 
Azər Abdulla, "Onlar qəmli idi...", 2007.,  səh.71-72
 
Allah həm müsahibə, həm də jurnalistə rəhmət eləsin!..
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib