Dərc edilib: 11-04-2021

https://www.nuh.az/28465-.html

Rusiya həm Ermənistanı, həm də Azərbaycanı qarışdıracaq..

11.04.2021 11:41:43

Müsahibə

“Amma artıq vəziyyət tamamilə dəyişilib, oyunçuların sayı çoxalıbdır... Odur ki, Kreml Güney Qafqazda da əvvəlki kimi birmənalı, maksimalist siyasət apara bılməyəcək...”
 
Robert Köçəryanın son Moskva səfəri, Putinlə telefon danışığında məsləhətləşmədən sonra  “1-ci kanal”da Poznerə müsahibəsinin ardınca Ermənistan baş naziri Paşinyanın Rusiya lideri ilə görüşü,  daha sonra  Azərbaycan torpaqlarındakı sülhməramlı sayılan hərbi qüvvələrin komandanının Bakıdan İrəvana uçduğu təyyarədən ermənilərin dünyaya “hərbi əsir” kimi sırıdığı” terrorçuların  düşməməsinin qəsbkar ölkənin Müdafiə Nazirliyi ətrafında yaratdığı gərginlik... Görəsən, bütün bu əndrəbadi olaylar fonunda Ermənistandakı seçkiöncəki proseslər hansı istiqamətdə inkişaf edəcək? Putin kimə “stavka” edəcək, Moskva telekanallarında təbliğatını başlatdığı dostu – İrəvan klanının düşməni olan Qarabağ klanının nümayəndəsi Köçəryana, yoxsa ABŞ-ın  Qərbin də dəstəklədiyi, “Sorosun adamı”  sayılan, eyni zamanda müxalif partiyaların azsaylı elektoratı,  həlak olmuş və itkin hərbçi valideynləri və evsiz qalmış bir qrup Azərbaycandan köçmüş ermənilər istisna olmaqla Ermənistan əhalisi tərəfindən kütləvi və ciddi təpki göstərilməyən Paşinyanı?..
 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını Azərbaycan Atlantik Əməkdaşlıq  Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər  cavablandırıb. 
 
-Sülhəddin bəy, necə hesab edirsiz, son hadisələr fonunda Ermənistanda seçkilər öncəki durum bundan sonra  daha da gərginləşəcək, yoxsa? 
 
-Ermənistanda seçkiöncəki vəziyyət onsuz da gərgindir. Və heç şübhəsiz, bu vəziyyət getdikcə gərginləşəcək. Məğlub bir ölkədəki situasiyanı da nəzərə alsaq, hər cür olaylar, eksseslər gözləmək olar. Amma aydındır ki,  hadisələrin inkişafında fövqəladə bir dəyişiklik olmazsa,  Ermənistanda Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə seçkidən qalib çıxacaqdır. Fəqət, seçkiyədək hansı olayların olacağını söyləmək çətindir. Çünki Ermənistanın özündə də, Azərbaycanın Rusiya və erməni birləşmələrinin nəzarətində qalan ərazisində də müxtəlif təxribatlar, gözlənilməz gedişlər ola bilər.  Eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərində üçtərəfli razılaşmanın həyata keçirilməsi ilə bağlı məsələlər də xarici müdaxiləyə açıqdır. Sözsüz ki, Rusiya da prosesi yaxından izləyəcək. Eyni zamanda Paşinyanın arxasında olan xarici qüvvələr də... 
 
Təbii ki, hər  zaman dediyim kimi, yenə o fikirdə qalıram ki, müharibədə məğlub olan, amma  10 Noyabr siyasi razılaşmasına əməl edilməsinin vacib olduğunu bildirən, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarı olan Paşinyanın seçkidə  qalib gəlməsi bizim də, Türkiyənin də maraqlarına cavab verir. Bunu Rusiya da yaxşı anlayır.  Kreml eyni zamanda onu da başa düşür ki,  bu seçkidə Paşinyan qalib olacaq və onun arxasında həm ABŞ, həm Avropa Birliyi dayanır. Ona görə də seçkilər geo-siyasi qarşıdurma fonunda keçəcək.  Rusiya yaxşı bilir ki, tərəfdarları seçkilərdə qalib gələ bilməyəcək. Ona görə də çalışacaq ki. tərəfdarları mümkün qədər çox səs toplasın və parlamentdə daha geniş koalisiya ilə təmsil olunsun... 
 
-Kremlin əvvəllər olduğu kimi, yenə də seçkilər öncəsi İrəvanda Paşinyana qarşı və ya Qarabağda təxribat-filan törətmək ehtimalı varmı?
 
-Hesab edirəm ki, Moskva daha da irəli getsə, yəni dediyiniz kimi, Paşinyana qarşı seçkiyə qədər və ya seçkidən sonra hansısa təxribat, terror törədilməsi, hərbi qiyam cəhdi etsə də, sonuc nəticə etibarilə Rusiyanın əleyhinə işləyəcək. Yəni Kreml Moldova, Ukrayna, Gürcüstanı necə itirdisə, Ermənistanı da elə itirə bilər.  Və  Moskva yaxşı anlayır ki, Ermənistanda əhali arasında ən çox tərəfdara malik olan siyasi lider Paşinyandır, siyasi qüvvə də onun başçılıq etdiyi “Mənim addımım” blokudur...  
 
-Yəni belə çıxır ki, Putin dostu Köçəryanın seçkilərdə qalib gəlmək şansının çox az olduğunu anlayır, amma buna rəğmən Paşinyan iqtidarını, o cümlədən Azərbaycanı mümkün qədər təzyiq və təsir altında saxlamaq üçün onun təbliğatını gündəmdə saxlayır? 
 
-Xeyr. Zənnimcə, məsələ yalnız bunda deyil.  Rusiya kəşfiyyatı da, siyasi texnoloqları da Ermənistandakı real vəziyyəti bilir və Putinə ikili oyun oynamağı tövsiyə edirlər. Yəni, deyirlər ki, bir tərəfdən  Köçəryan başda olmaqla Rusiya tərəfdarlarını maksimum müdafiə etməliyik; açıq və gizli, yaxud yarıaçıq, yarı gizli. Paşinyanla isə ipləri qoparmamalıyıq. Çünki Paşinyanın seçkidən qalib qüvvə kimi çıxmaq ehtimalı böyükdür. Ona görə də  Kreml və Putin ikili oynamağa məcburdur...
 
-Sözsüz ki, Ermənistanda  Köçəryan, Qarabağ klanı yenidən hakimiyyətə yiyələnsə, Azərbaycanın qalib gəldiyi savaşdan sonra  revanşizm nümayiş etdirən  bu qüvvələr  hakimiyyətdə duruş gətirmələri üçün xeyli müddət nə Qarabağda sülh yaratmağa, nə də Zəngəzur dəhlizinin – Naxçıvana yolun açılmasına imkan verməməyə məcburdur. Bu da 10 Noyabr razılaşmasının əsas qarantı kimi Rusiyanın, o cümlədən Putinin şəxsi nüfuzuna, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi xələl gətirəcək. Yəqin ki, Rusiya lideri bu amilləri də nəzərə alır?
 
-Təbii ki, Köçəryan kimilər Rusiyanın zombiləridir və əgər onlar hakimiyyətə qayıdarlarsa, Azərbaycan da Qarabağ məsələsində, dəfələrlə dediyimiz kimi, sıfır nöqtəsinə  qayıdacaq.  Və bu halda  üzərindən 30 il vaxt keçsə də, Rusiya yeni strateji şəraitə və şərtlərə uyğun olaraq  Qarabağ ssenarisini işə salmaqla və  “5-ci kalon”dan yararlanmaqla həm Ermənistanı, həm də Azərbaycanı qarışdıracaq... 
 
Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın da vəziyyəti əvvəlki kimi birmənalı və asan deyil. Ona görə də Rusiya yalnız Ermənistanla deyil, Azərbaycanla da ikili oynamağa çalışır. Yəni Moskva Azərbaycan və Türkiyə ilə münasibətləri də nəzərə almağa məcburdur. Artıq Türkiyə faktoru Güney Qafqazda geopolitik bir gerçəklikdir. Yəni o baxımdan dediyiniz məsələlər yalnız Ermənistanla bağlı məsələlər deyil... Bütövlükdə  regionla, bir az da genişləndirsək, ABŞ və Avropa Birliyi ilə münasibətlərlə bağlı tərəfləri də var. Bilirsiz ki, bu regional münaqişə artıq çoxdan beynəlmiləlləşib. Burada  ABŞ, Türkiyə, AB, NATO-nun da maraqları var. Hələ mən Böyük Britaniya, Pakistan, İsrail kimi oyunçuları demirəm... Bir sözlə, Rusiya ilə bağlı bu və ya digər məsələlərdən danışarkən keçmiş paradiqmalardan çıxış etmək olmaz. Bu, yanlış olar. Vəziyyət tamamilə dəyişilib, oyunçuların sayı çoxalıbdır və Rusiya da yeni geo-siyasi situasiyanı nəzərə almağa  məcburdur... Odur ki, Kreml Güney Qafqazda da əvvəlki kimi birmənalı, maksimalist siyasət apara bılməyəcək...
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib